Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1538/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Mirzəzadə Xalid vüqar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qaz sayğacına görə tərtib olunmuş ******* nömrəli, 29.12.2021-ci il tarixli akt əsasında yaranmış 923,52 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Gecə qondu ‘'Metallurq” ev 399 iddiaçının istifadəsindədir. Həmin evə dair **********00000 nömrəli abonent kodu iddiaçının adına qeydiyyata alınmışdır. Yaşadığı gündən bu günə kimi kommunal ödənişlərilə bağlı heç bir problem yaranmamışdır. Belə ki, 27 dekabr 2021-ci il tarixdə qaz sayğacı özündə yaranmış problem nəticəsində, heç bir kənar müdaxilə olmadan işləməmiş və evə qazın verilməsi dayanmışdır. İddiaçı bunu görüb qaz idarəsinə müraciət etmiş, onradan iddiaçıya bildirmişlər ki, tezliklə həmin sahə rəisi və qəza xidməti əməkdaşları ilə birlikdə ona yaxınlaşacaqlar. Qaz idarəsinə müraciətindən 1 gün keçməsinə baxmayaraq heç kim yaxınlaşmamışdır. O, bir də qaz idarəsinə müraciət edib evdəki vəziyyəti izah etmiş, buna baxmayaraq, yenə də gəlib nasazlığı aradan qaldıracaqlarını bildirdirməklə kifayətlənmişlər. Lakin heç kim gəlməmiş, iddiaçı da məcbur qalıb sayğacın girişindən qazı qoşub işlətməyə başlamışdır. 29.12.2021-ci il tarixində cavabdehin əməkdaşları yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmiş ******* nömrəli, 29.12.2021-ci il tarixli akt tərtib etmişlər. Həmin akt əsasında 923,52 manat cərimə yazılmışdır. İddiaçının qoşulması qanunsuz olsa belə, bu qədər cərimə yazılması ağlabatan deyil, çünki həmin qoşulma cəmi 2 gün olmuşdur. Cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Gecə qondu ”Metallurq”, ev 399 saylı fərdi yaşayış evinə əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən özbaşına təbii qaz xəttinə qeyri-qanuni qoşularaq istifadə edildiyi aşkar edilmişdir. Əməkdaşlar tərəfindən yerində ******* saylı, 29.12.2021-ci tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə olunduğu aşkar olunmuş" və Dövlət əmlakının talanması müəyyən edilmişdir. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 29.12.2021-ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 323,52 manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, onun həmin bağ evindən başqa bir otaqlı mənzili var. Yeni il bayramı ilə əlaqədar 27.12.2021-ci ildə bağ evinə gəlmiş və qaz sayğacının işləmədiyini aşkar etmişdir. Cavabdeh təşkilata bu barədə məlumat verərək problemin aradan qaldırılmasını xahiş etmişdir. Lakin, problem həll olunmadığı üçün sayğacdan kənar xətt çəkmişdir. Həmin xətdən cəmi iki gün istifadə etmişdir. Buna baxmayaraq ona 90 günlük hesabat aparılaraq borc yazılmışdır.Bu isə qanunsuzdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi. Qeyd edilənlərə əsasən nümayəndə məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan 72 saylı Məhəllə komitəsinin 13.01.2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, iddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 399 nömrəli evdə yaşayır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 29.12.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, baxış zamanı sayğacın krantının arxası açılaraq, kənar xətt çəkilərək qazdan istifadə edildiyi aşkar edilmişdir. 29.12.2021-ci il tarixli, ******* saylı akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 29.12.2021-ci il tarixdə iddiaçının yaşadığı ünvana 8640 kub metr qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına iddiaçıya məxsus evin qaz sayğacından kənar çəkilmiş xəttin videosunu özündə əksetdirən videodisk əlavə edilmişdir. İddiaçıya aid ünvanın **********00000 saylı abonent saldosunda iddiaçıya akt əsasında 923,52 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2.). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (6.5.). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həqiqətən yaşadığı evdə qaz sayğacından kənar xəttdən istifadə etmişdir. İddiaçı həmin xətti 27.12 2021-ci ildə çəkdiyini, buna səbəb olaraq qaz sayğacının işləmədiyini və təbii qazdan istifadə edə bilmədiyini, həmin xətdən cəmi 2 gün istifadə etdiyini bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında başqa bir mənzili olduğunu və bayramla əlaqədar 27.12.2021-ci il tarixində həmin evə gəldiyini qeyd etmişdir. Yəni, iddiaçı qaz sayğacının işləmədiyini müəyyən etdikdən sonra yenidən öz mənzilinə qayıdaraq problemin aradan qaldırılmasını gözləyə bilərdi. Yəni, qeyd edilən hal ona sayğacdan kənar xətdən istifadə etməyə haqq qazandırmır. Eyni zamanda iddiaçı həmin xətdən cəmi 2 gün istifadə etdiyini bildirsə də, qeyd edilən halıə təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göründüyü kimi cavabdehin nümayəndəsi 29.12.2021-ci il tarixli, ******* saylı aktın tərtib edilməsi üçün əsas olmuş halları təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında sayğacdan kənar qaz xəttindən istifadə olunduğunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı ünvan 1 ünvanında yerləşən qaz sayğacına görə tərtib olunmuş ******* nömrəli, 29.12.2021-ci il tarixli akt əsasında yaranmış 923,52 manat məbləğində borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1538/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1538/2022
24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver