Məhkəmə qərarları › İş №2(060)-1653/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1653/2022

18.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1653/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən yaşadığı Sumqayıt şəhəri Tağıyev qəsəbəsi, Karvansaray küçəsi ev 140-a hesablanmış 1150,35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, hazırda o, Sumqayıt şəhəri Tağıyev qəsəbəsi, Karvansaray küçəsi ev 140-da yaşayır. Laçın rayonunu Güləbird kəndindən məcburi köçkündür. Yaşadığı evin sayğacı atası X2 adınadır. Atası 09.01.2022-ci ildə vəfat etmişdir. Sayğacı öz adına sənədləşdirmək istəyərkən ona cavabdeh tərəfindən bildirilmişdir ki, 31.12.2016-cı il tarixə 1150,35 manat borc vardır. Həmin borcun silinməsi ilə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin edilməsi haqqında” fərmana uyğun olaraq 2017-ci ilin 01 yanvar tarixindən aylıq müavinət müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq həmin tarixə kimi kommunal borclar dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada tam şəkildə ödənilmişdir. Ona görə də hazırda cavabdeh tərəfindən hesablanmış 1150,35 manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, abonent kodu **********03898 olan abunə hesabında qaçqın borcunun silinməsi olaraq 1150,35 manat borc göstərilmişdir. Məhkəmə sorğusuna Azərişıq ASC “Şimal” RETSİ tərəfindən verilmiş cavabdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********03898 saylı kodla 25.09.2007-ci il tarixindən Quliyev Qüdrət adı ilə abonent qeydiyyatdadır. Abonentin mənzilinə 22.04.2009-cu ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmiş və 15.01.2019-cu ildə 132099 saylı akta əsasən sayğac VİKO-M580DB0T tipli ******* nömrəli sayğacla əvəz edilmişdir. Məlumat üçün bildirilir ki, 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1150,35 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi lələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Abonentin 31.12.2016-ci il tarixdən 08.03.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata borcu yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enercitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enercisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enercisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enercitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enercisinə görə ödəniş alır, digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən İstehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakcı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enercisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq hesablanılmış borc silinməlidir. Eləcə də işin hallarından göründüyü kimi mübahisələndirilən borc məbləği qaçqın borcu olmaqla, həmin borc cavabdeh tərəfindən tələb olunmur. Bununla yanaşı məhkəmə qeyd edir ki, 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Şərh olunan hüquq normasının göstərişindən də göründüyü kimi mübahisələndirilən borc üzrə tələbetmə müddəti ötmüşdür. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən 31,50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-yə aid **********03898 saylı abunə hesabından 1150,35 (bir min yüz əlli manat, otuz beş qəpik) manat borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 31,50 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar