Məhkəmə qərarları › İş №2(060)-1615/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1615/2021

20.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1615/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə, Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 211,69 manatın və 30 manat dövlət rüsumunun, ümumilikdə 457,69 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli, 8512 saylı müqavilə əsasında cavabdehə məxsus yaşayış evini qazla təchiz edir. Həmin yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh müqavilənin tələblərini pozaraq qaz sayğacına müdaxilə etmiş və sayğacı yararsız hala salaraq təbii qazı talamışdır. Qaz sayğacı iddiaçının əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmişdir. Yoxlama zamanı sayğacın klapanının sınıq olduğu, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işlədiyi müəyyən olunmuşdur. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirilən zaman plastmas boruda deşik olduğu, hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yarasız olduğu müəyyən edilmişdir. Bu səbəbdən itirilmiş qazın sərfiyatına görə və qaz sayğacının dəyərinə görə tələb edilən məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia verərək Sumqayıt şəhəri, 12-ci mikrorayon, bağ evi 78-də istifadədə olan qaz sayğacına görə hesablanmış 211,69 manat borcun və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında hesablanmış 216 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, bağ evi 78-də İddiaçı İB-nin Sumqayıt Qaz İstismar sahəsinin sifarişi əsasında evin qaz sayğacı, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasında yoxlamadan keçmiş və bu idarənin verdiyi rəyə sayğac istismara yararsız qiymətləndirilmişdir. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən mənzilin daxilində deyil, çölündə yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən xx.xx.2019-cu il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qeyd olunan akt əsasında əsassız olaraq cavabdehə ilk olaraq sayğacın dəyəri 211,69 manat, sonradan isə 216,00 manat məbləğində borc hesablanmışdır. Cavabdeh əsassız olaraq qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, qaz sayğacını öz vəsaiti hesabına almışdır. İddiaçının əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsindən xəbəri olmamışdır. Sayğac həyətdən kənarda yerləşir və ona heç bir müdaxilə olunmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1960-cı ildə, Zəngilan rayonu, Xəştab kəndində anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, bağ evi 78 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 8512 saylı “Qazın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı cavabdehin mənzilini təbii qazla təmin etmək, cavabdeh isə bununla bağlı ödənişlər etmək barədə öhdəliklər götürmüşlər. İddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2019-cu il, ******* saylı akta əsasən cavabdehə məxsus mənzilin qaz sayğacı dövlət yoxlamasına aparılmış və sayğacın çıxış borusunda deşik aşkar olunmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən xx.xx.2020-ci il tarixdə qaz sayğacı dövlət yoxlamasına gətirilmiş, sayğacların müayinəsi laboratoriyasının rəyinə görə sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi yerində aşkar edilməmişdir. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. Həmin akt əsasında iddiaçının itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. Cavabdehə aid ünvanın **********00000 saylı abonent saldosunda cavabdehə akt əsasında 216 manat borc hesablandığı göstərilmişdir. İddiaçının cavabdehə ünvanlanmış məktubunda bildirilmişdir ki, cavabdehin ünvanında olan qaz sayğacı istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin ünvana müvəqqəti quraşdırılmış sayğacın dəyəri olan 211,69 manat və akt əsasında hesablanmış məbləğ 5 gün müddətində ödənilməzsə məhkəməyə müraciət ediləcəkdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin iddiaçı qaz sayğacının cavabdehin təqsiri ucbatından zədələnməsi və barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. Bu səbəbdən ilkin iddia əsaslı sayıla və təmin edilə bilməz. Həmçinin MPM-də göstərilmişdir ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa qarşılıqlı iddia qəbul edilir (156.1.2). Göründüyü kimi cavabdeh tərəfindən verilən qarşılıqlı iddia ilkin iddia üzrə tələb olunan borcun silinməsinə yönəlmişdir. İlkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, iddiaçı tərəfindən cavabdehə akt əsasında hesablanmış və qaz sayğacının dəyəri kimi ondan tələb edilən borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 211,69 manatın və 30 manat dövlət rüsumunun, ümumilikdə 457,69 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. “İddiaçı” İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, bağ evi 78də istifadədə olan qaz sayğacına görə Cavabdeh tələb edilən 211,69 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 216 manat borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar