Məhkəmə qərarları › İş №2(060)-1546/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1546/2025

14.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1546/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməsi əsasında xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməsi əsasında xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V ünvanında yerləşən yaşayış sahəsi (bağ evi) iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda yuxarıda göstərilən mənzildə Cavabdeh da qeydiyyatı var. Yuxarıda adı qeyd edilən şəxs Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmalıdır. Çünki Cavabdeh həmin mənzildə deyil, tamamilə başqa ünvanda, Türkiyə Respublikasında türk vətəndaşı ilə ailə quraraq 2019-cu ildən orada yaşayır. Onun həmin mənzildə qeydiyyatı formal olaraq qalıb. Həmin şəxs mənzilə istifadə hüquqlarını artıq itirmişdir. Belə ki, cavabdeh artıq 5 ildən çoxdur ki, həmin evdə yaşamır, faktiki olaraq Türkiyə Respublikası vətəndaşı ilə ailə quraraq orada daimi yaşadığı üçün bu mənzilə yaşayış hüquqlarını itirmişdir. Lakin bununla belə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan həmin evə formal pasport qeydiyyatında qalmışdır. Belə ki, cavabdehin iddiaçıya məxsus həmin evə pasport qeydiyyatına düşməsinə səbəb Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli. 2(105)-3715/2019 saylı qətnaməsi əsas olmuşdur. Belə ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh həmin torpaq sahəsindən və mənzildən çıxarılmasını tələb etmiş, çünki həmin dövrdə onun mənzildə pasport qeydiyyatı mövcud deyildir, lakin orada qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1182/2019 saylı qiyabi qətnaməsinə əsasən, iddiaçının iddia tələbi təmin edilmiş, Cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən və həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılması qət edilmişdir. Cavabdehin şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(105)-3715/2019 saylı qətnaməsinə əsasən, iş üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehə qarşı torpaq sahəsindən və mənzildən çıxarılma barədə iddiası təmin edilməmiş, cavabdehin iddiası qismən təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ev 4733V saylı bağ evindən istifadə hüququ tanınmışdır. Qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Lakin həmin dövrdən indiyə kimi cavabdeh nəinki həmin mənzildə bir gün də yaşamamış, əksinə mənzilə formal pasport qeydiyyatına düşərək köçüb Türkiyə Respublikasına gedərək orada məskunlaşmışdır. Beləliklə də, cavabdehin formal pasport qeydiyyatına ona kompensasiya verilməsi yolu ilə xitam verilməsi zəruriyyəti yaranmışdır. Ötən müddət ərzində cavabdeh nəinki könüllü olaraq iddiaçıya məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxmamış, əksinə iddiaçının telefon zənglərinə belə cavab verməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən əmlakları ilə birlikdə çıxarılmaqla pasport qeydiyyatının ləğv edilməsi, ona 3000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V İddiaçı, X3, X1, X2 adına ümumi birgə kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyat aparılmışdır.

9. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1182/2019 saylı, xx.xx.2019-cu il tarixli qiyabi qətnaməsinə əsasən, iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V ünvanında yerləşən yaşayış sahəsindən və həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılması qət edilmişdir.

10. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3715/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(060)-1182/2019 saylı qətnaməsi qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və mənzildən çıxarılma barədə ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 4733V saylı bağ evində istifadə hüququnun tanınması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V ünvanında, mülkiyyətdə olan 0,11008 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74,4 kv.m olan bağ evinin tərkibindən ümumi sahəsi 12,7 kv.m olan yaşayış otağının, DƏDRX tərəfindən verilmiş seriya RX № 1300940, qeydiyyat № **********, xx.xx.2018-ci il tarixli Çıxarışın və Şifarişçi tərəfindən təqdim edilmiş şəkil və sənədlər əsasında 14 may 2025-ci il tarixinə olan orta aylıq icarə dəyəri 70 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin isə həmin evə istifadə hüququ vardır. Hazırda iddiaçı cavabdehə 3000 manat kompensasiya ödəməsi şərtilə onun göstərilən ünvandan qeydiyyatdan çıxarılması və istifadə hüququna xitam verilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

16. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.

18. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

19. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

21. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz.

22. Göründüyü kimi yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdehin mübahisəli mənzildə istifadə hüququnun olması faktı öz təsdiqini tapmışdır.

23. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi üçün müraciət edilmiş və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı 70 manat təşkil edir.

24. Göstərilənlərə əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətçi kimi Cavabdeh qarşı mənzildən istifadə hüququnun 3000 manat kompensasiya verilməklə itirilməsinə dair tələbi təmin olunmalıdır.

25. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.

26. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

27. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılmalı, Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

28. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 3000 (üç min) manat məbləğində kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4733V ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən əmlakları ilə birlikdə çıxarılsın. Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə pasport qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən (qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra) bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar