Məhkəmə qərarları › İş №2(060)-16/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-16/2025

07.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-16/2025 07.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən Cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisində verilmiş 2V-39 reyestr nömrəli, 8 may 2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildə Sumqayıt şəhər sakini X3 ilə faktiki ailə qurmuşdur. Onunla 2023-cü ilin mart ayınadək Xəzər bağlarında yerləşən 783a saylı bağ evində birgə yaşamışdırlar. Yoldaşı 16 mart 2023-cü il tarixində rəhmətə getmişdir. Cavabdeh onun bacısıdır və qapıbir qonşuluqda yaşayır. Onun yoldaşı ilə bir neçə dəfə müəyyən səbəblərdən mübahisələri olub, evdən getmiş, sonra barışmışdırlar. Belə ki, 2014-cü il tarixində evdən getmişdir, təxminən 1 il evə qayıtmamışdır. Həmin vaxtlar da Yaşar xəstə idi və qulluğa ehtiyacı vardı. Yaşar 2010-ci illərdən işemiya, stenokardiya, şəkərli diabet, panik atak, hipertoniya, prostat və s. xəstəliklərlə xəstə idi. 2010-cu il tarixində Avroasiya klinikasında əməliyyat da olmuşdu. 2013-cü ildən də başlayaraq xəstəxana şəraitində hər il müalicə alırdı. 2014 -cü il 4 may tarixindən əlillik almışdır. Onun xəstə olduğundan istifadə edən cavabdeh onu tək qalacağı ilə qorxudub, - "sənə özüm baxacam və qulluğunda duracam, yoxsa xəstə adamsan, qalassan ortalıqda, nə baxan olacaq, nə yemək verən" deyə onu notariusa aparıb. Orada vəsiyyətnamə tərtib olunub, Yaşar cavabdehin də yanında imza edəndən sonra notarius bildirib ki, 2 nəfər şahidin də imzası lazımdı. Onlar notariusdan çıxıblar. Yaşar hesab edib ki artıq vəsiyyətnamə baş tutmadı, çıxıb gəlib evə. 2023-cü ilin yanvar ayında isə Yaşara məlum oldu ki, o vaxt vəsiyyətnamə tərtib olunubmuş. Belə ki həmin vaxt cavabdehlə onun arasında söz söhbət oldu. Cavabdehə dedi ki, "gəl məzuniyyət götür, bir həftə Yaşara bax, mən 2 gün dincəlim ki sonra onun müalicəsi ilə məşğul ola bilim, onun səhhəti getdikcə pisləşir, bizə kömək lazımdır". Onda cavabdeh ağzından qaçırdı ki-"nədi, mənim vəsiyyətnaməm var deyə ona mənmi baxmalıyam, yoldaşısan bax da, bizə məzuniyyət vermirlər, gələ bilmərəm". Bunu eşidən Yaşar ondan soruşdu ki-nə vəsiyyətnamə. O da dedi ki-" o vaxt getmişdik axı notariusa, notarius 2 şahid istəmişdi, mən də ordan çıxandan sonra qonşu ilə dostun Etibarın şəxsiyyət vəsiqəsini götürüb qayıtdım notariusa vəsiyyətnaməni aldım”. Etibar Yaşarın yaxın dostu idi və notariusun yaxınlığında çörək butkasını işlədirdi. Onda Yaşarın 10 il əvvəl notariusa getmiş olması yadına düşdü. Yaşar 2021-ci il mart tarixində insult keçirərək 5-6 ay hərəkətsiz qalmışdır, o, həmin vaxt aylarla yuxusuz qalmış, sonra isə tədricən yaxşılaşsa da, əksər hallarda çox şiddətli ağırları tuturdu, hərəkəti məhdudlaşırdı. Ona baxan və qulluq edən yeganə şəxs isə o, idi. Cavabdeh əsla onun səhhəti ilə maraqlanmırdı. Bircə gecə bu qəddar adamı o, Yaşarın yanında saxlaya bilməmişdir. Yalandan deyirdi ki, oğlu saat 5-də işə gedir, ona yemək verməlidir. Bu insan üçün yuxu və rahatlıq yeganə qardaşdan çox qiymətli idi. Halbuki, onu evin böyük uşağı olan Yaşar saxlamışdı. Atası onları qoyub getdiyindən Yaşar 10 yaşından ayaqyalın dənizdə balıq tutub, çöllərdə quş vurub ailəni yedizdirirdi. Böyüyəndə də alüminium zavodda təzyiqi 200-250 ola-ola elektroliz sexində, 2 min dərəcə istinin altında illərlə işləyib anasını müalicə etdirirdi, Bakıya, Moskvaya daşıyırdı onu, həm də bacılarını saxlayırdı. Bu cür qardaş hələm-hələm tapılan deyil. Üstəlik,cavabdeh ərə gedəndən sonra da ərini gətirib ata evində yaşadığından, onun yeri rahat olsun deyə Yaşar özü evlərindən çıxmışdı və onlar 2001-ci illərədək kirayələrdə yaşamışdırlar. Bütün bunların da müqabilində, bu cür qardaşa hər şeyi qurban vermək əvəzinə, cavabdeh nəinki Yaşarla maraqlanmaq, tez-tez təcili yardım çağırdığını, maşını qarşılamağa adam tapmadığını, əksərən qonşuları göndərdiyini bilə-bilə heç zəng vurub soruşmurdu ki -"Yaşarın halı necə oldu".Yaşar onun bu laqeydliyindən çox pis olurdu, çox fıkir edirdi, ürəyinə salırdı. 2022-ci ilin dekabr ayından başlayaraq 1 nəfər qonşu – L.M.Musayeva onun xahişi ilə o, evdə olmayanda-həkim, dərman, bazarlıq və s. dalınca gedəndə gəlib Yaşara baxırdı, çünki Yaşar tək qala bilmirdi, qorxurdu ki ağrısı tutar. 2023-cü ilin yanvarından Yaşarın səhhəti pisləşməyə doğru getdi. Yaşar bir neçə dəfə cavabdehə dedi ki “işindən şikayətlənirsən, işdən çıx gəl mənə bax, sənə ayda 150 manat pul verərəm”.O isə-"azdı" dedi. Qonşu L.Musayeva Yaşara pulsuz baxırdı, cavabdeh isə heç pulla da o yazığa baxmaq istəmədi. Cavabdeh məzuniyyətə çıxanda belə bunu gizlədirdi. Cavabdeh bu cür imansız, insafsız bir adamdır. Yaşar, vəsiyyətnamə barədə biləndən sonra çox narahat oldu. 2023-cü ilin yanvar ayında Yaşarla o, qonşu L.Musayevanın köməyi ilə Yaşarın xahişi ilə Sumqayıt şəhərində 4 saylı Notariat kontoruna getdilər. Yaşarın məqsədi bu idi ki başqa vəsiyyətnamə qoysun, bu vəsiyyətnaməni ləğv etdirsin. Notariusda isə məlum oldu ki Yaşar qeydiyyatda olduğu, Sumqayıt ş.Pİ-nin inzibati binasına qeydiyyatdan çıxarılıb və notariat əməliyyatı edilə bilməz. Ona görə də Yaşara yenidən qeydiyyata düşmək üçün ünvan axtarıb tapdılar, ora qeydiyyata düşdü, lakin artıq hərəkət edə bilmədi, notariata gedə bilmədi. Beləliklə vəsiyyətnamə qüvvədə qalmış oldu. 16 mart tarixində isə Yaşar rəhmətə gedən kimi cavabdeh dərhal mirasa sahiblik üçün düşdü notarius orqanlarının canına ki-"mən vərəsəyəm".Onun xəstə qardaşına baxan, qardaşı ilə 30 il birgə yaşayan onu isə ümumiyyətlə tanımaq belə istəmədi. Onun anlaşılan psixi durumu sabit deyil, yerində deyil. O, ancaq mal və pul ələ keçirmək fikri ilə yaşayan bir adamdır. Cavabdeh öz-özünə beynində nəsə düşünür, öz yalanlarına inanır və düşür onun üstünə. Cavabdeh heç yeganə qardaşının 40 mərasimində belə iştirak etmədi. Heç düşmən belə hərəkət etməzdi. Beləliklə, cavabdeh nə sağlığında Yaşara qiymət verdi, nə də ölümündən sonra hörmət qoydu. Yaşarın hazırda Beynəlxalq bankda müəyyən məbləğdə pulu var, hansı ki həmin pulun çoxusu onun Yaşarla birgə yaşadıqları dövrdə yığdıqları - 2011-cu il tarixindən başlayaraq ora qoyulan puldur. Yaşar xəstə idi, işləmirdi, pulu necə yığa bilərdi. Bu pul cavabdehə azlıq edir, o Yaşarla onun 2001-ci il tarixindən bir yerdə yaşadıqları, ona aid olan bağa da tamah salır. Yaşarın ölümünün əsas günahkarı cavabdehdir, çünki onun ağır xəstə olduğu 2 il müddətində gəlib bircə həftə ona baxmaq istəmədi. 2 ildi o cür xəstəyə tək qulluq edən, onu müayinə, müalicəsi, bütün problemləri ilə fasiləsiz məşğul olan və həm də ev işi, çöl işi, hər şeyi idarə edən 67 yaşlı o, 2 gün dincəlməyə imkan tapmadı ki, sağlam düşünə bilsin, bır çarə tapa bilsin ki bu xəstəyə daha necə kömək etmək olar. Tam əsəbləri pozulmuş, yuxusuzluq və fiziki əziyyət bır tərəfdən, digər tərəfdən də Yaşarın tək qaldığını, bacısının və qızlarının ona qarşı laqeydliyinə görə Yaşarın çox fikir çəkdiyini görüb o, mənəvi iztirab da çəkirdi, artıq özü də xəstə olmuşdu. Cavabdehin vecinə də deyildi ki Yaşar, ya o, necə əziyyət çəkir. Sutkanın 12 saatını rahat yatmalıydı. Bu cür qəddarlıqla da Yaşarın ölümünə şərait yaratdı, imkan verdi. Cavabdeh 2 il ərzində bircə həftə Yaşara baxsaydı, onu yəqin ki tam müalicə etdirə bilərdi ki daha 5-6 il, ya daha çox yaşasın. Qəddar və laqeyd cavabdeh buna imkan vermədi, onun vaxtsız ölümünə bais oldu. Beləliklə, cavabdeh qardaşının xəstə, tək, köməksiz vəziyyətdə qalmasından istifadə edərək onu notariusa aparıb, baxmayaraq ki Yaşar sonra o fikirdən vaz keçib, vəsiyyətnamənin tamamlanmış olduğunu bilməyib və vermək istəmədiyi üçün də bir daha cavabdehə şahid tapmasını tapşırmayıb, yaxud özü bunu etməyib. Həmin halları Yaşar ona vəsiyyətnamə barədə biləndən, 10 il əvvəl- cavabdehin onu notariusa apardığı yadına düşəndən sonra danışdı. Dedi axı vəsiyyətnamə işi alınmamışdı və o, çıxıb getmişdi". Bundan əlavə, AR Mülki Məcəlləsinin normalarına görə vəsiyyətnamə vəsiyyət edənin iradəsini ifadə etməmişsə bu vəsiyyətnamənin etibarsızlığma səbəb olur. AR Mülki Məcəlləsinin 1179-cu 1180-ci maddəsinin normasına görə vəsiyyət edən vəsiyyətnaməni özü tərtib etməlidi. Əgər özü tərtib etmirsə, notariusun vəsiyyətnaməni iki nəfər şahidin yanında yazmasına yol verilir. Bu vəsiyyətnamə isə iki nəfər şahidin deyil, şəxsiyyət vəsiqəsinin təqdim edilməsi ilə yazılıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işə iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X2 ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə cavabdehin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

5. İş materiallarında olan AZ-İİ 318239 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 419 nömrə ilə qeyd edilmişdir. 6.İşdə olan xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür, X3 ölən günə kimi ona məxsus bütün əmlakını Sumqayıt şəhəri, 26-cı məhəllə, Nizami küçəsi, ev 6, mənzil 54-də qeydiyyatda olan bacısı Cavabdeh vəsiyyət etmişdir. 7.İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X3 ümumi xəstəlik əsası ilə müddətsiz ikinci dərəcəli əlildir. 8.İşdə olan X3 ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanılmış xx.xx.2019cu il tarixli BPM**********30 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, X3 xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixə qədər 24 ay müddətinə 20000 manar pul vəsaitini Banka yerləşdirir. Bank isə Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürür. 9.İşdə olan X3 ilə Azərbaycan Beynəlxalq Bankı ASC arasında bağlanılmış xx.xx.2021ci il tarixli BPM**********08 nömrəli bank əmanəti müqaviləsindən görünür ki, X3 xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 12 ay müddətinə 5000 manat pul vəsaitini Banka yerləşdirir. Bank isə Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanəti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürür. 10.İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-38222024 saylı qərarının məzmunundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı X3 ilə iyuk 1995-ci il tarixindən birgə yaşayaraq birgə təsərrüfat aparmış olmaları faktının müəyyən edilməsi barədə tələbi təmin edilməmişdir. 11.İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1157/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3822/2024 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1157/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı iş üzrə Cavabdeh qardaşı X3 ilə faktiki nikah münasibətlərində olduğunu bildirərək X3 tərəfindən ona məxus bütün əmlakın Cavabdeh vəsiyyət edilməsi barədə xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 15.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı X3 tərəfindən verilən vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmir. Belə ki, iddiaçı Salehova X1 Yaşar Selfan oğlu ilə rəsmi nikah münasibətlərində olmamışdır.

17. Eyni zamanda, iş materiallarından görünür ki, ərizəçi Salehova X1 Yaşar Selfan oğlu ilə 1995-ci il tarixindən birgə yaşayaraq birgə təsərrüfat aparmış olmaları faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir və sözügedən qətnamə qanuni qüvvəsini almışdır. 18.Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 19.Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. 20.Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 21.İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, onu iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. 22.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. 23.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. 24.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar