Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1613/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında ona aid **********02580 saylı abonent koduna hesablanmış 777,60 manat məbləğində borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 159,96 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış G4 markalı, **********5 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən digər qaz sayğacı ilə əvəzlənmişdir. Əvvəlki əvəz edilmiş qaz sayğacı yoxlamaya göndərilmiş, Cavabdeh X1 Departamentinin rəyi əsasında xx.xx.2023cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib olunmuş, aktda G4 markalı, **********5 nömrəli sayğaca baxış keçirildiyi, sayğacın çıxış plastmas borusunun sınıq olduğu, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, qeyd olunan akt əsasında ona 6480 m3 itirilmiş qazın bərpası əsasıyla 777,60 manat məbləğində borc hesablanmışdır. Həmçinin əvvəlki dəyişdirilmiş sayğaca görə cavabdeh tərəfindən ondan 159,96 manat tələb olunur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxiləyə görə günahlandırılmış və ona borc hesablanmışdır. Qeyd olunan aktın əsasızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə istehlakçı məsuliyyət daşımalı olduğunu izah edə bilməmişdirlər. Bildirmişdir ki, tərəflərindən hər hansı bir müdaxilə olmamışdır, digər tərəfdən çöldə quraşdırılan sayğaca belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olmadığı qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Sayğaca hər hansı müdaxilə varsa belə müdaxilə hər hansı kənar şəxslər tərəfindən oluna bilər. Göründüyü kimi yaşadığı evə aid qaz sayğacına müdaxilə edilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış borc əsassızdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cərimə yazılması ilk dəfə deyildir. Bir dəfə də sayğaca cərimə yazılmışdır. Əvvəlki sayğac işlək vəziyyətdə olmuş, lakin çıxarıb yerinə smart kartla işləyən sayğac quraşdırmışdırlar. Bir müddət keçdikdən sonra həmin sayğacı da başqası ilə əvəzləmiş və limiti keçdiklərini bildirmişdirlər. Hətta Cavabdeh İB-nin əməkdaşı aylara bölərək ödəniş edə biləcəyini bildirmişdir. Evdə azyaşlı övladı olduğu üçün o ödəniş etməyə razılaşmış, yazılmış cəriməni tam ödəmişdir. Lakin 3 il sonra Cavabdeh İB-nin əməkdaşları yenidən gəlmişdirlər. Əməkdaşlardan biri onu 1 ildir ki, izlədiyini və sayğacın düzgün işləmədiyini bildirmişdir. Sayğacda problem var idisə, vaxtında bildirə bilərdilər. Həmin sayğacı çıxarıb aparmış, əvəzinə isə mexaniki sayğac quraşdırmışdırlar. Həmçinin sahə rəisi aktı imzalamayacağı təqdirdə sayğacın quraşdırılmayacağını bildirmişdir. 10 gün sonra evə qaz gəlmədiyinə görə həmin sayğacı da söküb aparmışdırlar. İlk dəfə cərimə yazılanda da sayğaca müdaxilə etdiyini bildirmişdirlər. Lakin həmin sayğacın plombu üstündə idi, içərisində deşik var idi. Plomb çıxarılmadan sayğacı deşməyi qeyrimümkündür. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, əvvəlki sayğac smart kartla olmuş, daha sonra mexaniki sayğac quraşdırılmışdır. Sayğacın membranı deşik olduğu üçün akt tərtib olunmuş, itirilmiş qazın bərpası üçün cərimə yazılmışdır. Sayğac laboratoriyaya göndərilmiş, lakin laboratoriya rəyi olmadan da membranda deşik olduğu görünürdü. Həmçinin iddiaçı tərəfindən vaxtıvaxtında ödəniş edilmir. Belə olduğu halda sayğac 10 manat dəyərində olan sərfiyyatı 5 manat kimi qeyd edir. İddiaçı taksi sürücüsüdür, maddi vəziyyəti yaxşı olmadığı üçün belə edə bilər.
Tədqiq olunan sübutlar:
5. Abonentin saldosundan görünür ki, İddiaçı ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə 777,60 manat məbləğində borcunun olduğu qeyd edilmişdir.
6. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına 14-2-2/3-5-111922/Q002 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 6480 kubmetr qaz itkisi hesablanmışdır.
7. 20 oktyabr 2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda qeyd olunmuşdur ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış, heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmiş, sayğacın çıxış borusunun membranının deşik olduğu müəyyən edilmişdir.
8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, metrologiya departamentinin rəyinə görə G4 markalı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun sınıq olduğu, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
11. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
-4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. 18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə ünvan 1 ünvanına ******* saylı “Qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən 777,60 manat məbləğində borc yazılmışdır.
16. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi G4 markalı sayğaca baxış keçirildiyi, sayğacın çıxış plastmas borusunun sınıq olduğu, sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etmədiyi göstərilmişdir.
17. Beləliklə, cavabdeh sayğacın istismara yararsız olduğu və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 777,60 manat və sayğacın dəyərinə görə 159,96 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
18. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
19. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etməküçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
21. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
22. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
24. Hazırkı işin halları baxımından cavabdehə qazdan istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, sayğacın çıxış plastmas borusunun sınıq olması və sair halların- iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsini sübut etmək yükü bu halı iddia edən tərəf kimi cavabdehin üzərində olmuşdur.
25. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni cavabdeh öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Ziyanın hesablanmasına əsas olmuş akt isə cavabdeh tərəfindən birtərəfli qaydada tərtib olunmaqla və sayğacın ümumi vəziyyətini özündə əks etdirməklə sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
26. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
27. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.
28. Qaz sayğacının iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin daxilində deyil, çölündə yerləşməsi isə işin mübahisələndirilməyən halıdır. Belə olan halda isə həmin sayğaca kənar şəxslər tərəfindən müdaxilə oluna bilməsi halı da istisna edilə bilməz.
29. Məhkəmə iddiaçının iddiasının sayğacın dəyərinə görə ondan tələb edilən 159,96 manat məbləğində borcun silinməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddia sayğacın dəyərinə görə tələb edilən 159,96 manat məbləğində borcun silinməsi hissəsində də əsaslıdır.
31. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlamasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini və sayğacın dəyərinə görə hesablanan məbləğin iddiaçıdan tələb etməsi əsassızdır.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********02580) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat, 60 (altmış) qəpik borc və sayğacın dəyərinə görə tələb edilən 159 (yüz əlli doqquz) manat, 96 (doxsan altı) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva