Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1635/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakı ilə iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 ASC-ə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 ASC-ə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 3 saylı Notariat Kontoru tərəfindən verilmiş 10.09.2020-ci il tarixli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusunun 10 sentyabr 2020-ci il tarixli icra qeydi əsasında İddiaçı 1463,22 manat pulun tutularaq Cavabdeh3 ASC-nin xeyrinə tutulması müəyyən edilmişdir. İddiaçı notariusun icra qeydini əsassız hesab edir. Belə ki, onunla Cavabdeh3 ASC-nin Sumqayıt Filialı arasında FR/75405/71/11 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ona 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1432,06 manat kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə görə o, Cavabdeh3 ASC-ə 11.11.2019-cu ildən 12.10.2020-ci ilə qədər hər ay 1 manat 20 qəpik ödəniş etməlidir O, həmin ödənişi vaxtında icra etmişdir. Onun Cavabdeh3 ASC qarşısında müqavilə üzrə öhdəliyi yoxdur. Buna görə də icra qeydini əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, restrukturizasiya düşdükdən sonra 1 dəfə noyabr ayında ödəniş etmişdir. Lakin ödəniş etməsi barədə qəbzləri olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi iddiaçının ödənişləri etmədiyini, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Оfisinin notariusu Mustafazadə T.M ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Digər cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh3 ASC-nin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -10.10.2019-cu il tarixli, FR/75405/71/11 saylı müqaviləsinə əsasən Cavabdeh3 ASC İddiaçı 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1432,06 manat kredit vermişdir. - 14.09.2020-ci il tarixli bildirişdən görünür ki, icra qeydi üzrə icra məmuru tərəfindən, tələbin könüllü icra olunması barədə bildiriş borcluya göndərilmişdir. - 14.09.2020-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisin xüsusi notariusunun 8İ-5552 saylı, 08.09.2020-ci il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. -10.09.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə Cavabdeh3 ASC-nin tələbi ilə İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1463,22 manat tutmaya yönəldilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh3 ASC arasında bağlanmış 10.10.2019-cu il tarixli müqaviləyə əsasən borcluya 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə, illik 1% dərəcəsi ilə 1432,06 manat kredit verilmiş, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. 10.09.2020-ci il tarixində Sumqayıt şəhər 3 saylı Notariat Ofisi tərəfindən icra qeydi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanununun 76-cı maddəsində o da göstərilmişdir ki, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi aydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1.3-cü maddəsinə əsasən notariusun icra qeydləri dərhal icraya yönəlməlidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, notarius icra qeydini qanunvericiliyin tələblərinə uyğun aparmış, iddiaçı icra qeydi verilənə qədər hər hansı sənədi, o cümlədən kredit müqaviləsini mübahisələndirməmiş, borcunu ödəməsi ilə bağlı dəlili iş materialları ilə təsdiqini tapmamış və bu barədə onun tərəfindən sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı icra qeydi verilənə qədər hər hansı bir sənədi, o cümlədən tərəflər arasında bağlanmış kredit müqaviləsini mübahisələndirməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 ASC-ə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə və Cavabdeh3 ASC-ə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1635/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1635/2021
01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver