Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1531/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ərizəçinin oğludur. O, xx.xx.1996-cı ildə anadan olmuş, hazırda ərizəçi ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Ərizəçinin oğlu xx.xx.1996-cı il təvəllüdlü X5 2-ci qrup əlildir. Onun mənafeyi naminə qəyyum təyin edilməsi olduqca vacibdir. Göstərilənlərə əsasən xx.xx.1996-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 5.Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Culfa rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş XİX-ЖГ № 362816 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 fevral 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, atası X6, anası Ərizəçidır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 müddətsiz olaraq 2-ci qrup əlildir. Diaqnoz: davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, psixotik əlamətlərlə gedən yüngül dərəcəli əqli subnormallıq, psixopatabənzər davranışla yanaşı xəstəliklər H.52.1 Miopiya, OD-yüksək dərəcəli miopiya, OS - orta dərəcəli miopiya, VİZUS OD - 0.1 k/ilə - 0.2, VİZUS OS - 0,4 k/ilə - 0.6, yanaşı xəstəliklər G90.8 Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, Asteno – nevrotik sindrom.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 xx.xx.2023-cü il tarixli, 1332 №-li rəyindən görünür ki, X3 X1 (F06.2) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar - anamnezində kəllə-beyin travmasının qeyd olunması, bundan sonra psixi vəziyyətində və davranışında kobud pozuntuların meydana çıxması, Sumqayıt Psixiatriya Xəstəxanasında iki dəfə stasionar müalicədə olması, prof. N.Əliyev tərəfindən privat qaydada müayinədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi, təqdim olunmuş tibbi sənədlərdə üzvi patologiyaya xas əlamətlərin (əqli subnormallıq, psixopatabənzər davranış, asteno-nevrotik sindrom) həmçinin şizofreniyaya xas olan psixotik əlamətlərin (paranoid sindrom, emosional- iradi qüsur) təsvir olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlərünsiyyətə çətin daxil olması, hallüsinasiyaların təsiri altında olması təəssüratı yaratması, mühakimələrinin səthiliyi, yaddaş funksiyalarının bir qədər zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ - X3 X1 xroniki psixi xəstəliyi qeyd olunur. İİ - X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında deyil. İİİ- X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1996-cı il tarixində Culfa rayonunda anadan olmuş X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
13. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva