Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1406/2025 15.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hаkimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" X1rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" X1rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış obyektində su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə vurulmuş ziyan şəklində 4104 manat məbləğində pul vəsaitinin hesablanmasının əsassız olması və əsassız olaraq hesablanmış 4104 manat maddi ziyan məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Qeyd olunanlardan göründüyü kimi sahibkarlıq subyektləri ilə "xxxx" PHŞ arasında enerji təchizatından irəli gələn mübahisələrin istehlak mübahisələri olmaması səbəbindən mülki məhkəmə icraatı qaydasında deyil, kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Hazırki işdə də elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı vergi ödəyicisi olmaqla (VÖEN **********) fərdi sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir. Beləliklə, iddiaçının hazırda silinməsini tələb etdiyi borc məbləği sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilməsi nəticəsində yaranmışdır. Bu hal həmçinin iddiaçının iş materiallarına əlavə etdiyi “Abunə haqqında” arayış ilə də öz təsdiqini tapır. Belə ki, arayışdan görünür ki, sözügedən ünvanda “Avtoservis” fəaliyyət göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki işə kommersiya məhkəməsində baxılması üçün qanunvericilikdə tələb olunan üç əsasın, yəni subyekt tərkibi, hüquq münasibətinin xarakteri və mübahisənin predmetindən ibarət sadalanan meyarların bir-biri ilə qarşılıqlı bağlılığı olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, İddiaçı aidiyyət qaydaları və yuxarıda qeyd olunan tələblərə əməl etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" X1rşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №2(060)-1406/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1406/2025
15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver