Məhkəmə qərarları › İş №2(060)-1391/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1391/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1391/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00889-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2020-ci il tarixinə ödənilməmiş 3417.80 manat əsas borc və 10.06 manat faiz borcu olmaqla, cəmi 3427.86 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının Cavabdeh iddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli RPF-00889-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 3460 (üç min dörd yüz altmış) manat 40 (qırx) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt tətbiq etməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-01343-06/15U saylı, xx xxxxxxxx 2015 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxxxxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00889-16/19A saylı xx xxxxxxxx 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli RPF-00889-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 3460 (üç min dörd yüz altmış) manat 40 (qırx) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt tətbiq etməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış KP-01343-06/15U saylı xx xxxxxxxx 2015 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxxxxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan bildiriş məktublarının surətindən görünür ki, Cavabdeh kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı «Bank xxxx» ASC-yə 3417.80 manat əsas borc və 10.06 manat faiz borcu olmaqla, cəmi 3427.86 manat kredit borcu təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən məhkəmə belə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00889-16/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 3417.80 manat əsas borc və 10.06 manat faiz borcu olmaqla, cəmi 3427.86 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00889-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı «Bank xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 3417.80 manat əsas borc və 10.06 manat faiz borcu olmaqla, cəmi 3427.86 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar