Məhkəmə qərarları › İş №2(060)-1729/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1729/2023

03.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1729/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «qeyri-qanuni hesablanmış məbləğin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında ondan tələb edilən 4204,80 (dörd min iki yüz dörd manat səksən qəpik) manat məbləğinin qanunsuz hesab edilərək silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu il tarixdə Laçın rayonunda anadan olmuşdur. Laçın rayonundan məcburi köçkün düşdükdən sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışlar. Hal-hazırda Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 933-də yerləşən fərdi yaşayış evində yaşayır. Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 933də yerləşən fərdi yaşayış evinə "Azəriqaz" İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunaraq, Smart-kart tipli, ZENNER G-4T markalı, **********523 nömrəli qaz sayğac quraşdırılmışdır. Ünvana baxış keçirilən zaman sayğacdan kənar xətt aşkarlanıb. Məcburi köçkün olduğu üçün əvvəlki illərdə kommunal xidmətlər onlar üçün tam pulsuz idi, daha sonra isə məcburi köçkünlər üçün limit müəyyən edildi və bu limit keçirildikdə borc məbləği hesablanmağa başlamışdır. Həmin gündən bu günədək tərəfindən aylıq limit keçirilməmişdir. Hal-hazırda isə həmin akt əsasında qaz sərfiyatına görə qanunsuz hesablanmış və evinə bildiriş göndərilərək, ondan 4204.80 (dörd min iki yüz dörd manat səksən qəpik) manat pul tələb olunmuşdur. Həmin cərimənin heç bir hüquqi əsası yoxdur. Sayğacdan kənar xəttin ona heç bir aidiyyəti yoxdur. Hər ay qaz sayğacına cavabdeh təşkilat tərəfindən baxış keçirilir. Borcun necə hesablandığı və əmələ gəldiyi ona məlum deyil. Bu aktı o, ümumiyyətlə başa düşə bilmir. Aktın hansı məqsədlə yazıldığı bəlli deyil. Onun ünvanında aid sayğacda problem yoxdur. Haqqını ödədiyi qazdan da səmərəli istifadə edirlər. Bu faktı bu illər ərzində ödədikləri məbləğlər də təsdiq edir. Hesab edir ki, bu aktın heç bir hüquqi əsası yoxdur .Borcun silinməsi ilə bağlı müvafiq quruma müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi F.V.Əlməmmədova iddianı qəbul etmədi və bildirdi ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacdan kənar xətt aşkarlanmışdır. Bu da qazdan qanunsuz istifadə olunduğunu göstərir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Ə.İddiaçı yaşadığı Sumqayıt şəhəri, “Yaşıldərə” massivi ev 933-ə akta əsasən 4204,80 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan “Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin görəcəyi işlər barədə tələblər” adlı sənəddən görünür ki, ******* №li xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 35040 m3. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları C.Ağayev, Y.Gülməmmədov və Q.Aslanovun iştirakları ilə ünvan 1 ünvana dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman sayğacdan kənar xətt aşkarlanmışdır. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllələr üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Yeni yaşayış massivi 5-də qeydiyyatsız yaşayır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında iddiaçı izahatında onun mənzilinə aid elektrik sayğacına qaynı Əilyev Fariz tərəfindən müdaxilə olunmuş və hazırda qaynı əməlindən peşmandır. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «qeyri-qanuni hesablanmış məbləğin silinməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar