Məhkəmə qərarları › İş №2(060)-1406/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1406/2022

11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1406/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı , Cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı akt nəticəsində yazılmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə 11 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı akt nəticəsində yazılmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB-nin tərtib etdiyi ******* saylı 23.11.2021-ci il tarixli aktda dəymiş ziyan kimi hesabladığı 448 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 130 (köhnə ünvanda 54C) saylı evin yerləşdiyi 144.6 kv.m torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. 02 noyabr 2021-ci ildə cavabdeh “Azəriqaz” istehsalat Birliyinin əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akt tərtib edilib. “Azəriqaz” İB 23 noyabr 2021-ci il tarixdə ******* saylı akt tərtib etmişdir. Həmin aktda göstərmişdir ki, 2 noyabr 2021-ci il tarixində dövlət yoxlaması zamanı sayğacın hesablama mexanizminin qoruyucu hissəsi kənar təsir nəticəsində deşilib. Buna görə ona 448 manat borc yazılıb. Qeyd edir ki, 02 noyabr 2021-ci ilə qədər mənzilində əvvəlki qaz sayğacı olub və həmin tarixə qədər həmin sayğac işləyib, sayğacın göstəriciləri əsasında o, təbii qaza görə haqq ödəmişdir. Əgər həmin sayğacda deşik olubsa, o halda o, həmin sayğacı necə işlədə bilərdi və mənzilinə təbii qaz necə gələ bilərdi? Digər tərəfdən, həmin sayğacda hansısa deşiyin olmasında onun hər hansı təqsiri yoxdur. Çünki qaz sayğacı evdən kənarda, çöldə quraşdırılıb və ona hər hansı müdaxilə edilibsə, bu onun təqsiri deyil. Onun təqsiri o halda ola bilərdi ki, sayğaca edilən müdaxilə nəticəsində əlavə qaz sərfiyyatı olsun və o, təbii qaz ödənişlərindən yayınsın. Lakin aktda sayğacda hansısa deşiyin olmasının sayğacın işləməsinə təsir göstərməsi qeyd edilməyib. Əgər sayğac işlək deyildirsə, həmin sayğac yeni qaz sayğacı ilə əvəz olunarkən, cavabdeh qurumun əməkdaşları bu faktı aşkar edə bilərdi və tərtib edilmiş Aktda bu barədə müvafiq qeyd apara bilərdilər. Aktdan görünür ki, orada belə qeyd aparılmayıb. Buna görə də cavabdehin ondan 448 manat tələb etməsi tamamilə qanunsuzdur. Digər tərəfdən qeyd edir ki, aktda göstərilib ki, guya o, akta imza etməkdən imtina etmişdir. Halbuki akt onun iştirakı olmadan tərtib edilib və sonradan ünvanına göndərilib. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan fərdi yaşayış evinə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğaca müdaxilə edildiyi aşkar olunmamışdır. Buna görə də «Azəriqaz» İB tərəfindən 23.11.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 23.11.2021-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 2 ünvanında G-4 markalı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində deşildiyi qeyd edilmişdir. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, 54 C ünvanı İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25.12.2012-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 13.01.2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 4 ünvanında İddiaçı adına açılmış G-4 markalı, Zenner tipli **********3 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********116 nömrəli sayğacla əvəzlənmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 23.11.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 5 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 (432) müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 432 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 448 manat borcun silinməsini tələb etsə də iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 432 manat borc hesablanmıdşır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 6 ünvanına əsassız olaraq hesablanmış 432 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 6 (abonent kodu: **********02550) hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar