Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1506/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı məhkəməyə müraciət edərək, 199713 saylı aktın əsassız hesab edilməsi və ona hesablanmış 339,24 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 3-cü keçid, 24-cü məhəllədə yerləşən 6 nömrəli mənzil ona məxsusdur. Həmin ünvanda bu günə qədər istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtli-vaxtında cavabdehin təqdim etdiyi bildiriş əsasında onun tərəfindən ödənilmişdir. Bu ödənişlər barədə onda qəbzlər vardır. xx.xx.2020-ci il tarixində “xxxx” ASC-nin bir qrup əməkdaşı göstərilən ünvana gələrək evin çöldə quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirərək guya sayğacın üst örtüyü sağ tərəfindən qarışıq aralanır, alt qapaq yerində mövcud olmaması müşahidə olunması deyilərək “X1 qaydaları”-nın 8.32-ci bəndinin pozulması haqqında xx.xx.2020-ci il tarixli 199713 saylı akt tərtib edilərək həmin mənzil üzrə X1yə görə onun 339,24 manat borcunun olduğu bildirilmişdir. Elektrik hesabat sayğacı pilləkan meydançasında yerləşir. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın üst örtüyü sağ tərəfdən vint qarışıq sərbəst şəkildə aralanması alt qapağ yerində mövcud olmaması halı aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı təsdiq edilmiş “X1 qaydaları”-nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 199713 saylı akt əsasında 339,24 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, 339,24 manat borc mövcuddur. - xx.xx.2020-ci il tarixli, 199713 saylı akta əsasən, elektrik sayğacına baxış zamanı sayğacın üst örtüyü sağ tərəfdən vint qarışıq sərbəst şəkildə aralanması alt qapağ yerində mövcud olmaması halı aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 3-cü keçid, 24-cü məhəllədə yerləşən 6 nömrəli mənzilə sayğacın nasaz hala salınmasına görə 339,24 manat borc hesablanmışdır. Elektrik hesabat sayğacı pilləkan meydançasında yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, “xxxx” ASC tərəfindən elektrik enerhisindən istifadəyə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 339,24 manat borcun ödənilməsinə iddiaçı məsuliyyət daşımır.Ona görə də iddia bu hissədə əsaslıdır. Məhkəmə, həmçinin, hesab edir ki, aktın etibarsız edilməsinə əsas yoxdur, çünki, həmin akt sayğacda qüsur olmasını özündə əks etdirir. Həmin qüsurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonent tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Qeyd edildiyi kimi sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi enerjitəchizatı müəssisəsi daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan aşağı olduğu üçün qanunvericiliyin tələbinə əsasən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 3-cü keçid, 24-cü məhəllədə yerləşən 6 nömrəli mənzil üzrə qeydiyyata alınmış **********00738 saylı abonent koduna hesablanmış 339,24 manat borc silinməli və iddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 3-cü keçid, 24-cü məhəllədə yerləşən 6 nömrəli ünvanı üzrə qeydiyyata alınmış **********00738 saylı abonent koduna hesablanmış 339,24 manat borc silinsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1506/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1506/2021
01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver