Məhkəmə qərarları › İş №2(060)-1418/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1418/2024

14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1418/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının istifadəsi və sahibliyində olan (abonent kodu **********00010) Sumqayıt şəhəri, 13-cü mkr, 8 saylı evin 1 saylı mənzilinə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış 1095,02 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mkr, 8 saylı evin 1 saylı mənzili İddiaçı məxsusdur. Cavabdeh təşkilat olan Cavabdeh İB iddiaçıya məxsus ünvanda G-4 markalı **********8 saylı məişət sayğacını çıxararaq növbəti dövlət yoxlamasına göndərilməsi barədə akt tərtib etmişlər. Sayğac dövlət yoxlama laboratoriyasına göndərilib yoxlanaraq barəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və sayğaca baxış keçirilərkən guya onun hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə ayrılmış, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı və sayğacın istismara yararsız olduğu aşkarlanmışdır. Bu əsasla da yeni sayğacla əvəz ediməsini göstərərək itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, abonent saldosuna görə iddiaçının cavabdeh təşkilata 1095,02 manat borcu olduğu göstərilmişdir. Tələbnamədə dəymiş ziyanın əsası kimi xx.xx.2023-cü il tarixli akt götürülmüşdür. Bu aktın tərtib edilməsi və irəli sürülən tələb qanunauyğun deyildir və akt əsasında hesablanmış borc əsassızdır. Qaz sayğacı mənzildən kənarda yerləşdiryindən iddiaçı tərəfindən ona nəzarət edilməsi mümkün deyil. Ona görə də əsassız hesablanmış borcun silinməsini tələb edir. İddiaçı X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki iclasda iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiklərini qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək hazırkı iş üzrə laboratoriyadan verilən rəyə əsasən, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə ayrılmış, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı və sayğacın istismara yararsız olduğu aşkarlanmışdır və buna görə də 1036,8 manat cərimə hesablanmışdır. İddiaçının qeyd etdiyi qalan 58,4 manat isə iddiaçının qaz sərfiyyatı ilə bağlı olan məbləğdir. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə ayrılmış, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı aşkar olunmuşdur. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 8640 m3 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə ayrılmış, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında iddiaçıya cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X4 Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X4 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X4 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə ayrılmış, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığına görə itirilmiş qazın dəyərinin, habelə sayğaca görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Bununla yanaşı iddiaçı, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona yazılmış 1095,02 manat borcun silinməsini tələb edir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Sumqayıt şəhəri, 13-cü mkr, 8 saylı evin 1 saylı mənzilində **********00010 saylı abonent koduna akt əsasında 1036,80 manat borc yazılmışdır. İddiaçının silinməsini tələb etdiyi qalan 58,4 manat isə iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfiyyatı ilə əlaqədar məbləğdir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Məhkəmə qeyd edir ki, silinməli borc 1036,8 olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30,37 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 13-cü mkr, 8 saylı evin 1 saylı mənzilində **********00010 saylı abonent koduna xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036,8 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, 13-cü mkr, 8 saylı evin 1 saylı mənzilində **********00010 saylı abonent koduna xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1036,8 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 30,37 manat Cavabdeh İB-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar