Məhkəmə qərarları › İş №2(060)-1682/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1682/2022

06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1682/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 06 may 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi, 100 saylı evdə sudan istifadəyə görə 2016-2017-ci illər üzrə hesablanmış 452,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərsu ASC tərəfindən 2016-2017ci illər üzrə yaşadıqları ünvan 1 ünvanına 452 manat 70 qəpik manat su pulu borcu yazılmışdır. Halbuki həmin borc məbləği həddindən artıq şişirdilmiş, iddia müddəti keçmişdir və cavabdeh tərəfindən tələb edilə bilməz. Eyri zamanda bildirir ki, borc məbləği yazılan ünvan 1 saylı ev anası X1 adına olmuşdur. Anası İ dərəcəli əlil idi, 12.08.2021-ci ildə rəhmətə getmişdir. Ömrünün sonuna qədər həmin evdə yaşamışdır. Bu rəqəm absurd və əsassız bir rəqəmdir. Onun cavabdeh təşkilat qarşısında heç bir öhdəliyi yoxdur. Cavabdehin ona qarşı bu cür pul tələbi qanunsuz və əsassızdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. İddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, ünvan 3-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” idarəsinin abonent bazasında 01.01.2002-ci il tarixdən bağlanmış müqavilə (N ********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Halhazırda 05.04.2022-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 452,70 (dörd yüz əlli iki manat, yetmiş qəpik) manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda 01.01.2002-ci il tarixdə kod açılaraq 3 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Qeyd edir ki, 16.05.2016cı il tarixdən “su təchizatı xidmətindən” istifadənin dəyəri əhali qrupu üçün 0,50 qəpik, 01,02.2021-ci il tarixdən isə 1 manat təşkil edir. İddiaçının 2011-2017-ci illər üçün ümüumilikdə 452,70 manat borcu vardır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri-AR Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 N-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262NQ-İİ qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözügedən borcun silinməsi cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 13.09.2021-ci il tarixli, 17 nömrəli arayışdan görünür ki, 12.08.2021-ci il tarixli vəfat etmiş X1 vəfat etdiyi günə qədər ünvan 2 ünvanında yaşamışdır. İşdə olan AZ 004263 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X2, anası isə X3r. İş materialında olan AZ-İİ 205114 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 12.08.2021-ci il tarixində “hipertenziv xəstəliyi” səbəbindən Sumqayıt şəhərində ölmüşdür. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Dənizçi küçəsində yerləşən 100 Nömrəli yaşayış evi X1 adına qeydə alınmışdır. İş materiallarında olan abonentin kartından görünür ki, Sumqayıt şəhəri, Dənizçi küçəsi, ev 100-də X1 adına 01.01.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə 452,70 manat borc hesablanmış, hesablama 3 nəfərə görə aparılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsində yerləşən 100 Nömrəli yaşayış evində sudan istifadəyə görə hesablaşma 3 nəfər ailə tərkibinə görə aparılmışdır. Həmin mənzilə sudan istifadəyə görə borc hesablanmış, iddiaçı 452,70 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə həmçinin qeyd edir ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2016-cı il) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 452,70 manat məbləğində borcun 398,20 manat hissəsinə münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyünə görə iddia həmin hissədə təmin edilməli, həmin məbləğdə borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 3 ünvanına (abonent kodu: **********000) hesablanmış 398,20 (üç yüz doxsan səkkiz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar