Məhkəmə qərarları › İş №2(060)-1421/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1421/2022

10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1421/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1-ə əsassız hesablanmış 508,38 manat borcun **********00007 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədilə istifadə edir. Tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəyir. Həmin ünvan enerji təchizatçı müəssisəsi tərəfindən 01.10.2000-ci ildə qeydiyyata alınmış, **********00007 saylı abunə hesabı açılmışdır. Cavabdehin nümayəndələri tərəfindən mülkiyyətində olan mənzilə istifadəyə görə 508,38 manat borc hesablanmışdır. Cavabdehin nümayəndələri həmin borc məbləğinin ödənilməsini tələb etmişlər. Həmin borc əsassızdır və cavabdehin həmin borcu tələb etmək hüququ yoxdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili 01.01.2000-ci il tarixdə abonent qeydiyyatına alınmışdır. 14.09.2007-ci ildə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində 14.09.2007-ci il tarixindən 09.02.2022-ci il tarixədək 1593,18 manat elektik enerjisindən istifadə olunmuşdur. Lakin abonent bu dövrdə 1084,80 manat məbləğində ödəniş etmiş və hal-hazırda iddiaçının 508,38 manat borcu qalmışdır. İddiaçı 14.09.2007-ci il tarixindən 09.02.2022-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Həmçinin elektrik enerjisindən istifadəyə görə yaranmış 508,38 manat borcun silinməsinə dair iddia tələbi üzrə iddia müddətini keçirmişdir. İddiaçı cavabdehə olan borcunu ödəmək məqsədilə müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu ödəniş tarixi 31.01.2022-ci il tarixə təsadüf edir. İddiaçının mütəlif vaxtlarda ödəniş etməsi borcu etiraf etməsini göstərən hal kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, o iddiaçının həyat yoldaşıdır. Cavabdeh tərəfindən hesablanan borc tamamilə əsassızdır. Ödənişlər vaxtı-vaxtında yerinə yetirilib.. Həmin borc evin əvvəlki sahibinin adına hesablanıb. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1971-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçının yaşadığı evin **********00007 saylı abonent məlumatı ilə müəyyən olunur ki, iddiaçının sayğac oxunması əsasında 1087,58 manat, aktlar əsasında 477,52 manat borcu olmuşdur. İddiaçı cəmi 1069,80 manat ödəniş etmiş və 495,30 manat borcu qalmışdır. Məlumatın bağlanan aktlar bölməsində iddiaçının köhnədən qalıq borcu (ETAİSdən gələn borc) kimi 477,52 manat borcu olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). İddiaçının izahatına əsasən müəyyən edilir ki, iddiaçının qeyd edilən borcu "xxxx" ASC yaranmamışdan əvvəlki dövrə aid əvvəl yaranmış borca aiddir. Abonent məlumatından da görünür ki, iddiaçının 477,52 manat borcu sayğac əsasında yaranmamışdır və köhnə borcdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçı onun mənzilinə hesablanmış 495,30 manat əsassız borcun silinməsini xahiş edir. Məhkəmə hesab edir ki, həmin borcun 477,52 manatı köhnə borc olduğu və cavabdehin həmin borcun necə yarandığını izah edə bilməməsi səbəbindən iddia həmin borcun silinməsinə dair hissədə təmin edilməlidir. Yerdə qalan borc isə iddiaçının sayğac əsasında yaranmış borcu olduğu üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, məhəllə 29, 11/16 saylı evin 8-ci mənzilinin abonent hesabında saxlanmış 477 (dörd yüz yetmiş yeddi) manat 52 (əlli iki) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar