Məhkəmə qərarları › İş №2(060)-1630/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1630/2023

28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1630/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, oğlu X3, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) «Azəriqaz» İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1044,70 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 6-cı keçid, 23-cü məhəllə, ev 18 iddiaçının mülkiyyətindədir. Təbii qazdan istifadəyə görə iddiaçı tərəfindən ödənişlər vaxtı-vaxtında aparılır. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin nümayəndələri iddiaçının ünvanına məxsus məişət qaz sayğacını onun iştirakı və xəbəri olmadan çıxararaq növbəti dövlət yoxlamasına göndərilməsi ilə bağlı akt tərtib etmişlər. Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən ünvanına quraşdırılmış G-4 markalı, **********528 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş, Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən verilmiş rəyə əsasən sayğacın çıxış plastmas borusu deşilib, sayğacın istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb, xətalar normadan artıqdır, sayğac nominal və minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sumqayıt QİS dəymiş ziyanın bərpasına dair tələbnamə ilə (8640m2) 864 manat dəymiş ziyanın dəyərini iddiaçının ödəməyini tələb edir. Dövlət yoxlamasına göndərilən sayğac çıxarılarkən sayğacın plombu üzərində olduğundan iddiaçının ona müdaxilə etməyi mümkün deyil. İddiaçının nümayəndəsi, oğlu X5 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, sayğac mənzildən kənarda yerləşir. Sayğaca onlar tərəfindən müdaxilə olunmayıb. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Həmçinin akt əsasında iddiaçıya 1036,80 manat borc hesablanmışdır. İddiaçının silinməsini xahiş etdiyi qalan məbləğ isə onun debitor borcudur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçı yuxarıda qeyd edilən ünvanda yaşayır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yaddaşı arxiv olundu. Sayğacda istismar müddətində “ALARM-1” rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda nisbi xəta ilə işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən iddiaçıya 8640 kub metr əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 1036,80 manat borc hesablandığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 1044,70 manat məbləğin silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 1036,80 manat borc hesablanmışdır. İddiaçının silinməsini xahiş etdiyi qalan borc məbləği isə onun akt əsasında yaranmış borcuna aid deyildir. İddiaçı həmin məbləğin əsassız hesablanmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış 1036,80 manat borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasında İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar