Məhkəmə qərarları › İş №2(060)-1655/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1655/2022

19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1655/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri Asan Xidmət Mərkəzi notariat ofisinə qarşı «buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhəri Asan Xidmət Mərkəzi notariat ofisinə qarşı «buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Nəcəfov Adil Fətulla oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 nömrəli bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası Nəcəfov Adil Fətulla oğlundan Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 nömrəli bağ sahəsi miras qalmışdır. O və ailə üzvləri miras əmlakın qəbul edilməsi üçün vərəsəlik işinin açılması məqsədi ilə Cavabdehnə müraciət etmişlər. Notariat ofisi onlara müddətin ötürüldüyünü və ona görə də məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Buna dair 14.10.2021-ci ildə imtina məktubu notarius tərəfindən təqdim edilmişdir. Onlar ailə olaraq bilməmişlər ki, atası vəfat etdikdən sonra vərəsəlik üçün müraciət etməliymişlər. Məlumatsız olduqlarından bu qədər vaxt keçmişdir. Ona görə də atası Nəcəfov Adil Fətulla oğlundan miras qalmış Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 nömrəli bağ sahəsinə dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının fikrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin 14 oktyabr 2021-ci il tarixli 2842 №-li məktubundan görünür ki, Nəcəfov Adil Fətulla oğlunun 22.02.1991-ci ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın oğlu İddiaçı ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İV-ЖГ seriyalı 311019 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəcəfov Adil Fətulla oğlu 22 fevral 1991-ci ildə ölmüşdür. Vİİ-ЖГ seriyalı 263522 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Nəcəfov Adil Fətulla oğlu, anası X1r. 17 dekabr 1979-cu il tarixli İcarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 nömrəli 0,25 hektar bağ sahəsi 17 aprel 1975-ci ildən 17 aprel 1985-ci ilə kimi Nəcəfov Adil Fətulla oğlunun icarəsinə verilmişdir. 02.12.2010-cu il tarixli 904 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər zəhmətkeş deputatlar sovetinin icraiyyə komitəsinin iclasının 11 iyun 1965-ci il tarixli 12 nömrəli protokolu ilə bağ evlərinin tikintisi altında olan torpaq sahələrinin bölüşdürülməsi barədə Sumqayıt şəhər zəhmətkeş deputatlar sovetinin icraiyyə komitəsinin qərarından görünür ki, Novxanı ərazisində yerləşən sahəsi 580 ha olan torpaq sahəsi Azərbaycan SSR xalq təsərrüfatı sovetinin 34, 4 saylı avtobazasında işləyən 29 nəfər vətəndaş paylanması qərara alınmışdır. Həmin siyahıya Nəcəfov Adil Fətulla oğlunun adı da daxil edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan ünvanlandığı 20.10.2021-ci il tarixli 997 nömrəli cavabdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Beləliklə, göründüyü kimi iddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 ünvanda yerləşən torpaq sahəsinin atasından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılmasını tələb edir. Məhkəmə hesab edir ki, araşdırılan mübahisənin qanuni həlli baxımından ilk öncə mübahisə predmeti olan əmlakın hüquqi statusu araşdırılmalı, miras əmlak kütləsinə daxil olub-olmamasına qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Şərh olunun hüquq normalarının məzmunundan göründüyü kimi miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, mülkiyyət hüquqları qeydə alınmamışdır. Nəcəfov Adil Fətulla oğlu Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 nömrəli bağ sahəsinə icarə hüququ əsasında sahib olmuşdur. Nəcəfov Adil Fətulla oğlu vəfat etdikdən sonra isə vərəsələri tərəfindən icarə müqaviləsinin ləğvi və ya davam etdirilməsi barədə hər hansı müraciət olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq mülkiyyətiçisi, istifadəçisi (icarədar) öldükdə və vərəsələr olmadıqda torpaqdan istifadə hüququna xitam verilir. “Torpaq islahatı haqqında” 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 90-cı maddəsinə əsasən torpaq dövlətin müstəsna mülkiyyəti olmaqla ancaq istifadəyə verilə bilər. Şərh olunanlara istinadən məhkəmə qeyd edir ki, 1991-ci ilədək torpaq sahələri üzərində yalnız dövlət mülkiyyəti olmuş, vətəndaşların isə torpaq sahələri üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmələri daimi istifadə formasında olmuşdur. Bu baxımdan iddiaçının atası - Adil Nəcəfov torpaq sahəsi üzərində mülkiyyət hüququna deyil, sahiblik və istifadə hüquqlarını həyata keçirməklə daimi istifadə formasında bağ sahəsinə malik olmuşdur. Məhkəmə hesab edir ki, bu hal həmin torpaq sahəsinin vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Belə ki, ifadə olunan hüquq nomalarından da göründüyü kimi yalnız torpaq mülkiyyətçilərinin torpağı vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Mübahisə predmeti olan bağ sahəsi hazırki halda dövlət mülkiyyətində olmaqla, Adil Nəcəfov xüsusi mülkiyyət hüquqi ilə həmin əmlaka malik olmadığından həmin bağ sahəsi vərəsəlik qaydasında keçə bilməz. Məhkəmənin qənaətincə mübahisə predmeti olan torpaq sahəsi miras kütləsinə daxil deyildir. Bu baxımdan məhkəmə həmin əmlaka münasibətdə mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və uzadılması əsaslarını araşdırmır və bu məsələyə qiymət verilməsinə zərurət görmür. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3606 ünvanda yerləşən bağ sahəsi miras əmlak hesab edilmədiyindən həmin əmlaka dair mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və uzadılması əsassızdır. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt şəhəri Asan Xidmət Mərkəzi notariat ofisinə qarşı «buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi və müddətin uzadılması» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar