Məhkəmə qərarları › İş №2(060)-1507/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1507/2021

06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1507/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi, təzminat və sayğacın dəyişilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, 020007 saylı akta əsasən hesablanmış 4728 manat borcun abunə hesabından silinməsi və təzminat ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ceyranbatan qəsəbəsi, Kanalətrafı küçə 7də yerləşən ev iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 020007 saylı akt tərtib olunmuş və xx.xx.2017-ci ildən indiyədək 4728 manat borc yaranmışdır. Borcun yaranma səbəbi cavabdehin mərkəzi komputerində başqa koda keçirilməsi və sayğacın oxunmamasıdır. Həmin vaxt nəzarətçi iddiçıya bildirib ki, baş idarəyə bildiriş göndərmişdir. Lakin, sayğac bərpa olunmamışdır. xx.xx.2016-cı il tarixdə 280 manat ödənilməsi üçün bildiriş verilmiş, ödəmə zamanı həmin məbləğ cavabdehin hesabına köçməmişdir. xx.xx.2020-ci ildə sayğac aktivləşdikdən sonra həmin hesaba köçmüşdür. Borcun yaranmasında iddiaçının heç bir günahı yoxdur. İddiaçı sonradan əlavə ərizə ilə məhkəməyə müraciət edərək elektrik sayğacının yenilənib sıfır göstəricilərlə quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, 5 ildir Ceyranbatan qəsəbəsi, Kanalətrafı küçə 7 ünvanında yaşayır. 2017-ci ilin əvvəlində yaşadığı evə elektrik sayğacı qoyulub. Lakin, bir müddət sonra sayğac koda düşüb və nəzarətçi ona borc barədə bildiriş verə bilməyib. Nəzarətçidən həmin problemin həll edilməsini xahiş edəndə nəzarətçi ona bildirib ki, baş idarəyə məlumat verib və problem həll ediləcək. Lakin, sayğac koddan çıxarılmayıb. Bu barədə özü də cavabdehə məlumat versə də problemi həll etməyiblər. Bundan sonra isə xx.xx.2020-ci il tarixli akt tərtib edərək ona iddia ərizəsində göstərilən məbləğdə borc hesablayıblar. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının borcu sayğac əsasında yaranmış borcdur. Belə ki, iddiaçının yaşadığı evə 2017ci ilin əvvəlində elektrik sayğacı quraşdırılıb. Lakin, sonradan elektrik borcu ilə baxış iddiaçıya bildiriş verilməyib. Nəticədə eletrikdən istifadəyə görə borc yığılıb. Sayğac ilk dəfə 2017-ci ilin aprel ayında oxunmuş və 757,82 manat borc olmuşdur. xx.xx.2020-ci ildə sayğaca yenidən baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin vaxt sayğacın yaddaşında əlavə olaraq 3969,98 manat borc olduğu müəyyən edilib. xx.xx.2020-ci il tarixli akt sadəcə sayğaca baxış aktıdır və borc akt əsasında hesablanmayıb. Borc sayğac borcudur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1949-cu il tarixdə anadan olmuş, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, rayon polis şöbəsində qeydiyyatdadır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi MTİİTS-dən verilən xx.xx.2020-ci il tarixli,1892 saylı arayışda göstərilmişdir ki, iddiaçı Ceyranbatan qəsəbəsi, Kanalətrafı küçə 7 ünvanında 6 nəfərdən ibarət ailəsi ilə birgə qeydiyyatsız yaşayır. Abunə haqqında məlumatdan görünür ki, iddiaçının elektrik enerjisindən istifadəyə görə 5940,28 manat borcu vardır. Bunun 4783,73 manatı sayğac oxunması əsasında, 2173,55 manatı isə aktlar əsasında yaranmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 020007 saylı aktdan görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus evə quraşdırılmış elektrik sayğacının üzərində kompyuter məlumat bazasına daxil edilməyən 56714 V elektrik enerjisi vardır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. İş materiallarına iddiaçı tərəfindən elektrik enerjisi ilə bağlı edilmiş ödənişlərə dair qəbzlər əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır (8.3.). İddiaçı yaşadığı mənzilə elektrik enerjisindən istifadəyə görə xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 4728 manat borcun silinməsini xahiş edir. İddiaçıya məxus yaşayış evinin abunə məlumatından görünür ki, evdə sayğac dəyişməsi xx.xx.2017-ci il tarixində olmuşdur. Yəni, iddiaçı həmin evdə yaşamağa başladıqdan sonra bu ilk sayğac dəyişməsi olmuşdur. xx.xx.2017-ci il tarixdə ilk dəfə sayğaca baxıç keçirilmiş və elektrik enerjisindən istifadəyə görə borc 757,82 manat təşkil etmişdir. Bundan sonra isə sayğaca xx.xx.2020-ci il tarixində baxış keçirilmiş və sayğacda komputer bazasına daxil edilməyən sərfiyyat olduğu müəyyən edilmişdir. Həmin sərfiyyatın dəyəri 3969,98 manat təşkil etmişdir. Qeyd edilən borcların cəmi isə iddiaçının hal-hazırda silinməsini xahiş etdiyi borc məbləğinə bərabərdir. Yəni iddiaçının silinməsini xahiş etdiyi borc məbləği akt əsasında deyil, sayğac oxunmasına görə yaranmış borcdur. Bu hal iddiaçının və cavabdehin nümayəndəsinin izahatları ilə də təsdiq edilir. İddiaçı sayğacın koda düşdüyünü, bununla bağlı cavabdehə müraciət etdiyini, lakin onun müraciətinə baxılmadığını bildirsə də bu hal iş materialları ilə təsdiq edilmir. Belə ki, işdən görünür ki, iddiaçının cavabdehə və müxtəlif dövlət orqanlarına etdiyi müraciətlər 2020-2021-ci illərə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının silinməsini xahiş etdiyi borc sayğac əsasında yaranmış borc olduğundan həmin borcun silinməsi mümkün deyildir. Eyni zamanda iddiaçının cavabdehdən onun xeyrinə təzminat tutulması və yaşadığı evin elektrik sayğacının dəyişilməsi barədə iddiaları da əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2020-ci il tarixli, 020007 saylı akta əsasən cavabdeh tərəfindən hesablanmış borcun silinməsi, cavabdehdən təzminat tutulması və sayğacın dəyişilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar