Məhkəmə qərarları › İş №2(060)-1673/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1673/2023

16.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1673/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs) barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs kimi göstərməklə) onunla maraqlı şəxs arasında mediator Etibar Həsənovun iştirakı ilə xx.xx.2022-ci il tarixli, MŞB/5-01632 saylı bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində mediator Etibar Həsənovun iştirakı ilə ərizəçi ilə maraqlı şəxs arasında MŞB/5-01632 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişininin 2.4-cü maddəsinə əsasən mediasiya prosesində ərizəçi himayəsində olan iki uşağın saxlanması üçün birdəfəlik 10000 manat pul ödənilməsi qarşılığında maraqlı şəxsə qarşı aliment tələbinin olmayacağına dair öhdəlik götürmüşdür. Həmin sazişin 2.6-cı maddəsində qeyd olunub ki, mediasiya prosesində maraqlı şəxs aliment öhdəliyindən azad edilmə qarşılığında ərizəçiyə 2022-ci ilin sonuna kimi 10000 manat pul vəsaitini ödəyəcəyi bardə öhdəlik götürmüşdür. Lakin maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, barışıq sazişinə əsasən üzərində götürdüyü öhdəliyi yerinə yetirmək üçün evini satışa qoymuşdur. Lakin ev hələ də satılmayıb. Bu səbəbdən həmin ödənişi edə bilməmişdir. Qeyd edilənlərə əsasən maraqlı şəxs barışıq sazişin təsdiqini məhkəmənn mülahizəsinə buraxdı. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatında mediasiya sessiyasında bağlanmış barışıq sazişi ilə ərizəçi və maraqlı şəxs bir-birlərinə qarşı heç bir tələb irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarında xx.xx.2006-cı il tarixli, 186 saylı nikah qeydinin pozulması, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi ərizəçinin yanında yaşaması barədə razılığa gəlmişlər. Ərizəçi yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 maraqlı şəxs ilə şənbə və bazar günləri məhdudiyyət qoyulmadan digər günlərdə isə saat 15:00-dan sonra sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür. Mediasiya prosesində ərizəçi himayəsində olan iki uşağın saxlanması üçün birdəfəlik 10000 manat pul ödənilməsi qarşılığında Maraqlı şəxs qarşı aliment tələbinin olmayacağına dair öhdəlik götürmüşdür. Maraqlı şəxs aliment öhdəliyindən azad edilmə qarşılığında ərizəçiyə 2022-ci ilin sonuna kimi 10000 manat pul vəsaitini ödəcəyi barədə öhdəlik götürmüşdür. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs isə xx.xx.1978-ci ildə, Abşeron rayonu, Şurabad kəndində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4336/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəçi ilə maraqlı şəxs arasında Sumqayıt şəhər VVADQ şöbəsində xx.xx.2006-cı il tarixdə bağlanmış, 186 nömrəsi ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. Ərizəçi ilə maraqlı şəxsin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 adlı övladları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (355-23.1.). Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir (355-23.2.). Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır (355-25.1.). Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (355-25.3.). Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda (355-26.1.). Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi və ya onun hər hansı hisəssi qanuna zidd deyil və mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunmur. Bu səbəbdən tərəflər arasında mediasiya prosesi çərçivəsində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 355-23, 355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi çərçivəsində Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixində bağlanmış MŞB/5-01632 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar