Məhkəmə qərarları › İş №2(060)-136/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-136/2024

11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-136/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 968.47 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Hal-hazırda da həmin ünvanda ailə ilə birlikdə yaşayır. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə cavabdeh "xxxx" ASC tərəfindən 968.47 manat məbləğində borc hesablanmışdır. O bununla bağlı cavabdeh "xxxx" ASC-yə müraciət edərək, həmin borcun hansı əsaslarla yarandığını öyrənmişdir. Oradan ona bildirilmişdir ki, guya sayğaca müdaxilə olunmuşdur. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Ona yazılan cərimə əsassız olaraq yazılmışdır. O elektrik enerjisindən istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Lakin cavabdeh "xxxx" ASC tərəfindən ona bildirilir ki, onun 968.47 manat borcu vardır. Onun cavabdeh "xxxx" ASC-yə heç bir borcu yoxdur. Ona görə də hesab edir ki, əsassız olaraq hesablanmış borc silinməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəf iddia edir ki, guya iddiaçı tərəf kənar xətdən istifadə etmiş və buna görə də akt tərtib olunmuşdur. Lakin bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Yalnız video görüntü təqdim olunmuşdur ki, həmin video görüntüdə də hər hansı bir kənar xətt müəyyən olunmur. Əksinə iddiaçı tərəf olaraq onlar da video görüntü təqdim etmişlər. Həmin video görüntüdən görünür ki, iddiaçı tərəf evində olan və toka qoşulan bütün elektrik avadanlıqlarını qorumaq məqsədi ilə YUPS-dən istifadə edir və həmin cihaz da müəyyən müddət özündə elektrik enerjisi saxlayır ki, bu da hər kəsə məlum olan bir cihazdır. Bu cihazın evdə olması və kondisionerin həmin cihaza qoşularaq işləməsi o demək deyil ki, iddiaçı tərəf kənar xətdən istifadə etmişdir. Cavabdeh orqan tərtib etdiyi aktın doğruluğunu sübuta yetirməlidir. Bu MPM-nin tələbidir. Yəni təqdim etdikləri video görüntü mötəbər sübut deyil. Kənar xəttin mövcud olması sübuta yetirilməlidir. İddiaçı tərəf olaraq onlar iddia tələbinin əsası kimi istinad etdikləri halları sübuta yetirmişlər. Lakin cavabdeh tərəf öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki aktın doğruluğunu sübuta yetirmək onların borcudur. Qeyd edilənlərə əsasən, məhkəmədən məhkəmə iclasında onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, abonent haqqında çıxarışın ikinci vərəqində bağlanan aktlar qrafasında göstərilmişdir ki, məbləğlərin ümumi göstəricisi 1223 manat 91 qəpikdir. Bu məbləğin 253 manat 51 qəpik məbləği inteqrasiya dövr borcu, 1 manat 80 qəpik limitdən artıq sərfiyyat, xx.xx.2023-cü il tarixdə 033476 saylı akt əsasında 13 qəpik limitddən artıq sərfiyyat kimi 664 manat 30 qəpik isə kənara xəttə aid olan məbləğdir. 9 qəpikdən 109 manat 53 qəpik, 8 qəpikdən 194 manat 64 qəpik, xx.xx.2023-cü il tarixdə limitdən artıq sərfiyyat isə 26 qəpik olmuşdur. Ümumillikdə aktlar üzrə 1223 manat 91 qəpik məbləğdir. Kənar xətt üzrə sadəcə bir akt tərtib olunmuşdur. Onun əsasında da hesabat aparılmış və 968 manat 47 qəpik məbləğ hesablanmışdır. Yerdə qalan məbləğ isə inteqrasiya dövr borcu kimi 253 manat 51 qəpik olmuşdur. Aktlar üzrə borcdan isə ödəniş etmiş və 986 manat 81 qəpik borcu qalmışdır. Hazırki halda mübahisləndirdiyi akt üzrə 237 manat 10 qəpik ödəniş etmişdir. 253 manat 51 qəpik "xxxx" ASC-yə aid olmayan borcdur. Belə ki, barmek dövrünə aid olan borc məbləğidir. Borc olduğuna görə yeni müqavilə bağlanılmır, eyni zamanda da addan-ada keçirdə bilmir. Ödəniş edilmədiyi üçün borc məbləği artmış və 997 manat olmuşdur. Birinci məhkəmə iclasında bildirmişlər ki, kondisioner onlara məxsus deyil, lakin sonradan təsdiq etmişlər ki, kondisioner həqiqətən onlara məxsusdur. Akt tərtib olunan zaman qapılar döyülür. Lakin abonentin özü də çıxıb hər hansı bir münasibət bildirmir. Qarşı tərəfin özünün "xxxx" ASC-yə müraciəti olmuş və baxış keçirmişlər. Kənar xəttlər aşkar olunan kimi avtomatik ləğv olunur və kənar sxem bərpa olunur. Sxem bərpa olunduqdan, kənar xətt ləğv olunduqdan sonra onlar müraciət etmişlər. Əməkdaşlar yenidən baxış keçirmiş və 033476 saylı akt əsasında sayğaca baxış keçirilmiş, kənar xətt aşkar olunmamışdır. Həmin an həmin xətti ləğv edirlər. Ekspertlər həmin rəyə görə verə bilmir ki, xətt ləğv olunubsa yenidən baxış keçirilməyin nə mənası vardır? Xəttlər ləğv olunmuşdur. Orada xətt yoxdursa, həqiqətən kənar xətdən istifadə olunmuşdur. Məhkəmə Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Xaçmaz rayonu, Muxtardır kəndində xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər 4-cü məhəllə küçəsində yerləşən 2 otaqlı yaşayış sahəsi 2740 kv.m, köməkçi sahəsi 1740 kv.m-dan ibarət olan ev 21/24, mənzil 1 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 31 mart 2022-ci il tarixli müqavilə əsasında vətəndaş İddiaçı adına qeydə alınmışdır. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev(Bina):0440, mənzil:0374 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Həmin aktın bağlanan aktlar qrafasından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə inteqrasiya dövr borcu 253.51 manat, yeni tarif fərqi 0.13 qəpik, xx.xx.2017-ci il tarixdə limitdən artıq sərfiyyat 1.80 manat, xx.xx.2023-cü il tarixlərdə EİQ pozulması 109.53 manat, aktın yeni tarifi 194.64 manat, EİQ pozulması 664 manat 30 qəpik məbləğlər hesablanmışdır. "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinə əlavə edilmiş sübutların təqdim edilməsi barədə vəsatət ilə müraciət edərək, məhkəmədən İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əlavə olunmuş sübutların surətinin cavabdeh "xxxx" ASC-yə təqdim edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 50-01/385 nömrəli, xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, İddiaçı ünvan 3 ünvandakı mənzil məlumat bazasında xx.xx.2000-ci il tarixində **********00374 kodla qeydiyyata alınmışdır. Abonentin mənzilinə xx.xx.2007-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirərkən kənar xətt aşkar etmişlər. Kənar xətt vasitəsi ilə iki ədəd kondisionerin qidalandığı məlum olmuşdur. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”-na uyğun olaraq, xx.xx.2023-cü il tarixdə 033476 saylı aktla rəsmiləşdirilmişdir. İtirilmiş enerjisinin bərpası məqsədi ilə akta görə 8760 kvts (968.47 AZN) sərfiyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Mənzilin xx.xx.2023-cü il tarixinə enerjitəchizatı təşkilata 986.81 manat borcu vardır. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 033476 nömrəli aktdan görünür ki, mənzilə məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, kənar xətt vasitəsi ilə iki ədəd kondisioner qidalandırılır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, iş üzrə mülki işin icraatı isə dayandırılmışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10177 nömrəli ekspert rəyi və mülki iş məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2024-cü il tarixli, 9/10177 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə dair sayğac göstəriciləri ilə bağlı “Abunə haqqında” məlumatların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “sayğac oxunması” zamanı yaranmış borc məbləği 957,21 manat, aktlar üzrə borc məbləği 1223,91 manat, cavabdeh tərəfindən edilmiş ödənişlər 1194,31 manat və qalıq borc məbləği isə 986.81 manat müəyyən edilmişdir. Bildirilmişdir ki, ekspert qarşısında qoyulmuş birinci sual üzrə elektrik sayğacına müdaxilənin olub-olmamasının müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmadığından borc məbləğinin müəyyən edilməsi hazırki tədqiqatla yalnız ikinci sual üzrə “Abunə haqqında” cədvəldə (C.İ.V-36) qeyd edilən sayğac göstəricilərinə əsasən aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə işin baxılma müddətinin 2 ay uzadılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə baxılmasının 11 mart 2024-cü il tarixinə, saat 12:10-a təxirə salınması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 "xxxx" ASCnin elektron məlumat bazasında **********00374 saylı kod üzrə qeydiyyata alınmışdır. İddiaçı 968,47 manat borcun silinməsini tələb etsə də, abunə haqqında arayışın bağlanan aktlar bölməsində “inteqrasiya dövrü borcu” hissədə 253.51 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, 253.51 manat borc məbləği əsassız hesablandığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, kənar xəttin olması video-görüntü əsasında sübut olunmuşdur. Qalan 714,96 manat (968,47 manat – 253,51 =714,96) cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanına dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 253.51 (iki yüz əlli üç manat əlli bir qəpik) manat məbləğində borc **********00374 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 (saldo üzrə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev(Bina):0440, mənzil:0374) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 253.51 (iki yüz əlli üç manat əlli bir qəpik) manat məbləğində borc **********00374 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar