Məhkəmə qərarları › İş №2(060)-1744/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1744/2025

08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1744/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçının ünvanına "xxxx" ASC tərəfindən əsassız olaraq qeyri-qanuni hesablanmış 482 manat borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2-da yerləşən, 24 saylı mənzil (Yeni qaydalarla: AZ 5008,Sumqayıt şəhəri, Koroğlu prospekti, giriş 325, М2, m 1) iddiaçıya məxsusdur. Həmin mənzilə xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən PAUD-MP106 tipli yeni işıq sayğacı quraşdırılmışdır. İddiaçıdan əvvəlki mənzilin sahibləri də kommunal xidmətlərə görə xidmət haqqları vaxtlı-vaxtında ödəmişdirlər. Halhazırda isə əsassız olaraq iddiaçıya işıq sərfiyatına görə qeyri-qanuni borc hesablanmış və mənzilə bildiriş göndərilərək, ondan 482 manat pul tələb olunmuşdur. O, sayğac əsasında hər ay təqdim edilmiş bildiriş əsasında işıq pulunu vaxtlı-vaxtında ödəmişdir.İndiyə qədər bir dəfə də olsun kommunal xidmət haqları ilə bağlı problem yaşamamışdır. Borc sadəcə sistemdə görünən köhnə qalıq borcdur ki, sayğaclar quraşdırılmamışdan əvvəlki tarixə aiddir ("Barmek" təşkilatının fəaliyyətindən də əvvəl). Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək borcun onun borcu olmadığını, borc hesablanmış mənzili yeni aldığını və borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 borcun dondurulmuş borc olduğunu, hal-hazırda həmin məbləğ "xxxx" ASC tərəfindən tələb olunmasa da “Asan Xidmət” Mərkəzinə müraciət edildiyi zaman mənzilin alqı-satqısı və ad dəyişmə zamanı borcun mövcudluğunun bildirildiyini qeyd etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 24 (Yeni qaydalarla: AZ 5008,Sumqayıt şəhəri, Koroğlu prospekti, giriş 325, М2, m 1) İddiaçı xüsusi mülkiyyətindədir. - Abunə haqqında çıxarışdan görünür ki, abunə kodu **********01230 olan iddiaçının Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev(bina):0290, mənzil:1230 ünvanına 482 manat borc hesablanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abunə kodu **********01230 olan iddiaçının ünvanına əsassız olaraq hesablanmış 482 manat dondurulmuş borc silinməlidir. Azərbaycan Respublikası “Elektroenergetika haqqında” qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərişıq” ASC-nin abunə haqqında çıxarışdan görünür ki, abunəçi İddiaçı 482 manat dondurulmuş borcu vardır. 01 yanvar 2024-cü il tarixində qüvvəyə minmiş yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan iş üzrə istehlakçının sayğaca müdaxilə, habelə işıq xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən Qanunun göstərilən müddəalarının tələblərinə əməl edilməyərək, tərtib edilmiş akt inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmiş, istehlakçının işığın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən onun şəxsi hesabına borc kimi yazılıraraq tələb edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan abunə kodu **********01230 olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev(bina):0290, mənzil:1230 ünvanına görə hesablanan 482 manat dondurulmuş borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Hazırda iddia tələbinin təmin edilən həcmi 482 manat olduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı istifadəsində olan abunə kodu **********01230 olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev(bina):0290, mənzil:1230 ünvanına görə hesablanan 482 manat dondurulmuş borc silinsin. İddianın verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar