Məhkəmə qərarları › İş №2(060)-1378/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1378/2024

28.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1378/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən ünvan 1 ünvanda yaşayır. Həmin ünvan üzrə pasport qeydiyyatındadır. İddiaçının yaşadığı otağa cavabdeh təşkilat tərəfindən su sayğacı quraşdırılmamış və hər dəfə iddiaçıdan cavabdeh təşkilatın nümayəndələri tərəfindən sudan istifadə ilə bağlı ödənişlər alınmışdır. İddiaçı ilə bir ünvanda qızı X2 da qeydiyyatda olmuş, lakin xx.xx.2015-ci ildə Ağstafa rayonu Sadıqlı kəndinə qeydiyyata düşmüşdür. İddiaçı qızının bu mənzildə qeydiyyatda olmaması barədə rəsmi arayışı cavabdeh qurumun nümayəndəsinə təqdim etmiş və bildirmişdir kı, yaşadığı mənzilə su gəlmir. Lakin buna baxmayaraq, cavabdeh orqan tərəfindən iddiaçıya 707 manat məbləğində borc yazılmış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli kəsim aktı təqdim olunmuşdur. İddiaçı bu borcun hansı hesablama əsasında aparıldığını soruşduqda iddiaçıya məlum olmuşdur ki, qızı 2015-ci ildən qeydiyyatdan çıxsa da, onun adına adamsayı hesabı ilə hesablamalar aparılmışdır. Bundan başqa, iddiaçının yaşadığı mənzilə **********521 saylı kod verilsə də, su sayğacı quraşdırılmamış və bu hesablama təxmini qaydada aparılmışdır. İddiaçı bu yataqxanada yaşadığı müddətdə normal qaydada su verilməmiş, günlərlə suya həsrət qalmış, bu gün də bu problem davam edir. Belə hesab edir ki, cavabdeh təşkilat tərəfindən əsassız hesablama aparılmış və borcu olmadığı halda hesablanmış 707 manat su sərfiyyatı və kanalizasiya xidmətlərinə görə borc silinməlidir. Göstərilənlərə əsasən İddiaçı adına olan **********521 saylı kod üzrə Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 2-ci paralel küçə, yataqxana 11, otaq 52a-ya əsassız hesablanmış 707 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Cavabdeh ASC-nin ətraflı abonent kartından görünür ki, ünvan 2 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə Cavabdeh ASC-yə 727,25 manat məbləğində borc mövcuddur.

7. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 61 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır.xx.xx.2015-ci il tarixdən etibarən tək yaşayır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 535 nömrəli arayışdan görünür ki, X2 xx.xx.2015-ci ildən Sadıqlı kəndində qeydiyyatdadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 İddiaçı istifadəsindədir. Cavabdeh ASC tərəfindən həmin ünvana su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. İddiaçı xx.xx.2015-ci ildən həmin ünvanda tək yaşayır. İddiaçıya məxsus ünvan üzrə 2 nəfər ailə tərkibi nəzərə alınmaqla borc hesablanmış, bu səbəbdən də istifadə edilən xidmətlərə görə artıq sərfiyyat qeydə alınmışdır. Hazırda iddiaçı əsassız hesablanmış borcun silinməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

12. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Bundan əlavə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hərhansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

15. Həmin Qərarın 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

16. Həmin Qərarın 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

17. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. İş materiallarından göründüyü kimi 2016-2024-cü illər ərzində abonentin ünvanına 727 manat borc hesablanmışdır. Həmin borc 2 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmışdır.

20. Halbuki, İddiaçı– 1 nəfər olmaqla 2015-ci tarixdən ünvan 1 ünvanında tək yaşayır.

21. Bundan əlavə, iş materiallarından göründüyü kimi **********521 saylı abonent kartı üzrə İddiaçı 727,25 manat borcun hesablanması göstərilsə də, iddia ərizəsində 707 manat borcun silinməsi tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

23. Belə olan halda, məhkəmə hesab edir ki, 707 manat borc 1 nəfər ailə tərkibi nəzərə alınmaqla, 353,50 manat (707/2= 353,50, 707-353,50=353,0) məbləğində müəyyən edilməklə, abonent hesabından silinməlidir.

24. Məhkəmə belə nəticə gəlir ki, ünvan 1 ünvanına hesablanmış borcun 353,50 manat hissəsi 2 nəfər ailə tərkibi nəzərə alınmaqla hesablandığından borc abonent hesabından silinməlidir.

25. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

26. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).

27. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanına hesablanmış 353,50 (üç yüz əlli üç manat, əlli qəpik) manat borc abonent hesabından (abonent kodu **********521) silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

29. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

30. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

31. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Nəticə hissəsi:

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanına hesablanmış 353,50 (üç yüz əlli üç manat, əlli qəpik) manat borc abonent hesabından (abonent kodu **********521) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar