Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1563/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə akta görə hesablanmış 432 manat məbləğində borcun və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi evdə ailə üzvləri ilə bilrikdə yaşayır. Bu illər ərzində iddiaçı yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən evə 30.12.2021-ci il tarixdə ******* saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında iddiaçıya məxsus olan mənzilə 432 manat məbləğində cərimə, sayğacın dəyəri 185,73 manat hesablanmışdır. İddiaçının həmin aktdan xəbəri olmayıb. Akt onun iştirakı olmadan tərtib olunub. İddiaçı və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 12-ci mikrorayon, yataqxana, ev 33, mənzil 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2021-ci il tarixli, ******* saylı akta əsasən 29.12.2021-ci il tarixdə Metrologiya Departamentinin rəyinə görə G-4 markalı, 1002AQ**********8 20213605 nömrəli plomb kəsilərək G-4 SM/5044 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal və normal sərfiyyatda-100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30.12.2021-ci il tarixdə iddiaçıya 4320 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 432 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacınçıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 432 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 185,73 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 432 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə 30.12.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 432 (dörd yüz otuz iki) manat və sayğacın dəyərinə görə ondan tələb edilən 185 (yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1563/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1563/2022
15.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver