Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1736/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 18 mart 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00020 abunə koduna hesablanmış 777.60 manat məbləğində borcun silinməsi barədəbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyul 2023-cü il tarixdə Cavabdeh əməkdaşları qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında (abunə kodu: **********00020) 31 mart 2017-ci il tarixdə quraşdırılan G-4 markalı Smart tipli sayğacı istismar müddotinin başa çatmasını əsas göstərərək onu Zenner tipli G-2.5 markalı mexaniki sayğacla əvəz ediblər. Sayğac dəyişdirilərkən sayğacda hər hansı nöqsanın olması barədə bizə heç bir məlumat verilməyib, bu zaman tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqımda” ******* nömrəli, xx.xx.2023 tarixli aktdan məlumatları olmayıb. Sayğacın dəyişdirilməsi zamanı tərtib edilmiş həmin akt saxtadır. Belə ki, aktı qurumun əməkdaşları R.Şərifov və B.Səlimovla yanaşı guya mənzilin mülkiyyətçisi X3 (qaynı) da imzaladığı qeyd edilib ki, belə bir hal mümkün ola bilməzdi. X2 30 sentyabr 2012-ci il tarixdə xərçəng xəstəliyindən vəfat edib (ölüm haqqında şəhadətnamənin surəti əlavə edilir). Odur ki, akt saxtadır. Sayğac dəyişdirildikdən 3 ay sonra - 25 oktyabr 2023-cü il tarixdə “'Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023 tarixli, ******* nömrəli akt tərtib edilib. X7 adı qeyd edilsə də, nə onun imzası var, nə də aktı imzalamaqdan imtina etməsi barədə qeyd var. Lakin sonradan tərtib edilmiş eyni tarixli ikinci aktda mərhum Əhmod Dehqaninin guya aktın tərtib olunmasında iştirak etdiyi və aktı imzalamaqdan imtina etdiyi qeyd olunub. Aktın ona təqdim edilməsi barədə tələbindən sonra ona məhz bu aktın surəti təqdim edilib. Bu dəfə aktı cavabdeh qurumun əməkdaşları Elnur Eyvazov , Rəşad Qarayev və Taleh Hüseynli imzalayıblar. Əvvəlki aktın tərtibi zamanı olduğu kimi bu akt da tərtib edilərkən qurumun əməkdaşlarının mənzilin mülkiyyətçisinin 12 il qabaq vəfat etməsindən məlumatları olmayıb. Vəfat etmiş şəxsin adına ikinci akt tərtib olunub. Odur ki, qeyd edilən akt da saxtadır. Bundan başqa, eyni tarixdə fərqli qeydlər olan iki aktın tərtib edilməsi də həmin aktların saxta olduğunu sübut edir. Vəfat etmiş adamın adına saxta aktlar və dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə tərtib edilərək mənzilə 777,60 manat məbləğində borc hesablanıb. Adı çəkilən mənzildə 10 fevral 2012-ci ildən o, oğlu və nəvəsi qeydiyyatdadırlar, o, həyat yoldaşı, oğlu və nəvəsi həmin mənzildə yaşayırlar (yaşayış yeri haqqında arayışın surəti əlavə edilir). Qeyd edilən mənzildə yaşasalar da, nə onun, nə də ailə üzvlərinin aktların heç birindən məlumatları olmayıb. Ona görə də həmin aktlarda nə onun və ailə üzvlərinin imzası var, nə də aktı imzalamaqdan imtina etməkləri barədə qeyd. Hesablanmış borc məbləği əsassızdır, həqiqəti əks etdirmir. Abonent saldosuna da baxdıqda görmək olar ki, təbii qazdan istifadəyə görə sentyabr ayının sonuna cəmi 0,90 (doxsan qəpik) manat borc olub. Mənzildə istifadə olunan qaz cihazı yalnız 4 gözlü qaz plitəsidir. Məlumdur ki, bu cihazın istismarı zamanı çox az qaz sərf əlunur, ona görə də mənzilə 777,60 manat borc yazıla bilməzdi. Odur ki, qeyd edilənlərə əsasən 13 dekabr 2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında’' ******* nömrəli, xx.xx.2023 tarixli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023 tarixli aktların saxta olduğu üçün ləğv edilməsi və əsassız hesablanmış 777,60 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Müraciəti baxılması üçün cavabdeh tərəfindən Cavabdeh İB Sumqayıt Qaz İstismar Sahəsinə göndərilib. Qeyd edilən qurum 08 yanvar 2024-cü il tarixli, 14-2-2-6/2-21/ cavab məktubunda bildirib ki, “xx.xx.2017-ci il tarixdə quraşdırılan əvvəlcədən ödənişli G-4 markalı Smart (N1702AZ**********43) sayğacın istismar müddəti bitiyindən xx.xx.2023-cü. il tarixdə Zenner tipli G-2.5 markalı sonradan ödənişli (N°**********1) qaz sayğaci ilə əvəz olunmuşdur. Əvəz olunmuş 1702AZ**********43 nömrəli sayğac Dövlət Yoxlamasına göndərilmiş və "Azəriqaz" İB-nin Metrologiya departamenti, Sayğacların müayinəsi laboratoriyası tərəfindən tərtib olunmuş MSK-14-2-2/3-5-9034/Q002 nömrəli akta əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, sayğac minimal sərfıyyatda - 100 faiz nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğıı və son nəticə olaraq müdaxilə qaz itkisinin baş verdiyi göstərilmişdir. Verilmiş rəyə əsasən təlimata uyğun qaz itkisinin 6480 m3 olmaqla (dəyəri 777.60 manat) olduğu müəyyənləşdirilərək abonent koduna işlənmişdir. Qeyd edir ki, Nazirlər Kabinentinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci. bəndinə əsasən qazpaylayıcı, şəbəkəyə qanunsuz qəşulma halları aşkar edildikdə qanunsuz xətti dərhal qazpayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir ’’ (cavab məktubunun surəti əlavə edilir). Cavab məktubunda göstərilənlər tamamilə əsassızdır. xx.xx.2023 tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilib ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-9034/Q002 nömrəli xx.xx.2023 tarixli akta əsasən mənzildə quraşdırılmış 1702AZ**********43 nömrəli sayğaca baxış keçirilib, guya “sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfıyyatda -100 faiz nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu “aşkar edilib” və nəticədə “dəymiş ziyan” hesablanaraq, qaz itkisi 6480 m3 olmaqla, 777.60 manat borc yazılıb. Tələbnamədə qeyd edilənlər də tamamilə əsassızdır. Onlar dəyişdirilən 1702AZ**********43 nömrəli sayğaca heç bir müdaxilə etməmişdirlər. Hətta sayğaca müdaxilə olunmuş olsa belə, bu, onların təqsiri deyil. Qaz sayğacı mənzilindən kənarda quraşdırılıb. Sayğacda hər hansı problem olsa belə ona görə onlar məsuliyyət daşımırlar. Qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi onlar yox, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində onları təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan itirilmiş qazın bərpası məqsədi ilə cavabdeh tərəfindən abunə koduna hesablanmış 777.60 manat borc silinməlidir. Bir daha qeyd edir ki, mənzildə o və ailə üzvləri 10 fevral 2012-ci ildən qeydiyyatdadırlar və orada yaşayırlar. Mənzilin mərhum mülkiyyətçisi ilə cavabdeh arasında bağlanmış “Təbii qazla təmin edilməsi ondan istifadə, istismar və ödəniş qaydaları haqqında əhali üçün” müqavilə əsasında illərdir yaşadıqları sözügedən mənzilə qaz verilir, onlar da təbii qazdan istifadəyə görə hər ay üzrə ödənişlər etmişdirlər. Bundan başqa, xx.xx.2023 tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023 tarixli, ******* nömrəli aktda qanunsuz qoşulmaya görə yox, məhz sayğacın istismara yararsız olması səbəb göstərilərək, qaz itkisinə görə dəymiş ziyan və borc hesablanıb. Hazırda həmin akt mübahisələndirilir. Akt isə saxta, qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin akt əsasında hesablanmış 777.60 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, evdən kənarda quraşdırılmış sayğaca görə cavabdeh deyil. Məsələni məhkəmədən kənar həll etməyə çalışsa da, qarşı tərəf iddialarından əl çəkməmişdir. Belə ki, ona ünvanlanan cavabdeh məktubunda qaz xəttinə qanunsuz qoşulma olduğunu bildirirlər. Vətəndaşlarla bağlı bu tip mübahisələr üzrə çoxsaylı məhkəmə işləri var. Bu hal cavabdeh təşkilatın necə işlədiyini bir daha təsdiq edir. Bundan başqa aktda adı qeyd edilən və guya həmin aktı imzalayan əmisi X5 çoxdan rəhmətə getmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbi ilə bağlı bildirmişdir ki, iddia tələbini qəbul etmir. X9 adlı şəxsin adına olduğu üçün cərimə də onun adına yazılmışdır. Sayğac laboratoriyaya göndərilmişdir və əldə olunan rəydən görünür ki, sayğaca müdaxilə olunmuşdur, çıxış plasmast borusu deşilib və istismara yararsızdır. Buna görə də sayğac sərfiyyatı düzgün hesablamadığı üçün 2023-cü ildəki ödənişlər digər illərə nisbətən daha azdır. Bu səbəbdən hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında X3 adına olan Smart tipli G4 markalı sayğac Zannert tipli, **********1 nömrəli sayğac ilə əvəzlənmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın plastmas borusunun deşildiyi, xətaların normadan artıq olduğu, sayğacın minimal sərfiyyatda-100% nisbi xətayla işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi və nəticədə sayğac istismara yararsız hesab olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 6480 m3 (777.60 manat) müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş MSK-14-2-2/3-5-9034/Q002 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin MSK-14-2-2/3-5-9034/Q002 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında X3 adına açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə 777.60 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər habsı mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanına əsassız olaraq hesablanmış 777.60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********00020) hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1736/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1736/2024
18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver