Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1739/2024 03.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərikimya" istehsalat Birliyinin “Etilen- Polietilen” zavodunda hüquq məsləhətçisi işləyən Cavabdeh 2022-ci ilin oktyabr ayında iddiaçıya müraciət edərək oğlunun xəstəliyi ilə əlaqədar 800 manat borc pul istədi. Cavabdeh borc istədiyi vaxtda cavabdeh işdə idi. Lakin həmin məbləğdə pulu yox idi. Ona görə də iş yoldaşları Həsənov Seymur (300 manat) və Rzayev Samirdən (200 manat) borc aldı və özü də 300 manat əlavə edərək cavabdehə cəmi 800 manat pulu Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində olan dayanacağın arxasındakı binanın birinci girişinin yanında borc kimi verdi. Pulu verərkən cavabdehin oğlu da yanında idi. Cavabdeh borcu ən geci bir aya qaytaracağını bildirdi. Bir aydan sonra cavabdehdən borcu qaytarmasını xahiş etdikdə bildirdi ki, əri xaricdədir, tezliklə gələcək və pul gətirəcək. Əri gələn kimi borcu qaytaracaq. İddiaçı gözləmiş, əri gələndən sonra borcu qaytarmasını tələb etmişdir. Cavabdeh yenə bəhanə gətirməyə başlayanda onun ərinə zəng etmişdir. Cavabdehin əri oğlu ilə birlikdə onunla görüşdü və bildirdi ki, Aynurəyə həmişə xaricdən pul göndərib və onun pula ehtiyacı olmayıb. Lakin indi Azərbaycana gələndən sonra ona məlum olub ki, Aynurə bütün tanışlarından, iş yoldaşlarında və qohum-əqrəbadan külli miqdarda borc alıb və onun həmin borcları qaytarmaq imkanı yoxdur. Cavabdeh onun əri və oğlu ilə görüşdüyünü bildikdən sonra iddiaçıya zəng edərək, bildirdi ki, heç kimə müraciət etməsin, tezliklə borcu qaytaracaqdır. Lakin borcu qaytarmayıb və hər zəng edəndə yenə də müxtəlif bəhanələr gətirməyə başlayır. Borcun məbləği 800 manat olduğuna görə cavabdehlə aralarında yazılı borc müqaviləsi bağlanmamışdır. Göstərilənlərə əsasən 800 manat əsas borcun, borcu gecikdirməyə görə illik beş faizin (40 manat) və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 870 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirdi ki, hazırki vaxtadək cavabdeh tərəfindən ona heç bir ödəniş edilməmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçıya 800 manat məbləğində borcu olduğunu, lakin ödəməyə gücü çatmadığını bildirmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 800 manat məbləğində pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun qaytarılmasını tələb edir, cavabdeh də iddiaçıya borclu olduğunu etiraf edir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
8. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
9. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
10. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
11. Qeyd olunan Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehə 800 manat məbləğində pul vəsaitini borc vermiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh 800 manat məbləğində borcu olduğunu məhkəmə iclasında etiraf etmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
15. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 800 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
17. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
18. Eyni Məcəllənin 449.1-ci maddəsində deyilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
19. Məhkəmə hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən verilmiş pulun bir illik 5% faizi miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir.
20. Beləliklə, məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
21. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat əsas borc, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 40 (qırx) manat, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəbnəm Həxiyeva