Məhkəmə qərarları › İş №2(060)-143/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-143/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-143/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Balaqardaş oğlunun cavabdehlər Cavabdeh və X4 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Balaqardaş oğlu məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X4 hər birinə 5.000 manat kompensasiya verilməklə Cavabdeh və X2 (uşaqları X5 və Alcanlı Zəhra Ceyhun qızı ilə birlikdə) ünvan 1 ünvanında olan istifadə hüququna xitam verilməsi və onların həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbləbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğlu, digər cavabdeh X6 isə onun gəlinidir. Hazırda onunla cavabdehlər arasında münaqişə yarandığından iddiaçının cavabdehlərlə bir mənzildə yaşamağı mümkün olmadığından onlara kompensasiya verməklə mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları barədə qərara gəlmişdir. Bu məqsədlə iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərə hər birinə kompensasiya verməklə onların həmin mənzildə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və iddia tələbinə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 1 saylı evin, 37 saylı mənzili Cavabdeh adına qeydə alınmışdır. Bu həmin reyestr kitabında 14 nömrəsi ilə qeyd olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh, X6, X1 Zəhra Ceyhun qızı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin, 37 saylı mənzilində pasport qeydiyyatındadırlar. - xx.xx.2020-ci il tarixli AR DİN BPQMİ bilavasitə tabe olan Sumqayıt regional “ASAN xidmət” mərkəzinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh xx.xx.2006-cı ildən və xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.2012-ci ildən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin, 37 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Sumqayıt şəhəri 1 saylı notariat ofisində cavabdehlər Cavabdeh və X2 imzaladıqları ərizədən görünür ki, hazırki iddianı qəbul edirlər. Beləliklə, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, cavabdehlərin mübahisəli evə istifadə hüququ vardır və təklif olunan kompensasiyanın müqabilində istifadə hüquqlarına xitam verilməsinə razıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Bununla da, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Balaqardaş oğlunun cavabdehlər Cavabdeh və X2 (uşaqları X5 və Alcanlı Zəhra Ceyhun qızı ilə birlikdə hər birinə 5000 manat kompensasiya verilməklə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin, 37 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Balaqardaş oğlu tərəfindən cavabdehlər Cavabdeh və X4 hər birinə 5.000 (beş min) manat kompensasiya ödənilməklə,onların Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin, 37 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh və X6 yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüldlü Alcanlı Zəhra Ceyhun qızı ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1 saylı evin, 37 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay kecdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar