Məhkəmə qərarları › İş №2(060)-1499/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1499/2022

15.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1499/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1ndan iddiaçıya miras qalmış «**-CB-***» dövlət qeydiyyat nişanlı, “ZAZ Slavuta” minik markalı avtomobilə dair miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20.01.1949-cu il tarixdə Tovuz rayonunda anadan olmuşdur. X1 22.08.2020-ci il tarixdə vəfat etmişdir. «**-CB-***» dövlət qeydiyyat nişanlı, “ZAZ Slavuta” minik markalı avtomobil mərhum X1nın mülkiyyətindədir. İddiaçı X1ndan miras qalmış əmlaka vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 Saylı Notariat Ofisinə müraciət etmişdir. Cavab məktubunda ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. O, miras əmlakını faktiki olaraq qəbul edib, lakin qanunu bilmədiyindən vaxtında notariusa müraciət etməmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 20.01.1949-cu ildə, Tovuz rayonu, Şamlıq kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 14 saylı Mənzil-Kommunal sahəsinin 665 saylı, 28.09.2021-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X5 22.08.2020-ci ildə vəfat etmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “ZAZ Slavuta” minik markalı avtomobil 26.12.2014-cü il tarixdə X3 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X8, X1dır. İş materiallarına iddiaçının qardaşları X7 və X6 doğum haqqında şəhadətnamələrinin surətləri əlavə edilmişdir. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin 27.09.2021-ci il tarixli, 2031 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). Göründüyü kimi “ZAZ Slavuta” minik markalı avtomobil X3 mülkiyyətində olmuşdur. X5 vəfat etdikdən sonra iddiaçı avtomobil üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Avtomobil iddiaçının istifadəsindədir. Avtomobilin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilməsinə X3 digər vərəsələri tərəfindən etiraz yoxdur. Bu səbəbdən iddia təmin edilməli, **-CB-***» dövlət qeydiyyat nişanlı, “ZAZ Slavuta” minik markalı avtomobilin miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **-CB-*** dövlət qeydiyyat nişanlı, “ZAZ Slavuta” minik markalı avtomobilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar