Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1720/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus **********00392 saylı abonent koduna xx.xx.2022-cı il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 2073,60 manat borcun və xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 518,40 manat borcun silinməsi, həmçinin mediasiya üçün ödənilmiş 51 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2022-cil tarixində ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunmuşdur ki, əraziyə baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edilmişdir. Nəticə etibarı ilə cavabdeh tərəfindən həmin akta əsasən 2073,60 manat borc hesablanmışdır. Həmçinin köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixində akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçıya 518,40 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə ünvan 1 ünvanına baxış keçirilmiş, yerində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. İstismara yararsız sayğac akt əsasında çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin rəyinə əsasən, sayğacda nöqsanlar aşkar edilmişdir. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və 27.03.202-ci il tarixli, ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x12x90=4320 m3x0,12=518 manat cərimə hesablanmışdır. Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 39 ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibindən təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Ziyan hesablanaraq, xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə və ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən: qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 240 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ: 4x24x240=23040m3x0,12qəp.=2764,80 manat müəyyənləşdirilmişdir. İddiaçı öz iddia ərizəsində “akt əsasında hesablanmış borcun silinməsi” tələbini qeyd etsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, o, istifadə etdiyi qazın dəyərini belə ödəməmişdir. Abonentin saldosundan da görünür ki, təbii qazdan istifadəyə görə 2022-ci ildən bu yana ödəniş etməmişdir. Faktiki olaraq ünvanda yaşayış mövcuddur və qazdan istifadə edilir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, həyat yoldaşı X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi 39A onların evləridir. Həyətdə iki ev var. Evin biri onlara, digəri isə qaynanasıgilə məxsusdur. Evlərin elektrik sayğacı birdir. Sayğac abonent kimi iddiaçının adınadır. Onlardan qaynanasıgilin evinə sayğacdan kənar xətt çəkilmişdi. O, həmin xətdən istifadə etməyib. Əksinə qaynanasıgil həmin xətdən istifadə ediblər. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməyib. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, ev sahibi tərəfindən özbaşına təbii qaz xəttinə qeyri-qanuni qoşularaq istifadə edildiyi aşkar edilmişdir. Eyni zamanda ünvanda olan sayğaca iddiaçı tərəfindən müdaxilə edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Cavabdehin əməkdaşları tərəfindən tərib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus evin qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış və yenisi ilə əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, xx.xx.2022-ci ildə Metrologiya Departamentinin rəyinə görə G-4 markalı (1602AZ**********51 nömrəli sayğaca baxış keçirildi. 11433847 nömrəli plomb kəsilərək B4SM 6734 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmişdir. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən cavabdeh tərəfindən iddiaçıya 4320 kub metr əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya məxsus evin abonent saldosundan görünür ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya 518,40 manat borc hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, iddiaçıya məxsus evə baxış keçirilən zaman sayğacdan kənar xətt aşkar edildi. Aktda sayğacdan kənar xəttin ləğv edilməsi və dəymiş ziyanın hesablanması tutulmuşdur. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən iddiaçıya 17280 kub metr əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 2073,60 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli aktın tərtibində şəxsən özü iştirak etmişdir. Belə ki, iddiaçıya məxsus ünvanda iki ev mövcud olsa da, abonent kimi iddiaçı qeydiyyatdan keçmişdir. Ev müşahidə edilən zaman müəyyən edilmişdir ki, evdə yaşayış olsa da, qazdan istifadəyə görə heç bir borc yazılmır. Bundan sonra sayğaca baxış keçirilmiş və həyətdə bir evdən digərinə sayğacdan kənar xətt çəkildiyi müəyyən edilmişdir. İddiaçı vahid abonent kimi qeydiyyatdan keçdiyi üçün borc onun adına yazılıb. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, aktın tərtibində iştirak edib. Həyətdə iki ev mövcuddur. Lakin bir abonent kodu var. Ünvanda sayğacdan kənar xətt aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirmişdir ki, aktın tərtibində iştirak etməmişdir. Ona bu barədə sonradan məlumat verilib. Bir həyətdə iki ev, lakin bir abonent kodu var. Sayğacdan kənar xətt mövcuddur. İş materiallarına video-disk əlavə olunmuşdur. Məhkəmə iddiaçının və cavabehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1.). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2.). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (6.5.). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evində sayğacdan kənar qaz xəttindən istifadə olunması xx.xx.2022-ci il tarixli, ******* saylı aktla, iş üzrə şahid ifadələri ilə və video materialla müəyyən edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında ünvanda onunla həyat oldaşı olan iddiaçının yaşadıqları evdən qaynanasıgilin yaşadığı digər evə sayğacdan kənar qaz xətti çəkilmişdir. Bu səbəbdən məhkəmə hesabe dir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 2073,60 manat borcun silinməsi hissəsində təmin edilə bilməz. İddiaçıya xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış borcun silinməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona həmin akt əsasında hesablanmış 518,40 manat məbləğin silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, həmin akt əsasında iddiaçıya 518,40 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1720/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1720/2023
02.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver