Məhkəmə qərarları › İş №2(060)-1653/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1653/2021

25.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1653/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “Cavabdeh” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, əsassız olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi və yeni sayğacın quraşdırılmasına görə hesablanmış 211,69 manat, 80 manat məbləğində tutulmuş pulun, həmçinin 1000 manat dəyərində maddi və mənəvi ziyanın cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, bağlar 1, ev 4730 saylı fərdi ev iddiaçıya məxsusdur. Qaz sayğaçı evin yerləşdiyi həyatyanı sahədən kənarda, yəni küçədə yerləşir. Qaz sayğacının çıxarılması iddiaçının iştirakı olmadan aparılmışdır. xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktla iddiaçıya məxsus fərdi evdə istifadə olunan qaz sayğacına müdaxilə olunduğusayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğu qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli məktuba əsasən sayğaca iddiaçının müdaxilə etməyini əsas gətirərək yeni qoyulmuş sayğaca görə 211.69 manat tələb etmişlər. Qaz idarəsinə bu aktı alandan sonra məlumat verdikdə bildirdilər ki, bu həmin sayğaca müdaxilə olunması şübhəsi yaradır. Bu absurd bir yanaşmadır. Sayğacın plombuna hər hansı bir müdaxilə etməmişdir. Akt iddiaçı tərəfindən imzalanmamış və ya qeydlər edilməmişdir. Fərdi evdə istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus fərdi evin daxilində deyil, qaz sayğaçı evin yerləşdiyi həyatyanı sahədən kənarda yerləşdirilmişdir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının oun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən xx xxxxxx 2020-ci il tarixində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Qeyd olunan akt əsasında əsassız olaraq iddiaçıya 211.69 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan istifadəyə görə qaza ayrı-ayrı vaxtlarda 50 manat və 30 manat pul ödəmişdir. Lakin, Cavabdeh bu məbləği əsassız hesabladığı borc kimi çıxmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1948-ci ildə, Zərdab rayonu, Seyidlər kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya məxsus mənzilin qaz sayğacı dövlət yoxlamasına aparılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, Bağlar 1, ev 4730 saylı fərdi evin sayğacı xx.xx.2020-ci il tarixdə dövlət yoxlanılmasına aparılmış və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir. Sayğacın yaddaşı oxunmuş, Alarm-1 rejimi aşkar olunmuşdur. Həmin akt əsasında iddiaçının itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehə 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********00300 saylı abonent saldosunda cavabdehə akt əsasında 216 manat borc hesablandığı göstərilmişdir. İddiaçının cavabdehə ünvanlanmış məktubunda bildirilmişdir ki, cavabdehin ünvanında olan qaz sayğacı istismara yararsız kimi qiymətləndirilmişdir. İtirilmiş qazın sərfiyyatına görə hesablanmış 211,69 manat ödənilməzsə hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci bölməsində göstərilmişdir ki, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş fakt, habelə nəticələr və təkliflər ifadə olunur. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi akt müəyyən bir hadisənin və ya faktın təsdiq edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. İşdən göründüyü kimi xx.xx.2020-ci il tarixli, ******* saylı akt sayğacda keçirilən yoxlama nəticəsində onun nasaz olması və qüsurla işləməsi haqqındadır. Aktın tərtib edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia aktın ləğv edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. Bu səbəbdən iddiaçıya hesablanmış borc silinməlidir. Bundan əlavə iddiaçı cavabdehdən 80 manat pul və 1000 manat dəymiş maddi və mənəvi ziyanın əvəzinin tutularaq ona verilməsini xahiş etsə də, bu tələblərlə bağlı heç bir əsas və sübut təqdim edə bilməmişdir. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında iddiaçı İddiaçı əsassız hesablanmış 216 (iki yüz on altı) manat və yeni sayğacın dəyəri kimi ondan tələb edilən 211 (iki yüz on bir) manat 69 (altmış doqquz) qəpik məbləğində borclar silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar