Məhkəmə qərarları › İş №2(060)-2059/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2059/2025

14.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2059/2025 14.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ona məxsus ünvan 4-nı boşaltmaları, mənzildən çıxarılmaları və ailə üzvləri ilə birlikdə mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2059/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki işin icraatına “Cavabdeh1 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1A, 26 saylı mənzili boşaltması, mənzildən çıxarılması” hissəsində xitam verilməsi qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mkr, ev 1A, mənzil 26, 1995-ci ildə işlədiyi, “Azərboru” İstehsalat Birliyi ilə Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.1995-ci il tarixli 89 №-li protokolu əsasında 5 nəfər ail üzvləri ilə ona ayrılmışdır. Lakin mənzilə köçmək və yaşamaq üçün tam yararsız halda olduğuna görə təmir etdirib sonra mənzilə köçmək qərarına gəlmişdir. Bir neçə gündən sonra təmir üçün mal-material alıb mənzilə gəldikdə əvvəllər tanımadığı adamların mənzildə olduqlarını görüb onlardan kim olduqlarını soruşduqda bildirdilər ki, köçkündürlər və onlar bu mənzildə məskunlaşmışlar. Bundan sonra aidiyyatı orqanlara müraciət edərək mənzilinin qanunsuz olaraq zəbt edildiyini və həmin adamların mənzildən çıxarılmalarını tələb etdi. Dəfələrlə öz mənzilinə gələrək köçkünlərin mənzili boşaltmalarını tələb etsə də, mənzili boşaltmaqdan imtina etmişlər. Beləliklə cavabdehlər onun mənzilində 30 il qeyri-qanuni yaşamış, onun və ailə üzvlərinin mənzil hüquqlarını pozmuşlar. xx.xx.2008-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fonda evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, qəsəbə, kənd XDS-nin İK-si vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş yaşayış sahəsinə verilə bilər. Cavabdehlərin qanunsuz mənzili zəbt etmələri nəticəsində order ala bilməmiş, mənzildə yaşamaq hüququndan məhrum olmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 578 saylı sərəncamı ilə Sumqayıt şəhəri, 11-ci mkr-da yerləşən 1A və 28 saylı yaşayış binaları şəhər İcra Hakimiyyətinin balansına daxil edilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİBnin xx.xx.2024-cü ildə onunla dövlət fondu yaşayış sahəsinə 27 saylı kirayə müqaviləsi bağlanılmışdır. Müqavilənin 1-ci bəndinə görə kirayədar kirayəçiyə Sumqayıt şəhəri, 11-ci mkr, ev 1A, mənzil 26-nın yaşayış sahəsi 48,71 kvadratmetr olan üç otağı müddətsiz (daimi) yaşayış üçün verir. Həmin müqavilədə o və ailə üzvləri X4, X1, X3, X2 mənzil 26ya köçürülməlidirlər. 44 günlük vətən müharibəsi xalqın qələbəsi ilə başa çatmışdır. 30 ildir ki, mənzilində köçkünlər qanunsuz yaşasalar da, artıq onlar öz doğma yurd yuvalarına qayıtmalıdırlar. Onun və ailə üzvlərinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə nəzərdə tutulan hüquqlarımızı pozmuşlar.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, Cavabdeh1 atasıdır. xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Digər cavabdehlər mübahisəli mənzildə yaşayırlar. 1993-cü ildə həmin mənzilə köçmüşdürlər. Köç edən zaman təmirli vəziyyətdə olmamışdır.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 04 dekabr 2018-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 15 noyabr 2024-cü il tarixli, 967 saylı Sərəncamından görünür ki, yaşayış sahəsi 48,71 kvadratmetr olan 3 otaqlı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1a, 26 saylı mənzilin İddiaçı daimi yaşayış üçün verilməsi və həmin mənzilə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır.

9. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi İddiaçı ünvan 4-nın yaşayış sahəsi 48,71 kvadratmetr olan 3 otağını müddətsiz (daimi) yaşayış üçün verməyi öhdəsinə götürmüşdür.

10. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında məcburi köçkün ailəsi məskunlaşdığı üçün 17 sentyabr 1998-ci il tarixli 895 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramına əsasən həmin mənzilin sənədləşdirilməsi və yaşayış yeri üzrə qeydiyyata alınmağı müvəqqəti dayandırılmışdır.

11. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan X7 1993-cü il tarixdən bu ünvanda Qubadlı rayonu, Xudular kənd məcburi köçkünü kimi ailə üzvləri – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ilə birlikdə məskunlaşmışdır.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarı: Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

17. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 15 noyabr 2024-cü il tarixli, 967 saylı Sərəncamı ilə yaşayış sahəsi 48,71 kvadratmetr olan 3 otaqlı ünvan 4 İddiaçı daimi yaşayış üçün verilməsi və həmin mənzilə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1a, 26 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında İddiaçı müddətsiz istifadə üçün verilmişdir. Bu baxımdan mənzil qeyd edilən sənəd üzrə məhz iddiaçının istifadəsinə verilmişdir.

18. Cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişlər, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər Qubadlı rayonundan məcburi köçkün kimi faktiki olaraq mənzili özbaşına tutmaqla 1993-cü il tarixdən etibarən hər hansı hüquqi əsas olmadan orada yaşayırlar. Bu hal iddiaçıya məlum olduqdan sonra onların mənzildə müvəqqəti olaraq qalmasına etiraz etməməsi onların mənzilə münasibətdə hər hansı hüququnun yaranmasına əsas ola bilməz.

19. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, İddiaçı cavabdehlərə qarşı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1a, 26 saylı mənzildən çıxarılma tələbini irəli sürməkdə haqlıdır.

20. Hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur.

21. Beləliklə, müvafiq sosial kirayə müqaviləsi əsasında iddiaçının və onun ailə üzvlərinin mübahisəli mənzili sahibliyində saxlamaq, yaşayış sahəsi kimi istifadə etmək hüquqları vardır. Cavabdehlər isə hər hansı bir qanuni əsas olmadan həmin mənzildə yaşayırlar və həmçinin onlar məhkəməyə mənzilə dair hər hansı hüquqlarının olmasına dair sənəd (sosial kirayə müqaviləsi və s.) təqdim edə bilməmişlər. Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür.

22. İddiaçının mübahisəli mənzilə dair qüvvədə olan sahiblik və istifadə hüquqlarının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsi iddiaçının istifadəsinə və sahibliyinə verilmiş, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin qanuni sahibi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur.

23. Cavabdehlərin məcburi köçkün olmaları ilə əlaqədar həmin mənzildə yaşamalarına dair dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

25. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.

26. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktı qanunsuz elan edilib.

27. Eyni zamanda iddia tələbində iddiaçı özünün və ailə üzvlərinin bu mənzilə köçürülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının ailə üzvlərinin qeyd olunan mənzilə köçürülməsi hissəsi qeyri-müəyyən olmaqla aydın deyildir.

28. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, ailə üzvlərindən yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxslər ayrıca prosessual statusu olan şəxsdir. Bu baxımdan həmin şəxslərin iddiaçı ilə birlikdə bu mənzilə köçürülməsi yalnız o halda mümkün olardı ki, o da iddia ərizəsində iddiaçılar kimi qeyd edilsin və hazırkı iş üzrə iddiaçı ilə birlikdə iddiaçı statusunu alsınlar. Hazırkı vəziyyətdə isə iddiaçı yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli ailə üzvləri adından onların da bu mənzilə köçürülməsini tələb etmək kimi bir hüququ yoxdur.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1A, 26 saylı mənzili boşaldaraq oradan çıxarılmalı və İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1A, 26 saylı mənzilə köçürülməlidir.

Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 Abbas qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1A ünvanında yerləşən 26 saylı mənzil boşaldılaraq oradan çıxarılsınlar. İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1A ünvanında yerləşən 26 saylı mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar