Məhkəmə qərarları › İş №2(060)-1673/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1673/2022

06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1673/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvanına quraşdırılmış köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh tərəfindən 30.12.2021-ci il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib olunmuş və həmin akta əsasən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin akta əsasında sayğacın dəyərinə görə 185.73 manat və dəymiş zərərə görə 432 manat borc hesablanmışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında onun ünvanına hesablanmış borcla razı olmadığına görə borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmədən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğacın dəyərinə görə hesablanmış 185.73 manat və dəymiş zərərə görə hesablanmış 432 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən ünvanlarına quraşdırılmış sayğac yenisi ilə əvəz olunarkən problem aşkarlanmışdır. Həyət evində yaşayırlar, sayğac isə küçədə yerləşir. Onlar tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. Ona görə də, iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 borcun silinməsi tələbinə dair iddia tələbi əsassız olduğundan məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 30.12.2021-ci il tarixli aktın surətindən görünür ki, 29.12.2021-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş G-4 markalı sayğaca baxış keçirilmiş, sayğacın klapanını işlək olmaması, çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması aşkar edilmişdir. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan 30.12.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 30.12.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4320 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 27.07.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, iddiaçının mənzilində quraşdırılmış sayğac yeni sayğacla əvəz edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00000) İddiaçı məxsus ünvan 1 ünvanına akta görə 432 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 30 dekabr 2021-ci il tarixli, MSK-29/1710-04499-1 saylı aktın surətindən görünür ki, sayğacın klapanını işlək olmaması, çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması aşkar edilmişdir. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Məhkəmə iclasında iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğaca baxış zamanı müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Sayğacın çıxış plastmas borusunun deşilmişdir. Sayğacda xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat cərimə qismində hesablanmış borc və 185.73 manat sayğacın dəyəri qismində borc tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 432 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat məbləğində pulun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30.12.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 432 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat borc abonentin hesabından (abonent kodu **********00000) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30.12.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 432 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat borc abonentin hesabından (abonent kodu **********00000) silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar