Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1578/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi X5, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış cərimə borcunun» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış cərimə borcunun» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivi, 1ci məhəllədə yerləşən 177 saylı evdə yaşayır. Cavabdeh təşkilat tərəfindən yaşadıqları evə quraşdırılmış qaz sayğacına (**********01770 saylı abonent kodu) kənardan müdaxilənin olması səbəbindən bu barədə ******* nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akta əsasən 8640 kub metr sərfiyyat hesablanmaqla ona 1040 manat borc hesablanmışdır. Halbuki onun tərəfdən sayğaca hər hansı müdaxilə olunmamış, sayğac əsasında hesablanmış borcu vaxtlı-vaxtında ödəmiş və onun yaşadığı evdə quraşdırılmış qaz xəttinə sayğacdankənar müdaxilə olunmamışdır. Sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olunmuşsa belə, buna görə o cavabdehlik daşımamalıdır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən və ya üzərinə düşən hər hansı bir cisimdən də bu halın baş verməsi qaçılmazdır. Hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Əgər sayğacı evinin həyətində olsa idi, onda bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* № li, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 1040 manat məbləğində borcun silinməsi və hazırki vaxta kimi kartdan həmin borca görə silinmiş 300 manat pulun geri qaytarılması və mediasiya üçün ödənilmiş 60 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, akt əsasında yazılmış 1040 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 izahatında bildirmişdir ki, sayğacın qırıldığı gün «Azəriqaz» İstehsalat Birliyinin qaynar xətti ilə əlaqə saxlamışdır. Bütün səs yazışmaları orada qeyd olunur. Həmin gün qaynar xətt ilə ən azı dörd dəfə əlaqə saxlamışdır. Evinə qaz gəlmədiyi üçün işçinin cəlb olunmasını tələb etmişdir. Qaz idarəsindən nümayəndələr gəlmiş, baxış keçirmiş və sayğacı dəyişmişdirlər. Gecə ilə işçilər gəlmiş, baxış keçirmiş və akt tərtib etmişlər. Sayğac həyətdən kənarda yerləşir. 7- 75 metr evdən aralıda yerləşir. Vaxt aşırı nəzarət olunmuşdur. Qazdan evdə kombi üçün istifadə olunur. Məhkəmə qaydasında müvəqqəti təminat tədbiri təmin olunmasına baxmayaraq balansdan yenədə pul vəsaiti çıxmışdır. Buna görə 1040 manat cərimə hesablanmışdır. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsinin izahatına uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Akt əsasında hesablanmış borcu əsaslı hesab edir. Ona görə də iddia tələbini əsassız hesab edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktın əslindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022ci il tarixli 29/1710-04047-1 aktına **********391, 13450619 nömrəli plomb kəsilərək G-4 SM/ 6898 saylı qutu açılmış, sayğaca ümumi baxış keçirilmiş, LCD ekranı kənar təsir nəticəsində zədələnmiş, göstəricilərin və informasiyanın oxunması mümkün olmamış, sayğac istismara yararsızdır kimi qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi xx.xx.2020-ci il tarixli, MSK-29/1710-04047-1 saylı aktın surətindən görünür ki, 13450619 nömrəli plomb kəsilərək G-4 SM/ 6898 saylı qutu açılmış, sayğaca ümumi baxış keçirilmiş, LCD ekranı kənar təsir nəticəsində zədələnmiş, göstəricilərin və informasiyanın oxunması mümkün olmamış, sayğac istismara yararsızdır kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin 1-ci və 3-cü məhəllələr üzrə saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 1286 nömrəli arayışdan görünür ki, İddiaçı Salma qızı Sumqayıt şəhəri, Yeni Yaşayış massivi 1-ci məhəllə ünvanında qeydiyyatsız yaşayır. №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, «Azəriqaz» İstehsalat Birliyi ilkin mediasiyada iştirak etməmişdir, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, xx.xx.2022-ci il tarixli aktın əslindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-04047-1 aktına **********391, 13450619 nömrəli plomb kəsilərək G-4 SM/ 6898 saylı qutu açılmış, sayğaca ümumi baxış keçirilmiş, LCD ekranı kənar təsir nəticəsində zədələnmiş, göstəricilərin və informasiyanın oxunması mümkün olmamış, sayğac istismara yararsızdır kimi qiymətləndirilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036.80 manat cərimə qismində hesablanmış borc tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, quraşdırılmış sayğacın klapanının işlək olamaması, LCD ekranının kənar təsir nəticəsində zədələnməsi, göstəricilərin və informasiyanın oxunmasının mümkün olmaması, sayğacın istismara yararsızdır kimi qiymətləndirilməsi hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi üçün tərtib edilmiş akt əsassızdır.Belə ki, sayğacda qeyd olunanlarla bağlı cavabdehliyi iddiaçı daşımadığından, həmçinin onun qanunsuz hərəkəti nəticəsində olduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən 1036.80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 manat borc abonentin hesabından (abonent kodu **********01770) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə massivi, 1-ci məhəllə, ev 177 ərazisində yerləşən fərdi yaşayış evinə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc abonentin hesabından (abonent kodu **********01770) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya orqanına müraciət etmək üçün ödənilmiş 60 manat rüsum cavabdehdən tutularaq iddiaçıya verilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1578/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1578/2023
10.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver