Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1756/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abunə kodu **********03515 olan ünvan 1 ünvana akt əsasında əsassız hesablanmış 900 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1956-cu ildə anadan olub. Abonent kodu öz adınadır. Qeyd edilən ünvana dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə ödəyib. Lakin cavabdeh "xxxx" ASC tərəfindən guya o, yaşadığı evin elektrik sayğacına müdaxilə edib. Deyərək akt tərtib ediblər. Heç bir vaxt sayğaca müdaxilə faktı olmamışdır. Eləcə də onuda qeyd edir ki, hər ay cavabdehin əməkdaşları sayğacına baxış keçirir. Elektrik sayğacında ümumiyyətlə sərfiyyat fərqi belə yoxdur.Necə olur ki sayğaca müdaxilə edilir.Əgər həqiqətən də sayğaca müdaxilə etmişdisə onun iştirakı ilə akt tərtib olunmal, həmçinin sayğac laboratoriya şəraitndə yoxlanılmalı və onun iştirakı təmin olunmalı idi.Lakin onlar ona deməmiş guya sayğaca müdaxilə olub, deyərək ona cərimə yazdılar.Həmçinin akt tərtib olıınan zaman heç olmasa ona də bir nüsxəsi təqdim olunmalı idi. Hesab edir ki, ona hesablanmış borc rnəbləği tamamilə qanunsuzdur.Bunun üçün də məhkəməyə müraciət etmək qərarına gəldi. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ona heç bir xəbəri olmadan cərimə yazılmışdır. Sayğaca müdaxilə edildiyinə görə tərtib edilən akt ona təqdim edilməyib. Hesab edir ki, cavabdeh idarəyə onu çağırıb qanunsuz xətti göstərə bilərdi. Onu da bildirir ki, ayda 30-40 manat ödəniş edir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilb. Baxış zamanı sayğacda problem olduğu müəyyən edilmiş və akt tərtib edilmişdir. Akt əsasında iddiaçıya 876.85 manat cərimə hesablanıb. Hesab edir ki, iddia tələbi əsassızdır. Nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, Sumqayıt şəhəri, H. Z.Tağıyev qəsəbəsi, ev 080, mənzil 3515 saylı mənzildə quraşdırılmış **********03515 saylı abonentin 876.85 manat borcu vardır.
7. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, Sumqayıt şəhəri, H. Z.Tağıyev qəsəbəsi, ev 080, mənzil 3515 saylı mənzilə 876.85 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas 006541 nömrəli, xx.xx.2024cü il tarixli aktdır. 8.İş materiallarında olan 006541 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, H. Z.Tağıyev qəsəbəsi, ev 080, mənzil 3515 saylı mənzildə sayğaca kənar xətt daxil olduğu aşkar edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 080, 3515 saylı mənzildə xx.xx.2024-cü il tarixdə sayğaca baxış keçirilmiş, bununla bağlı 006541 nömrəli, xx.xx.2024cü il tarixli akt tərtib olunmuşdur və həmin akt əsasında iddiaçıya 876.85 manat məbləğində borc hesablanmışdır. İddiaçı hal-hazırda həmin borcun silinməsini xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
12. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir.
14. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
15. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
16. Həmin Qaydaların 8.17-1-ci bəndinə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
17. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
18. İşdə olan 006541 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin aktın tərtib edilməsinə əsas mübahisəli ünvanda sayğac sxemindən kənar xəttin daxil olması halı olmuşdur.
19. Halbuki, cavabdehin əməkdaşları tərtib edilən aktda sayğacdan kənar elektrik xəttinin növü və en kəsiyi barədə qeydlər aparılmamış, aktda həmin xəttin balans mənsubiyyəti barədə məlumatlar qeyd edilməmiş, həmçinin video çəkilişdə sayğacdan kənar elektrik xətti adlandırılan naqilin iddiaçının mənzilinə daxil olması öz təsdiqini tapmamışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir.
21. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
23. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 24.Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində 900 manat borcun silinməsini xahiş etsə də, iş materiallarından görünür ki, iddiaçıya mübahisələndirdiyi akt əsasında 876.85 manat borc hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin həcmdə təmin edilməlidir.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı (abunə kodu: **********03515) elektrik enerjisindən istifadəyə görə hesablanmış 876.85 manat borc silinməlidir. Nəticə hissəsi:
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı (abunə kodu: **********03515) elektrik enerjisindən istifadəyə görə hesablanmış 876,85 (səkkiz yüz yetmiş altı manat səksən beş qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva