Məhkəmə qərarları › İş №2(060)-1576/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1576/2023

05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1576/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə X1yə görə hesablanmış 657 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Mənzildə X1yə görə ödənişləri vaxtı-vaxtında ödəmiş və onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh təşkilatın əməkdaşları xx.xx.2022-ci il tarixdə akt tərtib etmişlər. Həmin aktın əsasında mənzilə 657 manat məbləğində cərimə hesablanmışdır. O, aktın tərtib olunmasından xəbərsiz olmuşdur. Sayğacda olan hər hansı bir texniki nasazlığa görə o heç bir məsuliyyət və cavabdehlik daşımır. Yaşadığı mənzilin işıq sayğacı blokda quraşdırılmışdır. O, cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonent sayğacdan kənat xəttdən istifadə etməsi faktı aşkar edilmiş və 287415 saylı akt əsasında 567.76 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Bundan əlavə iddiaçı öz iddia ərizəsində 657 manat hesabat aparıldığını qeyd etmişdir. Bu məbləğin akt əsasında hesablanmış məbləğlə heç bir uyğunluğu yoxdur. İddiaçı istehlak etdiyi elektrik enerjisinin dəyərini də vaxtı-vaxtında ödəmədiyi üçün iddiaçının hal-hazırda 670.06 manat borcu vardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 22 saylı Mənzil-Kommunal Səhəsinin 334 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, mənzil 3-də yaşayır. - 287415 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonent sayğacdan kənar xətdən istifadə edir. PF=0.22 kvt; PK= 0.66 kvt. Naqilin en kəsiyi 1 x 1.5 mm-dir. Akt "xxxx" ASC-nin əməkdaşları F.Tayılov və R.Cəfərov tərəfindən imzalanmışdır. - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nın pozulmasına görə akta əsasən 567.76 manat borc mövcuddur. - Sumqayıt nikah evinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X2 ilə Hüseynova Nigar Fərəc qızı arasında xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 94 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Abuşova soyadı verilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında kənar xətt aşkar olunduğundan 567.76 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X1 etməsi halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, müvafiq akt qanunvericilikdə imperativ şəkildə nəzərdə tutulmuş qaydada istehlakşının iştirakı ilə tərtib olunmamış, bir nüsxəsi ona təqdim edilməmişdir. Həmçinin, abonentin saldosundan görünür ki, sözügedən akt tərtib olunan vaxt 2022-ci ilin dekbar ayında 4.72 manat, ondan əvvəl oktyabr və noyabr aylarında 4 manat, 4.72 manat, aktdan sonrakı dövrdə - yəni, 2023-cü ilin yanvarında 5.92 manat, fevral ayında 7.12 manat, martda isə 6.72 manat dəyərində elektrik enerjisi istifadə edilmiş və ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi aktdan əvvəlki, sonrakı illərin müvafiq dövründə də elektrik enerjisi istehlakı əsasən sabit qalmışdır. Bu hal da bir daha elektrik enerjisinin kənar xəttlə qoşularaq istehlakını təkzib edir. Belə ki, əks halda əvvəlki dövrdə və kənar xəttin aşkarlanıb ləğvindən sonra ilin müvafiq vaxtlarında elektrik enerjisinin sərfiyyatında artım müşahidə olunardı. Məhkəmə, araşdırılma zamanı baxış keçirilən disklə bağlı qeyd edir ki, həmin videoyazıda iddiaçıya məxsus sayğaca kənar xətt qoşulması görünsə də, bu xəttin İddiaçı yaşadığı mənzilə daxil olması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisi istehlak etməmişdir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının ərizəsində silinməsi xahiş edilən borcun 89.24 manat hissəsi "xxxx" ASC dövründə formalaşmış, eləcə də ondan sonra elektrik enerjisinin sərfiyyatına görə yaranmış və sayğaca görə hesablanmışdır. Odur ki, iddia qismən əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının yaşadığı ünvan 1 ünvanı üzrə qeydiyyata alınmış **********01001 saylı abonent koduna hesablanmış 567.76 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə qeydiyyata alınmış **********01001 saylı abonent koduna hesablanmış 567.76 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar