Məhkəmə qərarları › İş №2(060)-1684/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1684/2022

22.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1684/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və digərlərinə qarşı hərracın yekunları haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə, "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, hərracın keçirilmə nəticələrinin 24.07.2019-cu il tarixli, Y- 200 nömrəli hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında 08.05.2015-ci ildə bağlanmış kredit müqaviləsi əsasında sonuncunun adına kredit xətti açılmışdır. Tərəflər arasında kredit müqaviləsi bağlanarkən həyat yoldaşı X3 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72B və X2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95 В ipoteka ilə yüklü edilmişdir. Devalvasiya ilə əlaqədar əsas borclu C.Dadaşov krediti ödəyə bilmədiyindən, "xxxx" ASC borcun tutulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2/060/-820/2017saylı, 21.12.2017-ci il tarixli qətnaməsi ilə həmin müqavilə ləğv edilmiş, 125627,22 ABŞ dolları əsas borc, 28531,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 154158,94 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Həyat yoldaşının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış 72 B saylı ev birgə nikah dövründə əldə edilmişdir. Bankla həyat yoldaşı arasında ipoteka müqaviləsi bağlanarkən, evin ipoteka edilməsinə nə iddiaçının, nə də evə istifadə hüququ olan yetkinlik yaşında olan 3 övladılarının razılığı alınmamışdır. Evləri dəyərindən bir neçə qat aşağı qiymətləndirilmişdir. Bank məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, evləri heç kimə xəbər vermədən "xxxx" tərəfindən açıq hərracdan 76500 manata satılmış və bank tərəfindən alınmışdır. Hərrac Mərkəzində olduqda, həqiqətən onların iştirakları təmin edilmədən, gizli 3 dəfə hərrac keçirilməsinin və 24.07.2019-cu il tarixdə həyat yoldaşı X3 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B saylı ev 76500 manata və X2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 95 В saylı ev 124313 manata "xxxx" ASC-yə satılması barədə məlumat almışdır. 12.02.2020-ci il tarixdə iddiaçıya hərracın nəticələri haqqında Y-200 N-li protokol verilmişdir. İcra sənədi icraata yönəldilənə qədər iddiaçıya məhkəmə müdafiəsindən tam istifadə etməyə imkan yaradılmalı, icra sənədinin hərraca göndərilməsi, bundan əlavə keçirilən hərrac barədə xəbərdar edilməli, evin bankın aldığı qiymətə iddiaçıya təklif edilməli idi. Mənzil ekspertiza tərəfindən dəyərindən aşağı qiymətləndirilmişdi. İddiaçı həmin qiymətləndirmədən sonra evi təmir etdirmişdir. Bank isə evini ondan gizlin keçirilən hərracda 76500 manata almışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək hazırkı mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Hər iki yaşayış sahəsi ipoteka ilə yüklü olmuşdur. Lakin, həmin əmlaklardan biri satılıb. Kredit müqaviləsini isə iddiaçı özü yox, onun qardaşı bağlayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Sonuncu məhkəmə iclası barədə iddiaçıya və digər cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 26.09.1966-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin hərracın nəticələri haqqında 24.07.2019-cu il tarixli, Y-200 nömrəli yekun protokoluna əsasən X6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 0,06 ha torpaq sahəsində yerləşən ev 72B-nin ilkin satış qiyməti 120000 manat, satılmış son qiyməti 76500 manat məbləğində müəyyən edilmişdir. Həmin bağ evi keçirilən iki hərrac baş tutmadığı üçün ipoteka saxlayan "xxxx" ASC-yə satılmışdır. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 24.07.2019-cu il tarixli müqaviləyə əsasən həmin ev "xxxx" MMC tərəfindən 76500 manata "xxxx" ASC-yə satılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018-ci il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı, 21.12.2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. X2 məxsus Sumqavıi şəhəri, Corat qəsəbəsi, Zəminə Həsənova küçəsi 3 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 352.9 kvadrat metr (115.3 kv.m-yardımçı sahəsi) olan, 25 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 195 000 manat, X6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, 72B ünvanında, 0.06 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 95,04 kvadrat metr (70,84 yaşayış sahəsi, 24,2 yardımçı sahəsi) olan, 3 otaqlı fərdi yaşayış evinin bazar qiyməti 120 000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli.. qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilməlidir ki, iddiaçı 08.05.2015-ci il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə tərəf olmamışdır. 24.07.2019-cu il tarixli hərrac nəticəsində satılmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllədə yerləşən 72B saylı evin mülkiyyətçisi isə X7r. İddiaçı həmin evin Aminə Dadaşova ilə birgə nikah dövründə əldə edildiyini iddia ərizəsində göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır. Mübahisənin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllədə) əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir (307.1.). Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir (319.4.). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi X4 adına dövlət qeydiyyatına alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95B təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İddiaçının qardaşı Cavanşir Dadaşov kredit borcunu ödəyə bilmədiyi üçün "xxxx" ASC məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2018-ci il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-820/2017 saylı, 21.12.2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Qətnamədə ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti 120 000 manat müəyyən edilmişdir. Qətnamə icraya yönəldilmiş və əmlaklar açıq hərraca çıxarılmışdır. “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir (42.1.). Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir (43.2.). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər (43.3.). İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir (43.4.). Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.5.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (43.7.). İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (43.8.). Göründüyü kimi ipoteka predmeti olan əmlak "xxxx" MMC tərəfindən keçirilmiş birinci və ikinci hərracda satılmamış bundan sonra isə "xxxx" ASC əmlakı 76500 manata almışdır. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçıların hərracın qanunsuzluğu ilə bağlı dəlillərini əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" ASC-yə qarşı hərracın keçirilmə nəticələrinin 24.07.2019-cu il tarixli, Y-200 nömrəli hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar