Məhkəmə qərarları › İş №2(060)-1352/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1352/2025

03.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1352/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent kodu **********00126 olan ünvan 1 ünvanına dair əsasız olaraq hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanmda yerləşən 1812P saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən həmin fərdi yaşayış evinə dair 1555 manat 20 qəpik məbləğində əsassız olaraq borcun hesablanması ilə bağlıdır. Qeyd edir ki, borcdan qəti olaraq xəbəri olmamış, sayğac başqa şəxsin adına olduğundan öz adına rəsmiləşdirmək istəyən zaman borcun olduğunu bilmişdir. Cavabdeh borcu belə əsaslandırmışdır ki, guya sayğacın element qapağına vurulan plomblarda kənar təsir izləri var, LCD ekran işlək deyil, sayğacm element qapağı tərəflərindən açıldı, sayğacın elementinin naqili öz yuvasından çıxarılıb, xx.xx.2022-ci il tarixə elektron göstərici 2471 m3 olmuşdur, giriş boruda olan dəmir setka kənar təsir nəticəsində sındırılıb, sayğacın elektron göstəricisi hesabat aparmır, sayğac mənfiyə işləyib, istismara yararsızdır. Qeyd edir ki, sayğac evdən kənarda quraşdırılmışdır və həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin üzərinə düşür. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim onun xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda necə ola bilər ki, sayğacın görünən hissəsinə müdaxilə etsinlər? Bildirmək istəyir ki, onun iştirakı təmin edilmədən sayğaca laboratoriyada baxış keçirilmiş və yuxarıda qeyd olunan nəticəyə gəlib çıxmışdırlar. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilib ki, guya sayğaca müdaxilə edilib. Bunu nə ilə sübut edirlər? Nə ilə sübut edirlər ki, sayğaca məhz onların tərəflərindən müdaxilə edilmişdir?Yuxarıda qeyd etdiyi kimi sayğac çöldə quraşdırılmışdır və məsuliyyəti o halda ona aid olardı ki, sayğac onun həyətində quraşdırılardı. Bəlkə qonşu müdaxilə edib? Ya da yoxlama keçirilən zaman özləri tərəfindən müdaxilə edilmişdir? Ya sayğac yoxlamaya aparılan zaman yolda zədə görmüşdür? Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafıq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, özbaşına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. Qeyd etmək istəyir ki, aylıq ödənişlər daim tərəfindən vaxtı-vaxtmda ödənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda yaşadığı mənzili 2020-ci ildə almışdır. Onun mənzilinə aktın tərtib edilməsi və borc hesablanması barədə ödəniş edərkən xəbərdar olmuşdur. Bir daha qeyd edir ki, o, sayğaca heç bir müdaxilə etməyib. Sayğac həyətdən kənarda yerləşir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddia tələbini qəbul etmir. Sistemdə çıxan saldolar başqa şəxsin adınadır. Sayğaca müdaxilə ilə əlaqədar tərtib edilən akt evin keçmiş sahibi tərəfindən imzalanıb. İddiaçı belə bir borcun olmasından xəbərdar olub. Qeyd edir ki, sayğaca əməkdaşları tərəfindən baxış keçirilib və baxış zamanı qüsurlar aşkar edilib. Belə ki, sayğac hesabat aparmır və istifadəyə yararsızdır, sayğac mənfi hesabat aparır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1812 P 9 ünvanında X1 adına açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 1555.20 manat borc hesablanmışdır. 7.İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1812 P ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 12960 m3 (müəyyən edilmişdir. 8.İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın element qapağına vurulan plomblarda kənar təsir izləri var, LCD ekran işlək deyil, sayğacın elementinin naqili öz yuvasından çıxarılıb, xx.xx.2022-ci il tarixə elektron göstərici 2471 m3 olmuşdur, giriş boruda olan dəmir setka kənar təsir nəticəsində sındırılıb, sayğacın elektron göstəricisi hesabat aparmır, sayğac mənfiyə işləyib. 9.İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1812 P xüsusi mülkiyyət hüququ üzrə İddiaçı qıznın adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1812 P ünvanında quraşdırılmış qaz sayğacına sayğacın element qapağına vurulan plomblarda kənar təsir izlərinin olması, LCD ekranın işlək olmaması və digər qüsurlarla əlaqədar cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında mənzilə 1555.20 manat borc hesablanmışdır.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 12.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 13.Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 14.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir(4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.(4.9). 16.Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. 17.Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 18.Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 19.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 21.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1812 P ünvanına (abonent kodu: **********00126) hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. 22.Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə hissəsi: 23.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi 1812 P ünvanına (abonent kodu: **********00126) hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar