Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1604/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 579,89 manat debitor borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda rəsmi qeydiyyatda olduqları ünvan 1-da 5 baş nəfər ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı həmişə bütün kommunal xidmətlərə görə haqları, o cümlədən elektrik haqlarına görə məbləğləri vaxtlıvaxtında ödəmiş və heç bir borcu da yoxdur. Yəni bunlar qanuna əsasən ödənilmişdir. Lakin, cavabdeh təşkilat tərəfindən naməlum qaydalar əsasında qanunsuz və əsassız olaraq onun heç bir borcu olmamasına baxmayaraq göstərilən ünvana 579,89 manat debitor borc hesablanmışdır. Bunu iddia ərizəsinə əlavə edilmiş sənədlər də təsdiq edir. İddiaçı dəfələrlə həmin idarəyə müraciət etmiş və evdə onların iddia etdiyi dövrdə heç bir borcun yaranmadığını, göstərilən xidmətlərə görə hesabatı düzgün hesablamalarını bildirmişdir. Sözügedən ev iddiaçının şəxsi evi deyil, ümumi ictimai binadır, yataqxanadır. Buradakı hamam, mətbəxt otağı, dəhliz və sairə sakinlərin ümumi birgə istifadəsindədir. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 15 dekabr 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, mənzildə sayğacdan kənar 2 x 1,5 mm mis naqildən istifadə edildiyi aşkar edilmiş və 15 dekabr 2022-ci il tarixli, 285355 saylı akt əsasında 558,81 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. İddiaçının istifadəsinə xx.xx.2022-ci il tarixdə yeni M 560 tipli zavod nömrəsi 21471741 olan sayğac verilmişdir. xx.xx.2023-cü il tarixdə sayğac oxunması həyata keçirilmiş və 14 gün ərzində dəyəri 11,76 manat təşkil edən 147kvt saat, xx.xx.2023-cü il tarixdə 29 gün ərzində 25,04 manat dəyərində, 460 kvt saat, xx.xx.2023-cü il tarixdə 30 gün ərzində dəyəri 26 manat təşkil edən 785 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Bu da onu göstərir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə etmişdir. Kənar xəttin ləğv olunmasına dair 319522 saylı protokol tərtib edilmişdir. Bundan əlavə iddiaçı öz iddia ərizəsində 579,89 manat hesabat aparıldığını qeyd etmişdir. Bu məbləğin akt əsasında hesablanmış məbləğlə heç bir uyğunluğu yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, yataqxanada yaşayır, orada hər evin öz sayğacı var. Sayğaca heç bir müdaxilə etməmişdir. Orada sayğacdankənar xətt mövcud deyil. Sözügedən sayğacı cavabdehin əməkdaşları çıxarıb aparıb. Əməkdaşlar akt tərtib edərkən mənzilə daxil olmayıblar. Akt onun iştirakı ilə tərtib edilib. Yataqxanada sayğaca baxan şəxs 579 manat borcları olduğunu bildirib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının borcu 596,83 manat təşkil edir. 558 manat borc akt əsasında hesablanmış, qalan məbləğ isə sərfiyyat borcudur. Elektrik enerjisindən qanunsuz şəkildə istifadə edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1960-cı ildə, Şamaxı rayonu, Xınıslı kəndində anadan olmuşdur. 1 saylı Mənzil-Kommual Sahəsinin xx.xx.2023-cü il tarixli, 35 saylı arayışında iddiaçının ünvan 1 ünvanında yaşadığı göstərilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli aktda ünvan 1 ünvanına sayğacdan kənar elektrik xətti çəkilərək elektrik enerjisindən istifadə edildiyi qeyd edilmişdir. İddiaçının abonent kimi qeydə alındığı Sumqayıt şəhəri, məhəllə 22, ev (bina) 0070, mənzil 00026-nın abunə haqqında məlumatından görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində xx.xx.2022-ci tarixli akt əsasında həmin mənzilə 558,81 manat borc hesablanmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 319522 saylı protokola əsasən kənar xətt ləğv edilmiş və sayğac dəyidirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İddiaçının yaşadığı mənzilin elektrik enerjisindən istifadəyə dair abonen məlumatından görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında aylıq sərfiyyatın dəyəri ən çox yanvar ayında 12,08 manat olmuşdur. Həmin ilin fevral ayında sərfiyyat 9,44 manat, mart ayında 5,12, apreldə 6,4, mayda və iyunda 6,16, iyulda 6,08, avqustda 6,80, sentyabrda 8,08, oktyabrda 5,92, noyabrda 2,96, dekabrda 5,20 manat olmuşdur. xx.xx.2022-ci il tarixli aktın tərtibindən sonra isə xx.xx.2023-cü il tarixində (təxminən 15 gün ərzində) sərfiyyat 11,76 manat, xx.xx.2023-cü ildə 25,04 manat, xx.xx.2023-cü ildə isə 26 manat olmuşdur. Aktın tərtibindən (sayğacdan kənar xəttin ləğv edilməsindən) sonra iddiaçının mənzilində elektrik enerjisindən istifadəyə görə sərfiyyatın təqribən 4-5 dəfə artması iddiaçının həmin dövrə kimi sayğacdan kənar elektrik xəttindən istifadə etdiyi qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Eyni zamanda iddiaçı ona hesablanmış 579,89 manat borcun silinməsini xahiş etsə də, müəyyən edilir ki, xx.xx.2022-ci tarixli akt əsasında həmin mənzilə 558,81 manat borc hesablanmışdır. İddiaçının silinməsini xahiş etdiyi qalan məbləğ isə onun sayğac əsasında yaranmış borcudur. Göründüyü kimi iddiaçı borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının əvvəllər yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi göstərilmişdir. İddiaçı qeyd edilən halı inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən ona hesablanmış 579,89 manat debitor borcunun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1604/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1604/2023
12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver