Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-142/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə əsassız olaraq hesablanmış 100,85 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar ayında iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə cavabdeh “X1” MMC tərəfindən tərtib olunan və elektrik enerjisinə görə yaranan borcu göstərən qəbz göndərilmiş və qəbzdə qalıq borc olaraq 100,85 manat, ümumi olaraq isə 132,74 manat elektrik sərfiyyat borcu qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən göründüyü kimi “X1” MMC İddiaçı 203,84 manat borcun tutulmasını tələb etmişdir. Həmin qətnamə ilə iddia qismən təmin edilmiş İddiaçı 53,17 manat borcun tutulması qət edilmişdir. Daha sonra öyrənmişdir ki, cavabdeh qətnamənin təmin edilməyən hissəsindəki məbləği silməmiş və iddiaçıdan borc kimi tələb etmişdir. Ona görə də hazırkı ərizə ilə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində qeyd edilmiş “X1” MMC-nin “xxxx” ASC ilə əvəz edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mənzili xx.xx.2010-cu il tarixində abonent qeydiyyatına alınıb. xx.xx.2008-ci il tarixində mənzilə elektrik hesabat sayğacı quraşdırılıb. Həmin tarixdən xx.xx.2020-ci il tarixədək elektrik hesabat sayğacı əsasında 128,36 manat hesablanmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki. abonent istifadə etdiyi enerjinin borclarını vaxtıvaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Ona görə də İddiaçı 100,85 manat məbləğində borcun silinməsi tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə edərək bildirdi ki, qeyd edilən borc iddiaçının “xxxx” ASC-nin yaranmasından əvvəlki dövrə aid olan borcudur. Həmin borc abonent hesabında qalıq borc kimi göstərilmişdir. Həmin borc iddiaçıdan hal-hazırda tələb edilmir. Lakin, onun abonent hesabında saxlanılmışdır. Lakin, o həmin borcun konkret olaraq hansı dövrdə yarandığını, sayğac borcu və yaxud sayğacdan kənar hesablanmış borc olduğunu deyə bilməz. Qeyd edilənlərə əsasən nümayəndə məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə, Lerik rayonunun Kürdəsər kəndində anadan olmuş, hazırda ünvan 1, mənzil 4 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, “xxxx” MMC cavabdeh İddiaçıdan 203,84 manat borc və 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə iddia qismən edilərək cavabdehdən 53,17 manat borc və 10 manat dövlət rüsumunun tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçıya elektrik enerjisindən istifadəyə görə 132,74 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 31,89 manatı son ayın borcu, 100,85 manatı isə qalıq borcdur. İddiaçının yaşadığı evin **********00064 saylı abonent məlumatı ilə müəyyən olunur ki, iddiaçının sayğac oxunması əsasında 1069,50 manat, aktlar əsasında 166,86 manat borcu vardır. İddiaçı ümumilikdə 1108 manat ödəniş etmişdir. Bağlanan aktlar bölməsində iddiaçının köhnə (ETAİS-dən gələn) borc kimi 125,62 manat borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). İddiaçının izahatına əsasən müəyyən edilir ki, iddiaçının 125,62 manat borcu “xxxx” ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Abonent məlumatından da görünür ki, iddiaçı 1108 manat ödəniş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). İddiaçı onun mənzilinə hesablanmış 100,85 manat əsassız borcun silinməsini xahiş edir. Cavabdeh isə həmin borcun haradan yarandığını əsaslandıra bilməmiş və bununla bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia təmin edilməli və iddiaçıya hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 1, mənzil 4 ünvanının abonent hesabında saxlanmış 100 (yüz) manat 85 (səksən beş) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-142/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-142/2021
02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver