Məhkəmə qərarları › İş №2(060)-1617/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1617/2021

12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1617/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Mirzəyev İlkin Rza oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Hüseyn oğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “pul” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh «İddiaçı» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 135 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 91.21 manat, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 256,21 manat tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi 11.06.2020-ci il tarixli 1795 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "İddiaçı” İB-nin Sumqayıt QİS tərəfindən **********30060 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2,5 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən 04.09.2019-cu il tarixdə Cavabdehnın mənzilində quraşdırılmış G-2,5 markalı, ******* nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-02877 nömrəli rəyinə əsasən Sumqayıt QİS-nin təqdim etdiyi mexaniki göstərici 8262m3, faktiki göstərici 15271 m3-dur, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsililib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 135,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 91,21 manat ümumilikdə 226,21 manat abonentdən tələb edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq tələb olunan 67,02 manat və əsassız hesablanmış 135 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanı mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ünvanda qazdan istifadəyə görə saygac üzrə ödənişləri vaxtında ödəmişdir və qaz sayğacına heç bir müdaxilə onun tərəfindən olmamışdır. 16.12.2019-cu il tarixdə Birliyin əməkdaşları tərəfindən mənzilin qaz sayğacına baxış keçirilmiş, saygaca guya müdaxilə olunduğu müəyyən edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Həmin aktın əsasında ona məxsus mənzilə əsassız olaraq 135 manat cərimə və sayğacın dəyəri olaraq 67,02 manat borc hesablanmışdır. O, bu borcu əsassız hesab edir. Belə ki, yaşadığı evin qaz sayğacı evindən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan müdaxiləyə görə o, məsuliyyət daşımır. Eləcə də akt tərtib olunarkən onun iştirakı olmayıb. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddianı müdafiə edərək ərizənin məzmununa oxşar məzmunda izahat verdi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İlkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Qaz paylayıcısı (paylayıcı) ilə sənaye qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə 11.06.2020-ci il tarixli, 1795 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. 16.12.2019-cu il tarixli ******* №-li aktından görünür ki, Cavabdeh məxsus, **********30060 nömrəli abonent kodu ilə qeydə alınmış yaşayış sahəsinə aid qaz sayğacının yoxlaması zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsililib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub. Abonentin saldosundan görünür ki, **********30060 nömrəli abonent kodu ilə qeydə alınmış Cavabdeh aid yaşayış sahəsinə 2019-cu il üzrə akta görə 135 manat borc hesablanmışdır. “İddiaçı” İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” 08 fevral 2021-ci il tarixli məktubdan görünür ki, G-2,5 markalı, ******* saylı məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qruğuşun plomb kəsilmiş və yapşqann maddə ilə yapışdırıldığından sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 67,02 manat borc hesablanmışdır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti qaz paylayıcısı olan iddiaçı təşkilat daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə istehlakçı-cavabdeh barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında iddia edilən məbləğ abonentdən (istehlakçıdan) tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia tələbi rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə tələb ilkin iddia ilə bağlı olduğundan və ilkin iddia rədd edildiyindən, qarşılıqlı iddia təmin edilməli, ünvan 2 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 67,02 manat borc və abonent saldosunda göstərilən 135 manat borc ləğv olunaraq abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 135-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. ünvan 2 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 67,02 manat borc və abonent saldosunda göstərilən 135 manat borc ləğv olunsun, **********30060 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar