Məhkəmə qərarları › İş №2(060)-163/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-163/2025

30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-163/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakda vərəsə paylarının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayış evinin onlar tərəfdən qəbul edilməsi müddətinin uzadılması, onların həmin evə vərəsəlik hüquqlarının tanınması, həmin evə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, 2V-110 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və xx.xx.2023-cü ildə Cavabdeh4 arasında bağlanmış №M-53 reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh4 adına verilmiş çıxarışın ləğvi, miras əmlakın qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/4 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, anaları X5 xx.xx.1997-ci ildə dünyasını dəyişmişdir. Ondan miras olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayış evi qalmışdır. Mərhumun qanun üzrə birinci növbə vərəsələridirlər. Cavabdeh4 isə mərhum qardaşı Nazim Qurbanovun həyat yoldaşıdır. Anasının vəfatından təxminən 25 il sonra DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi tərəfindən anasının adına bu evə dair çıxarış almaqla cavabdehlər – mərhum qardaşı Nazim Qurbanovun uşaqları Cavabdeh3 və Cavabdeh2 miras qoyan anasının yeganə vərəsələri (Nazim Qurbanovun övladları) kimi özlərini təqdim edərək xx.xx.2023-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin günü də miras əmlakdakı vərəsə payını anaları olan Cavabdeh4 bağışlamışlar. Bu ev onların ata evidir və həmişə bu evə ata yurdu kimi gedib gəlmiş və miras qoyan N.Qurbanovanın vərəsələri kimi onların da bu evdə vərəsə payları vardır. Lakin cavabdeh notariat kontoruna müraciət edərkən onlara bu barədə bildirməmiş və mərhum qardaşları Nazim Qurbanovu miras qoyanın yeganə vərəsəsi kimi təqdim edərək buna nail olmuşlar. Evə dair sənədlər cavabdehdə olduğu üçün onlara verməmişdi və onlar miras əmlakla bağlı vərəsəliyin açılması ilə bağlı müraciət etdikdə isə həmin evə dair çıxarışın olmadığı bildirilmişdir. Lakin cavabdeh onlardan xəbərsiz xx.xx.2022-ci ildə bu evə dair mərhum anasının adına çıxarış almaqla son nəticədə evin tam mülkiyyət əsasında öz adına keçirilməsinə nail olmuşdur. Miras qoyanın qanun üzrə birinci növbə vərəsələridir və miras əmlakda payın qeydə alınmaması mülkiyyət hüquqlarını pozur və cavabdeh miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi onların adını gizlətməklə bu riski öz üzərinə götürərək miras əmlaka bütünlüklə sahib çıxmaq istəmişdir. Belə hesab edir ki, onların hüquqları bərpa olunmalı, 2023-cü il yanvar ayının 28-də 1 saylı Sumqayıt Regional Asan Xidmət Məkəzində rəsmiləşdirilmiş 2V-110 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 28.012023-cti ildə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş 3M-53 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız sayılmalı, mirasın onlar tərəfdən qəbul edilməsi müddəti uzadılmalı, onların həmin evə vərəsəlik hüququ tanınmaqla analarından miras qalan əmlak üzərində 4 vərəsənin hər birinin payı 1/4 hissədə müəyyən olunmalıdır. Mərhum qardaşı N.Qurbanovun uşaqlarına çatan pay 1/4 hissədə müəyyən olunmalıdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçılar Nicabət xanımın qanun üzrə vərəsələridir. Sənədlər 1997-ci ildən bəri tərəflərdə olmamışdır. Ona görə onlar müvafiq orqanlara müraciət etməmişdirlər. Həmçinin tərəflərin bir xəstə bacıları olub və həmin bacı qeyd olunan evdə yaşayıb. Həmin bacı ölənə kimi iddiaçılar heç bir iddia irəli sürməmişdirlər. Lakin o öldükdən sonra onlar notariusa müraciət etmişdirlər. İddiaçı Mənsurə xanım 1-ci qrup əlilə baxır, onun bu sənədlərdən anlayışı yoxdur. Həmçinin digər tərəflərin də eyni qaydada anlayışları yoxdur. Burada cavabdehlər vərəsəlik açılan zaman iddiaçıların da Nəcabət xanımın vərəsəsi olmasını qeyd etməli idilər. Lakin onlar bunu gizlədərək hüquq pozuntusuna yol vermişdirlər. Həmin həyətdə bir neçə ev var. Həmin evlər kirayə verilmişdir. Tərəflər notariusa mülkiyyət sənədi ilə bağlı müraciət etsələr də, notarius onların ərizəsini qəbul etmir. Bildirir ki, ananın mülkiyyət sənədini təqdim edin, ondan sonra vərəsəliyi açacaqdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, anası 1997-ci ildə vəfat etmişdir. 1997-dən bəri notariat orqanına müraciət etməmişdirlər. Çünki evin sənədləri rəhmətə gedən qardaşında idi. Həmin sənədləri onlardan tələb etdikdə isə onlarda olmadığını bildirmişdirlər. Anası öləndən sonra həmin evdə rəhmətə gedən bacısı o evdə yaşayırdı. Həmçinin həmin həyətdə başqa bir ev də vardır. Cavabdehlərdən Cavabdeh4, həmçinin rəhmətə gedən qardaşının ailə üzvləri orada yaşayır. Qardaşı 2021-ci ildə vəfat etmişdir. 1990-1991-ci illərdə cavabdehlər anasının evinə köçdülər və həyətdəki olan ikinci evi kirayə verdilər. O, anasının vəfatından sonra həmin evdə yaşamamışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, anası vəfat etdikdən sonra notariat orqanına müraciət etməsə də, kənd sovetliyinə müraciət etmişdir. Kənd sovetliyinə 1998-ci ildə müraciət etmişdir. Ailə qurana kimi sözügedən evdə yaşamışdır. 1978-ci ildə o evdən çıxsa da, daima o evə gedib gəlmişdir. Anası 1997-ci ildə rəhmətə getmişdir. Evin sənədləri anasında idi. Bacısı da anasının yanında olduğu üçün sənədlər bacısında qalmışdır. Anası rəhmətə gedəndən sonra sənədlər bacısında cəmi 1 gün qalmışdır. Qardaşı xəstə olduğuna görə o evə tez-tez gedirdilər. Evə tez-tez ev alqı-satqısı ilə məşğul olan şəxslərin gəldiyini müşahidə etmişdirlər. Sonradan onlara xəbər gəlmişdir ki, ev satılır. Bu hadisələrdən sonra məhkəməyə müraciət etmişdirlər. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o da notariat orqanına müraciət etməmişdir. Bacısı 2022-ci ildə onkoloji xəstəlikdən vəfat etmişdir. Bacısının psixoloji durumu qaydasında idi. Ailə qurduqdan sonra o həmin evdən köçmüşdür. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, 1997-ci ildə mülkiyyətçi rəhmətə getmişdir. Lakin bu zamana kimi anası ilə yaşayan tək oğul Nazim olmuşdur. Həmçinin Nazim həmin evdə ailəsi ilə qeydiyyatda idi. 1988-ci ildə Nazim ailə qurmuşdur. 1988-1997-ci illər arasında, həmçinin ondan sonra da Nazim öz ailəsi ilə həmin evdə yaşamışdır. 2022-ci ilin dekabrında Sədi və Orxan notariat orqanına müraciət etmiş, atalarına münasibətdə mirası qəbul etmişlər. İki qardaş arasında razılaşaraq evi analarının adına keçirirlər. Mirası da faktiki olaraq Nazim və ailəsi qəbul etmişdir. 27 ildir ki, hal-hazırki iddiaçılar mirası qəbul etməmişdirlər. Odur ki, hazırki iddia əsassızdır.

8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, iddia tələbini qəbul etmədiyini və nümayəndəsinin izahatına əlavəsinin olmadığını bildirmişdir.

9. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh4 izahatında bildirdi ki, 34 ildir ki, orada yaşayır. Həyətdə yalnız kiçik bir ev vardır. 60 manata kirayə vermişdir.

10. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, bibiləri ilə razılığa gəlməyə çalışmışdır. Ona tam pay istədiklərini bildirmişdirlər. Onlara torpağın satılmasını, yerbəyer edilməsini, satışdan əldə olunan pul vəsaitindən nə qalsa bölünməsini təklif etmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Kadstrı və Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

13. V-ЖГ 244779 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 iyun 1997-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir.

14. AZ-İİ 174325 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 aprel 2021-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 739 nömrə ilə qeyd edilmişdir.

15. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli arayışdan görünür ki, X10 ilə X2 nikahı haqqında 02 aprel 1947-ci il tarixdə 04 nömrəli akt qeydi tərtib olunmuşdur.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvanlanmış 14 iyun 2024-cü il tarixli, 1480, 1481 və 1482 nömrəli məktublardan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi və eyni zamanda miras şərikləri arasında ixtilafların mövcud olması səbəbindən mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin bərpası və miras şərikləri arasında ixtilafların həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X17 Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

18. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi X8 idi, lakin onun xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsələri – Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 miras əmlakdan hər birinə 1/3 hissədə irs alır, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********82-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysetrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,3 kv.m olan fərdi yaşayış evindən və 0,0797 ha torpaq sahəsindən ibarətdir.

19. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi notariat ofsinin xüsusi notariusu Əmirəliyev Ə.M tərəfindən verilmiş 28 yanvar 2023-cü il tarixli, 2V/110 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payı anaları Cavabdeh4 bağışlamışdırlar.

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh4 13 yanvar 2006-cı il tarixdən ünvan 1-də qeydiyyatdadır, Cavabdeh2, Cavabdeh3 həmin ünvanda qeydiyyatda olan şəxslərdir.

Məhkəmə baxışının hədləri:

21. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Konstitusiyası. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

23. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı;

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

25. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X5 (iddiaçıların anası) 08 iyun 1997-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 16 nömrə ilə qeydiyyat aparılmışdır. Onun oğlu X9 02 aprel 2021-ci ildə ölmüşdür. Hazırki cavabdehlərdən Cavabdeh4 X6 arvadı, Cavabdeh2 və Cavabdeh3 isə övladlarıdır. X1 miras qalmış əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 82-ci məhəllə ərazisində yerləşən 285 saylı fərdi yaşayış evindən ibarət olmuşdur. Həmin əmlak üzərində mülkiyyət hüququ Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” və Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-cü il tarixli, 1444 nömrəli vərəsəlik məktubu əsasında mərhum X3 adına qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X3 vərəsəsi X6 xx.xx.2021-ci ildə vəfat etməsi ilə əlaqədar onun vərəsələri – Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 yuxarıda adı qeyd edilən miras əmlakdan 1/3 hissədə pay almışlar. Bundan sonra 3M-53 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh4 adına qeydiyyata alınaraq xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və daşınmaz əmlak hal-hazırda Cavabdeh4 mülkiyyətindədir.

26. Hazırda mərhum X3 övladları - iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras qalmış əmlaklardan pay almağa nail olmaq istəyir və vərəsəlik işi açılarkən mərhumun birinci növbəli vərəsəsi kimi vərəsəliyə çağırılmadıqlarını və miras əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin əmlakdan onlara da pay ayrılacağını gözlədiklərini bildirərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, mirasın qəbul edilməsi müddətinin uzadılmasını məhkəmədən xahiş edirlər.

27. Məhkəmə iddiaçıların anası X3 08 iyun 1997-ci il tarixdə vəfat etdiyini və mübahisənin də məhz analarından qalmış miras əmlakla bağlı olduğunu nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə müvafiq olaraq hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

28. Həmin Məcəlləyə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

29. Göründüyü kimi, əvəllər qüvvədə olmuş qanunvericilik də mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq- aşkar təsdiqləyir və sübut edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

30. Hazırki işdə iddiaçıların miras əmlakı faktiki qəbul etməmələri işin mübahisə olunmayan halıdır. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 ailə qurduqdan sonra həmin evdə yaşamadıqlarını bildirmişlər. Eyni zamanda digər İddiaçı1 da anasının vəfatından sonra həmin evdə yaşamadığını bildirmişdir. Beləliklə iddiaçıların miras əmlakı faktiki olaraq qəbul etməmələri məhkəmə iclaslarında verdikləri izahatları ilə təsdiq edilmişdir. Belə olan halda sözügedən əmlak iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilməmişdir.

31. Mirasın iddiaçılar tərəfindən formal qəbulu ilə bağlı, yəni notariusa mirası qəbul etmələri ilə bağlı ərizə ilə müraciət etmələri ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar bununla bağlı notariat orqanına 14 iyun 2024cü il tarixdə ərizə ilə müraciət etmişlər. Bundan əvvəl, yəni 25 (iyirmi beş) ildən artıq müddətdə notariat orqanına yazılı müraciətləri olmamışdır. Notariat orqanına gec müraciət etmələrinin səbəbi kimi miras əmlak olan fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını, hüququn qeydiyyata alınması üçün ilkin sənədlərin onlarda olmadığını və cavabdehlər tərəfindən onlara verilmədiyini və həmin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından və bununla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən gec məlumatlarının olduğunu göstərmişlər. Bu səbəbdən də mirasın qəbul edilməsi müddətinin uzadılmasını məhkəmədən xahiş etmişlər.

32. Məhkəmə iddiaçıların qeyd edilən dəlilərinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

33. Beləliklə miras açıldığı gündən iddiaçıların fomal olaraq miras əmlakı qəbul etmələri ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmək hüquqları olmuşdur. Lakin üzərindən uzun müddət, yəni 25 (iyirmi beş) ildən çox müddət keçdikdən sonra onlar ərizə ilə notariat orqanına müraciət etmişlər. Beləliklə iddiaçılar mirasın formal qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər.

34. Məhkəmə iddiaçıların miras əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmaması səbəbindən notariat orqanının onların miras əmlakı qəbul etmələri ilə bağlı müraciətlərini qəbul etməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, bu halı təsdiq edən hər hansı bir yazılı sübut məhkəməyə təqdim edilməmişdir. Miras əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması isə bununla bağlı vərəsəlik işinin açılmasını istisna etmir, həmin əmlak üzərində payların müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edir. Yəni əmlak üzərində ilkin sənədlər mövcud olmasa belə vərəsənin notariat orqanına miras əmlakı qəbul etməsi ilə bağlı müraciəti əsasında vərəsəlik açılır, lakin əmlak üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən vərəsələr arasında payların bölgüsü mümkün olmur və bu bölgü əmlak üzərində hüququn qeydiyyatından sonra mümkün olur.

35. Miras əmlaka dair ilkin sənədlərin cavabdehlərdə olması ilə bağlı iddiaçıların dəlillərinə gəlincə məhkəmə qeyd edir ki, analarının vərəsəsi olaraq iddiaçıların da qeyd edilən əmlaka dair arxiv sənədlərini əldə etmək, sözügedən əmlak üzərində analarının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına nail olmaq imkanları olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların dəlilləri bu hissədə də əsassızdır.

36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən dəlillər mirasın qəbul edilməsi müddətini uzadılması üçün əsas ola biməz.

37. İddiaçının nümayəndəsi və vəkilinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqelərinə istinadən iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin qərarda Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin deyil, hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda, Konstitusiya Məhkəməsinin sözügedən qərarındakı mövqelərinin xx.xx.2000-ci ilədək yaranan mübahisəli hüquq münasibətlərinə tətbiqi doğru deyildir.

38. Beləliklə göründüyü kimi iddiaçı miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişdir ki, bu da onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlməyə əsas verir.

39. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin qalan hissələri yalnız mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı tələbin təmin edildiyi halda uğurlu ola bilərdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qalan hissələrdə də təmin edilməməlidir.

40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlakda vərəsə paylarının müəyyən olunması tələbi təmin edilməməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mərhum anası X1 miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12-ci məhəllədə yerləşən 285 saylı fərdi yaşayış evinin onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılması, onların həmin evə vərəsəlik hüquqlarının tanınması, həmin evə dair 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2023-cü il tarixli, 2V-110 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin və xx.xx.2023-cü ildə Cavabdeh4 arasında bağlanmış №M-53 reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh4 adına verilmiş çıxarışın ləğvi, miras əmlakın qanun üzrə vərəsələr arasında bölünərək hər birinin payının 1/4 hissədə müəyyən olunmasına dair iddiaları təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar