Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1767/2024 18.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, əsassız hesablanmış 258,36 manat borcun **********02607 saylı abonent kodundan silinməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Hal-hazırda Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. Qeyd etdiyi ünvana dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Lakin mənzildə 258,36 manat məbləğində köhnə barmek borcu vardır. "xxxx" ASC-yə müraciət etsə də, həmin borcun yalnız məhkəmə qərarı ilə silinməli olduğunu və onların səlahiyyətində oİmadığını bildirmişdirlər. Bunun üçün də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuzdur.
Tərəflərin mövqeləri:
3. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının silinməsini tələb etdiyi borc məbləği 258 manatdır. Həmin borc 2018-ci ilə aiddir, inteqrasiya borcudur. Sözügedən borc köhnə borcdur. Həmin borcun ödənilməsi tələb olunmur. "xxxx" ASC dövrünə aiddir. Yeni smart tipli sayğac quraşdırılmışdır. Ödənişlər həyata keçirilir. Həmin ödənişlərin 50%-i borc məbləğinə çıxılır. Borcun ödənilməsi tələb olunmur, edilən ödənişlər borca çıxıldığı üçün vətəndaş borcun silinməsini istəyir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Abunə haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə 285,36 manat məbləğində inteqrasiya borcu vardır.
Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:
-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə 285,36 manat məbləğində borcu vardır.
11. Məhkəmə hesab edir ki, 285,36 manat məbləğində yaranmış borc "xxxx" MMC dövrünə aid olduğundan, borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olubolmamasının iş materiallarına əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.
12. Məhkəmə hesab edir ki, hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 285 (iki yüz əlli səkkiz) manat, 36 (otuz altı) qəpik borc cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********02607) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir.
Nəticə:
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 2 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 258 (iki yüz əlli səkkiz) manat, 36 (otuz altı) qəpik məbləğində borc **********02607 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva