Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1769/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, abonent kodu **********02387 olan Sumqayıt şəhər, Corat bağ massivi 2378/1 saylı fərdi yaşayış evinə dair cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş AKT-a görə 414 manat 72 qəpik, həmçinin xx.xx.2023-cü il tarixli AKT-a görə 777 manat 60 qəpik əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda Sumqayıt şəhəri, 13-cü mkr., ev 50, mənzil 29-da və həmçinin Sumqayıt şəhəri, Corat bağ massivi 2378/1 saylı evlər iddiaçının mülkiyyətindədir. Hər iki evdən iqlimə və şəraitə uyğun olaraq istifadə edir. Qış mövsümündə uşaqların məktəbinin yaxınlığını nəzərə alaraq Sumqayıt şəhəri, 13-cü mkr., ev 52, mənzil 1-də yaşayırlar. Hazırki iddia ərzəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən heç bir səbəb və əsas olmadan iddiaçının faktiki mülkiyyətində olan Sumqayıt şəhər, Corat bağ massivi 2378/1 fərdi yaşayış evinə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş AKT-a əsasən 414 manat 72 qəpik və 30 avqust 2023-cü il tarixində isə tərtib edilmiş AKTa əsasən 777 manat 60 qəpik məbləğində borcun hesablanması ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli həmçinin xx.xx.2023-cü il tarixli AKT-ları, iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixli aktı onunla əsaslandırır ki, guya iddiaçının fərdi yaşayış evindən sayğacdan kənar əlavə xət tutmuşdurlar və iddiaçı həmin akta imza atmaqdan imtina etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli aktını onunla əsaslandırmışdır ki, guya iddiaçı sayğacın hesablama mexanizmini hərəkətə gətirən dili çarxlardan birinin dilləri kəsici alətlə kəsilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh tərəfindən tərtib edilmiş hər iki AKT-dan xəbərsiz olmuşdur. Nəzərə alınsa ki, iddiaçıya məxsus Sumqayıt şəhərində biri çox mərtəbəli bina olmaqla ikincisi isə fərdi yaşayış binası olmaqla və hər iki ev üçün Azəriqaza ödəniş etdiyi halda əlavə xəttin çəkilməsinə və yaxud sayğaca müdaxilə etməyinə ehtiyac yoxdur. Onu da qeyd edir ki, fərdi yaşayış evinin həcmi kiçik və iki otaqdan ibarət olduğu halda iddiaçının əlavə xəttə və sayğaca müdaxilə etməyi absurd bir iddiadır. Onu da qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçı təqdim olunan 2015-2024-cü illər ərzində işlətdiyi qaz sərfıyyatına görə etdiyi ödəniş çıxarışında da göstərir ki, bu illər ərzində demək olar ki, eyni qaydada ödəniş olunmuşdur. Əgər əlavə xətt və yaxud sayğaca müdaxilə olmuş olsaydı onda ödəniş məbləğinin artmasına gətirib çıxardardı. Həmçinin cavabdeh tərəfindən qoyulmuş qaz sayğacı fərdi yaşayış evinin çölündə yerləşdirilmişdir və buna görə də iddiaçı məsuliyyət daşıya bilməz. İddiaçının həmin ünvanda mütamadi yaşamadığı nəzərə alınmalıdır. Aylıq ödənişlər daim iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Odur ki pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək akt əsasında hesablanmış borc əsaslı olduğundan iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacdan kənar xətt aşkar olunmuşdur. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğaca ümumi baxış keçirilən zaman onun hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlardan birinin dişləri kəsici alətlə kəsilmişdir. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmamış,sayğac istismara yararsız hesab edilmişdir. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2018-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün; ASQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 3456 m3 müəyyən olunmuşdur. - Cavabdeh İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2023-cü ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 6480 m3 müəyyən olunmuşdur. - Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, iddiaçının adına qeyd edilmiş sayğac olan fərdi yaşayış evinə kənar xətlə qaz çəkilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus ünvana ayrı-ayrı tarixdə baxış keçirilən zaman xx.xx.2018-ci il tarixində sayğacdankənar xətt aşkar olunmuş, xx.xx.2023-cü ildə isə sayğaca müdaxilə edildiyi qeyd edilmişdir.Bu əsasla xx.xx.2018-ci il tarixli, ******* saylı və xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında iddiaçıya cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkildən və aylıq qaz sərfiyyatları arasındakı kəskin fərqdən görünür ki, iddiaçı tərəfindən sayğacdan kənar qaz xətti çəkilərək istifadə olunmuşdur. Odur ki, Cavabdeh İB əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilən ******* saylı akt əsasında iddiaçıya məxsus abonent hesabına hesablanmış 777 manat 60 qəpik vəsait silinə bilməz. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta münasibətdə məhkəmə bildirir ki, həmin akt əsasında iddiaçının abonent hesabına hesablanmış 414,72 manatın 345,6 manat hissəsi silinməlidir. Qalan 69,12 manat isə iddiaçının qaz sərfiyatı ilə bağlı məbləğdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 345,6 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Corat bağ massivi, 2378/1 saylı evə (Abonent: **********02387) xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 345,6 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Corat bağ massivi, 2378/1 saylı evə (Abonent: **********02387) xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 345,6 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 30 manat Cavabdeh İB-dən alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1769/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1769/2024
09.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver