Məhkəmə qərarları › İş №2(060)-155/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-155/2022

18.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-155/2022 18.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmaylıov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt YGEŞ Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “mühafizə zolağında tikilmiş hasarın sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “mühafizə zolağında tikilmiş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq 3-cü Yaşma HX-nin 83-84 saylı dayaqlararası aşırımının altında, xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş tikilinin qanunsuz olduğu üçün sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbində göstərilmiş Cavabdeh tərəfindən inşa edilmiş tikili sözlərinin hasar kimi qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən heç bir qanuni sənədi olmadan özbaşına "xxxx" MMC-nin balansında olan 110 kv-luq 3-cü Yaşma HX-nin 83-84 saylı dayaqlararası aşırımının tam altında, xəttin mühafizə zonasında hasar tikilməsi məqsədilə tikinti işləri aparmışdır. Sumqayıt şəhəri və səhər təsərrüfatına daxil olan ətraf ərazilərdən keçən bir çox yüksək gərginlikli elektrik veriliş xətlərinin etibarlığını azaldan və təhlükəsizlik istismarını pozan hallar baş vermiş və verməkdədir. Bunlara xəttin mühafizə zolağının pozulması,onların altında yaşayış binalarının tikilməsi hallan aiddir. Bütün bunlar xətlərin istismarını və təmirini çətinləşdirir. Xətlərdə naqillərin qırılması, dayaqların hər hansı bir səbəbdən yıxılması zamanı bədbəxt hadisələrə, insan tələfatına səbəb ola bilər. Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq 3-cü Yaşma HX-nin 83-84 saylı dayaqlararası aşırımının tam altında, xəttin mühafizə zonasında 26.03.2021-ci il tarixində hasarın tikintisinə başlamışdır. Tərəflərindən 26.03.2021-ci il tarixində aşkar olunmuş tikinti barədə vətəndaş Cavabdeh xəbərdarlıq edilmiş və 15 saylı, 26.03.2021 il tarixli akt tərtib edilmişdir. O, öz hərəkətləri ilə qanun pozuntusuna yol vermişdir. Dəfələrlə vətəndaşa tikinti işlərinin dayandırılması və yarımtikilinin sökülməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, lakin buna baxmayaraq vətəndaş tikinti işlərini davam etdirmişdir. Bu məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə 16-01/256 saylı, 01.04.2021-ci il tarixli və "xxxx" ASC-yə 116-01-13/177 saylı 01.04.2021-ci il tarixli məktubla yazılı müraciətlər edilmişdir. Həmçinin həmin qeyriqanuni tikili barədə "xxxx"ASC tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinə 02-16-610 saylı, 15.04.2021-ci il tarixli yazılı müraciət olunmuşdur. Bu məsələnin həlli məqsədi ilə cavab məktubunda bildirilmişdir ki, Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 262, 263, 264 saylı 29.04.2021-ci il tarixli məktublarla AR FHN-nin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə, Sumqayıt Polis İdarəsinə və Sumqayıt şəhər X1 yazılı məlumatlar göndərilmişdir. Həmçinin bu məsələnin araşdırılması ilə bağlı Memarlıq və Şəhərsalma idarəsi tərəfindən bizə 261 saylı, 129.04.2021-ci il tarixli müraciət olunmuş və 16/01- 20/419 saylı, 119.05.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Lakin bütün bu müraciətlərə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır. Məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Qeyd olunan ərazidə onun tərəfindən yaşayış evi inşa edilmişdir və ailəsilə birlikdə orada yaşayır. Həmin torpaq sahəsi və evin tikintisinə dair heç bir sənədi yoxdur. Həmin yaşayış sahəsindən başqa yaşayış yeri yoxdur. Tikilinin ətrafında hasar çəkilmişdir və yaxınlıqda yüksək gərginlikli elektrik xətti keçir. İndiyədək həmin ərazinin mühafizə zolağı olması barədə ona bildirilməmişdir. Bunları nəzərə alaraq iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 26.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli, 103 saylı qərarına əsasən yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasına düşdüyü yerdə qanunsuz ev tikili (yarımtikili) etdiyini və qanunsuz zəbt edilmiş ərazini qısa müddətdə boşaltmalı barədə məlumatlandırılmışdır. Əks təqdirdə onun barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. 15 saylı, 26.03.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhərində Cavabdeh yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında qeyri-qanuni tikinti işləri aparır. Vətəndaşa EVHX mühafizə zonasında qeyri-qanuni tikinti işləri apardığı barədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsinin pozulması haqqında xəbərdarlıq olunmuşdur. Həmin tikinti işlərinin dərhal dayandırılması və ərazinin boşaldılması barədə vətəndaşa xəbərdarlıq edilmişdir. 02.08.2021-ci il tarixli, 07.05.2021-ci il, 15.04.2021-ci il və 29.04.2021-ci il tarixli məktubların surətindən müəyyən olunur ki, "xxxx" ASC-nin Ötürücü sistem operatounun direktoruna, "xxxx" ASC-nin vitse-prezidentinə, Sumqayıt şəhər İcra Hakimiyyətinə və "xxxx" ASC "xxxx" MMC-nin direktoruna müraciətlər edilmişdir. Həmin məktublarda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq 3-cü Yaşma HX-nin 83-84 saylı dayaqlararası aşırımının altında, xəttin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən "xxxx" ASC- yə məxsus olan 110 kV-luq hava xəttinin mühafizə zolağında qeyri-qanuni olaraq tikinti aparılması aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.12.2021-ci il tarixli, 10/5482 saylı ekspert rəyindən görünür ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 5-ci bəndinə görə, 110 kV-luq hava elektrik xəttinin hər-iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsinin 20m olduğu müəyyən edilmişdir. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində "xxxx" ASC Sumqayıt YGEŞ MMC-nin balansında olan 110 kv-luq “3-cü Yaşma”hava xəttinin 83-84 saylı dayaqlararası aşırımının altında Cavabdeh tərəfindən mişar daşından inşa edilmiş uzunluğu 13 m, hündürlüyü 1.8 m olan hasar xəttinin istiqamətinə perpendikulyar olmaqla hava xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Tədqiqatın dəyəri 102 manat təşkil edir. Məhkəmə iddia tələbi üzrə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” haqqında 103 nömrəli qərarına əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında bina və qurğuların tikilməsi, bağ və bostanların salınması və s. işlərin aparılması qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, sökülməsi tələb olunan tikilinin qanunvericliyin tələblərinə zidd olaraq yerüstü elektrik xəttinin mühafizə zonasında inşa edilməsi və özbaşına tikili olması toplanmış sübutlarla tam təsdiqi olunur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kv-luq 3-cü Yaşma HX-nin 83-84 saylı dayaqlararası aşırımının altında, xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş hasar sökülməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli. Məhkəmə ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 102 manat cavabdehdən tutularaq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, "xxxx" ASC, "xxxx" MMC-nin balansında olan 110 kV-luq 3-cü Yaşma HX-nin 83-84 saylı dayaqlararası aşırımının altında, xəttin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş hasar sökülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 102 (bir yüz iki) manat Cavabdeh tutularaq Dövlət xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK- CTREAZ22, məzkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar