Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1730/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 664.39 manat borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 10 mkr, ev 14, ünvanında yerləşən 53 saylı mənzil xx.xx.2001-ci il tarixdən onun mülkiyyətindədir. Həmin ünvanda ailə üzvlərində birlikdə yaşayır. Bu illər ərzində o, yaşadığı ünvanda elektrik enerjisindən istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən işıq sayğacına heç bir müdaxilə olunmayıb. Cavabdehin əməkdaşları xx.xx.2023-cu il tarixdə 031383 saylı akt tərtib ediblər. Həmin aktın əsasında mənzilə 664.39 manat məbləğində cərimə hesablanmışdır. Həmin akta əsasən borcu tam örtüyündə olan xüsusi otaqa görə yazıblar. Həmin otaqda ona məxsus evdə artıq qalan lazımsız əşyaları var. O, aktın tərtib olunmasında xəbərsiz olmuşdur. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Qeyd edir ki, onun və ailə üzvləri tərəfindən heç bir kənar xətt çəkilməmişdir. Cavabdehin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. O, heç bir məsuliyyət və cavabdehlik daşımır. Cavabdeh təşkilatın belə nəticəyə gəlməsi istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. O, sayğac üzrə ödənişləri vaxtıvaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, cərimə kimi ondan tələb olunan borc silinməlidir. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun mənzilinə aid elektrik sayğacına kənar müdaxilənin olmasını etiraf etdi, lakin həmin müdaxilənin kimin tərəfindən edilməsindən məlumatsızdır. Bu səbəbdən iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etitazını onunla əsaslandırdı ki, 02 fevral 2023cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına EEİQ-nin uyğun baxış keçirilərkən məlum olmuşdur ki, sayğac sxemindən kənar xətdən istifadə olunur. Belə ki, kənar xətt liftin mühərrikində yerləşən hissədə paylayıcı şəbəkədən en kəsik sahəsi mis naqil vasitəsi ilə qoşularaq istifadə olunur. Kənar xəttən həmçinin dam ötrüyündə yerləşən xüsusi otaqdan quraşdırılan 2 ədəd ət məhsulları yığılmış soyuducu qidalanır. Aşkar olunmuş pozuntu faktının (Kənar xəttin) mobil telefon vasitəsi ilə video qeydiyyatı aparılmış və xx.xx.2023-cü il tarixdə 031383 saylı akt tərtib ediblər. Həmin akta əsasən iddiaçıya 664,39 manat cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, ev 14, mənzil 53 İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan "xxxx" ASC-nin əməkdaşları R.Rəfiyev, T.Nəsirov və R.Məmmədbəyli tərəfindən tərtib edilmiş 02 fevral 2023-cü il tarixli NDM seriyalı 031383 №li aktdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mkr, ev 14, mənzil 16-a aid mənzilə məxsus elektrik hesabat sayğacına baxış zamanı məlum oldu ki, sayğac sxemindən kənar xətdən istifadə olunur. Belə ki, kənar xətt liftin mühərriki yerləşən hissədə paylayıcı şəbəkədən en kəsik sahəsi mis naqil vasitəsi ilə qoşularaq istifadə olunur. Kənar xəttən həmçinin dam ötrüyündə yerləşən xüsusi otaqdan quraşdırılan 2 ədəd ət məhsulları yığılmış soyuducu qidalanır. İş materiallarında olan "xxxx" ASC “Sumqayıt” RETS üzrə istifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli 567 nömrəli “Razılaşma protokolu”nun surətindən görünür ki, İddiaçı "xxxx" ASC-ə olan 664,39 manat məbləğində borcu 14 ay müddətində hər ay 50 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olan Abunə haqqında saldodan müəyyən edilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, B:0150, M:0936-ya xx.xx.2023-cü il tarixdə EİQ pozulmasına görə akt əsasında 677 (altı yüz yetmiş yeddi) manat 43 (qırx üç) qəpik borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra–Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İddiaçı məhkəmə iclasında onun mənzilinə məxsus sayğaca müdaxilə olunaraq kənar xətdən istifadə olunduğunu öz ifadəsində bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yaşadığı mənzildə sayğacdan kənar elektrik xəttindən istifadə olunması həm öz ifadəsi və xx.xx.2023-cü il tarixli, NDM № 031383 saylı aktla öz təsdiqini tapır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1730/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1730/2024
27.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver