Məhkəmə qərarları › İş №2(060)-1612/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1612/2021

07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1612/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24.11.2020-ci il tarixli ******* saylı akta əsasən abonent saldosunda göstərilən 216 manat cərimənin və sayğacın dəyərinə görə hesablanmış 91 manat 21 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 2-ci mikrorayon ünvanda yerləşən, 22/57 saylı evin 53-cü mənzili onun mülkiyyətindədir. Bunu 12.07.2019cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da təsdiq edir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda mənzilin keçmiş mülkiyyətçisinin adı (Elşad İbrahimov) qeyd edilmişdir. Bir daha bildirir ki, mənzilin hal-hazırda mülkiyyətçisi özüdür. «Cavabdeh» İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış mexaniki tipli qaz sayğacı mexaniki tipli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 05 avqust 2020-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış mexaniki tipli qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X4 Kalibrləşmə Laboratoriyasında yoxlama keçirilmiş, 23.11.2020-ci il tarixdə tərtib edilmiş MSK-29/1710-04090-1 saylı akta görə «Sayğacın plastmas qapağının üst tərəfində iz və hesablama mexanizmini hərəkətə gətirən çarxların iş prinsipinə mane törədilməsi üçün çarxların arasında yad cisim (lent) aşkar olunduğundan» sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24.11.2020ci il tarixli ******* saylı akt tərtib edilmiş, sözügedən akta əsasən ona 216 manat cərimə hesablanmışdır. Mənzilinə təbii qazın verilməsi dayandırılmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmişdir və aktları imzalamamışdır. Bundan əlavə cavabdeh tərəfindən quraşdırılmış mexaniki tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının sıradan çıxmasında o, günahkar deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 12.07.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri 2-ci mikrorayon 22/57 saylı evin 53 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 05.08.2020-ci il tarixli ******* saylı aktdan, Sənaye və X4 kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 17.11.2020-ci il tarixli 29/1710-04090-1 saylı aktdan, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24.11.2020-ci il tarixli ******* saylı aktdan və digər sənədlərdən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanda sərf edilən qaz həcminin hesablanması üçün quraşdırılmış mexaniki sayğaca (G-4 markalı 00418518 nömrəli) ümumi baxış keçirilmişdir. Baxış zamanı sayğacın plastmas qapağının ekranının üst tərəfində iz olduğu, hesablama mexanizmini hərəkətə gətirən çarxının iş prinsipinə maneə törədilməsi üçün çarxların arasında yad cisim (şərid (lent)) aşkar olunduğu qeyd edilmişdir. Bu səbəbdən, sayğac laboratoriyada yoxlanılaraq, yenisi ilə əvəz edilməsi qərara alınmış, G-4 markalı 00418518 nömrəli mexaniki sayğac yeni mexaniki sayğacla (G-4 markalı ********** nömrəli) əvəz edilmişdir. Bundan başqa, aktlarla itirilmiş qaz sərfiyyatına görə hesablama aparılmış, istehlakçıdan 216 manat cərimə və sayğacın dəyərinə görə hesablanmış 91 manat 21 qəpik borcun tutulması tələbi irəli sürülmüşdür. Birinci akt tərtib olunarkən şahidlərin və istehlakçının özünün iştirakı təmin edilməmiş, akt şahidlər və iddiaçı tərəfindən imzalanmamış, aktda istehlakçının şəxsiyyəti müəyyən edilməmiş, mənzilin öncəki mülkiyyətçisi olan X1, adı qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçı yuxarıda qeyd olunan aktların məzmununda qeyd edilən sayğaca müdaxilə faktını mübahisələndirməyib, müdaxilənin, yaxud zədələnmənin onun təqsirli hərəkəti nəticəsində baş vermədiyini bildirir və hesab edir ki, itirilmiş qaz sərfinə görə cərimə, həmçinin qaz sayğacının dəyişdirilməsi ilə bağrı xərc ondan tutulmamalıdır. Məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir və vurğulayır ki, qaz sayğacına müdaxilənin, yaxud qaz sayğacının zədələnməsinin iddiaçının təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsinə dair sübutlar mövcud olmadığından, itirilmiş qaz sərfiyyatına görə hesablanmış cərimə, həmçinin yeni sayğacın quraşdırılması ilə bağlı xərc (vəsait) İddiaçı tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24.11.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 216 manat cərimə və sayğacın dəyərinə görə hesablanmış 91 manat 21 qəpik borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24.11.2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 216 manat cərimə və sayğacın dəyərinə görə hesablanmış 91 manat 21 qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar