Məhkəmə qərarları › İş №2(060)-1539/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1539/2022

21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1539/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-da yerləşən qaz sayğacına görə tərtib olunmuş ******* №-li, 29.12.2021-ci il tarixli akt əsasında yaranmış 969.72 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, ünvan 2 onun istifadəsindədir. Həmin evə dair **********3960 №-li abonent kodu onun adına qeydiyyata alınmışdır. Yaşadığı gündən bu günə kimi kommunal ödənişlərlə bağlı heç bir problem yaranmamışdır. 27.12.2021-ci il tarixdə qaz sayğacı özündə yaranmış problem nəticəsində heç bir kənar müdaxilə olmadan işləməmiş və evə qazın verilməsi dayanmışdır. Cavabdeh təşkilata bir neçə dəfə yaranmış problemlə əlaqədar müraciət etmiş, lakin təşkilatın nümayəndələri müraciətlə maraqlanmamışdır. Bu səbəbdən də o, məcbur qalıb sayğacın girişindən qazı qoşub işlətməyə başlamışdır. Cavabdeh təşkilatın nümayəndələri tərəfindən 29.12.2021-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. Həmin tarixdə onun müraciətindən iki gün sonra sayğacı düzəltməyə gələn qaz idarəsi əməkdaşları onun hərəkətini qanunsuz qoşulma hesab edərək ona 969.72 manat cərimə yazmışdır. Onun sayğaca qanunsuz qoşulması olsa belə, cəmi 2 günə bu məbləğdə cərimə yazılması ağlabatan deyildir. Qeyd edilənlərə əsasən həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacında yaranan nasazlıq barədə istehlakçı olaraq vaxtında məlumat verməsinə baxmayaraq cavabdeh təşkilat buna vaxtında reaksiya verməmiş və ona qanunsuz olaraq külli miqdarda borc yazmışdır. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını pozmuşdur. Bu borc reallığı əks etdirmir. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı etiraz verilmişdir. Etirazda bildirilmişdir ki, Sumqayıt şəhəri, Gecə qondu ”Metallurq”, ev 0, mənzil 396 saylı fərdi yaşayış evinə cavabdeh təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən özbaşına təbii qaz xəttinə qeyri-qanuni qoşularaq istifadə edildiyi aşkar edilmişdir. Əməkdaşlar tərəfindən yerində ******* saylı, 29.12.2021-ci tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə olunduğu aşkar olunmuş” və dövlət əmlakının talanması müəyyən edilmişdir. Belə ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 29.12.2021-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün; iran sobası maksimal saatlıq qaz sərfi 1.5m3/saat, orta günlük iş rejimi 24 saat,hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 969.72 manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddianı əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, ünvan 1 ünvanında olan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın girişində krantın arxa hissəsinin açılaraq kənar xətt çəkilərək qazdan istifadə olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 9072 m3 müəyyən olunmuşdur. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, 29.12.2021-ci il tarixli aktdan görünür ki, sayğacın girişində krantın arxa hissəsinin açılaraq kənar xətt çəkilərək qazdan istifadə olunması halı aşkar olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********03960 olan ünvan 2-ya akta görə 969.72 manat borc hesablanmışdır. - Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı Məhəllə Komitəsinin verdiyi arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə Komitəsinin əhatə etdiyi ərazidiə yerləşən 396 №-li evdə yaşayır. - Məhkəmə iclasında nümayiş etdirilən cavabdehin təqdim etdiyi CD-dən görünür ki, iddiaçının istifadəsində olan sayğacdan kənar rezin boru vasitəsilə qaz xəttinə qoşulma olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh təşkilat tərəfindən təbii qazla təchiz edilmiş və **********03960 nömrəli abonent kodu verilmişdir. Yoxlanış zamanı cavabdeh tərəfindən sayğacdan kənar qoşulma aşkar edilmişdir. Bu hal 29.12.2021-ci il tarixli, ******* №-li aktla aktlaşdırılmış və 907.2 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin cərimə məbləği ilə razı deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən sayğacdan kənar qoşulma həyata keçirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X3 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı X4 oğlu üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. İddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün 90 gün hesabat müddəti qəbul edilmiş və iddiaçıdan həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Eyni zamanda abonentin saldosundan görünür ki, cavabdeh tərəfindəən təbii qazın istifadəsinə görə ən çox ödəniş 2022-ci ilin yanvar və mart aylarında edilmiş və bu tarixlər qaz xəttinə özbaşına qoşulma aşkar olunduqdan sonrakı dövrə təsadüf edir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpası ən çox ödənişin 90 günə (3 aya) müvafiq hesablanması məqsədəmüvafiqdir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan qaydada hesablanmaqla iddiaçının cavabdehə vurduğu ziyan 120 manat (40 manat x 3 ay (90 gün)) təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına hesablanmış 787.2 manat borc silinməli və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına hesablanmış 787.2 manat (abonent kodu: **********03960) borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar