Məhkəmə qərarları › İş №2(060)-1771/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1771/2024

04.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1771/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2007-ci il yanvar ayı tarixindən 2007-ci ilin iyun ayı tarixinədək hesablanmış 285 manat əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü ildən “Xəzər” bağları, ünvan 1 ünvanında yaşayır. Həmin tarixdən etibarən davamlı olaraq Cavabdeh ASC-yə ödəniş etmişdir. Yalnız 2007-ci ildə yaxın qohumlarının vəfatı ilə əlaqədar olaraq 6 ay müddətində İsmayıllı rayonu, İvanovka kəndində yaşamışdır. Həmin tarixdə ödəniş etməmişdir. Lakin 6 ay sonra mütəmadi olaraq ödəniş etməyə davam etmişdir. 2008-ci ildə həmin əraziyə abonent kodu verilməyə başlanmışdır. Ona abonent kodu veriləndə 285 manat borcu olduğunu bildirmişdirlər. Borcunun əsassız şəkildə bu qədər çox olmağına etiraz etməyinə baxmayaraq abonent kodu 285 manat borcla təqdim olunmuşdur. Həmin tarixdən etibarən 2024-cü ilə qədər abonent kodu üzrə ödənişlərini davam etdirmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2000-ci ildən valideynləri Xəzər bağlarında məskunlaşmışdır. O vaxtlar Azərbaycandan kənarda yaşamışdır. İndi həmin ünvanda iki nəfər yaşayır. Əvvəllər həyat yoldaşı və o yaşayırmışlar. Daha sonra həyat yoldaşı evdən getdiyi üçün anası ilə birlikdə həmin evdə yaşamışdırlar. Metodiki hesablama həyata keçirilmişdir. Abonent kodu atasının evindəki sayğaca məxsus idi, mübahisə olmasın deyə öz adına keçirmişdir. Abonent kodu onun adına keçdikdən sonra borcu olmamışdır. Bir müddət yas mərasimi ilə bağlı İsmayıllı rayonunda yaşamışdırlar. Qeyd olunan borc onun borcu deyildir. Mütəmadi olaraq ödənişlər etmiş və heç bir gecikmə olmamışdır. Abonent kodu 2012-ci ildə adına keçiriləndə 285 manat məbləğində borc var idi. Mütəmadi olaraq aylıq 10 manat məbləğində ödəniş edirdi. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia ərizəsində borcun 2007-ci il tarixinə aid olması qeyd olunsa da, həmin tarixdə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonenti olmamışdır. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən borclar sıfırlanmışdır. Yəni iddiaçı 2007-ci il tarixindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonenti olsaydı, 2011-ci ildə qeyd olunan Fərman əsasında borcu sıfırlanacaqdı. 01 may 2012-ci ildən iddiaçının adına kod açılmışdır. Sayğac üzrə borc yox idi, hətta artıq ödəmələr həyata keçirildiyi üçün borc mənfiyə düşmüşdür. Kod açılan tarixdən 2016-cı il tarixinə qədər yaranan məbləğdir. Abonent kodu açılan zaman 240 kubmetrlə dəymiş ziyan hesablanmaqla açılır. Həmin hesablama sistemdə də öz əksini tapmışdır. Əvvəl ailə tərkibində 4 nəfər olmuşdur. Abonent kodu açılan zaman ailə tərkibi də nəzərə alınmışdır.

Tədqiq olunan sübutlar:

5. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 305,58 manat borcu yaranmışdır.

6. “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2024cü il tarixli, 108 nömrəli arayışından görünür ki, İddiaçı “Xəzər Bağçılıq Cəmiyyəti”nin ərazisində ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun

-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın

-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -3.1 və 3.1.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququna malikdir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

1. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia rədd edilməlidir.

2. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh İddiaçı (abonent kodu:**********000) xx.xx.2012-ci il tarixindən su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmiş və bu barədə 30598826 saylı müqavilə bağlanmışdır.

3. İddiaçı iddia ərizəsində Cavabdeh ASC tərəfindən ona abonent kodu verilərkən 285 manat borc hesablandığını bildirir və həmin borcun silinməsini məhkəmədən xahiş edir. İddiaçının borcun silinməsi üçü əsas gətirdiyi dəlil ondan ibarətdir ki, ona abonent kodu 2008-ci ildə verilmiş, 2007-ci ildə isə 6 ay o yaxın qohumlarının vəfatı ilə əlaqədar İsmayıllı rayonu İvanovka kəndində yaşamışdır.

4. İddiaçının məhkəməyə təqdim etdiyi abonent kartından isə görünür ki, ona istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının həcminin hesablanması və dəyərinin ödənilməsi üçün 2012-ci ilin may ayında abonent kodu açılmışdır və həmin kod açılarkən iddiaçıya 4 nəfər ailə üzvünə görə 240 kub metr dəymiş ziyan olaraq hesablanmışdır.

5. Məhkəmə ilk öncə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sübutlarla iddiaçının 2007-2008-ci illərdə Cavabdeh ASC-nin abonenti olduğu müəyyən olunmur. Həmin dövrlərdə abonent olmadığına görə artıq qeyd edilən ünvanda həmin müddətdə yaşayıb-yaşamaması ilə bağlı dəlili iş üzrə əhəmiyyət kəsb etmir. Baxmayaraq ki, qeyd olunan dəlilə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

6. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

7. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

8. Beləliklə iddiaçı 285 manat məbləğində borcun silinməsini tələb etsə də, həmin borcun qanunsuz hesablanmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

9. İddiaçıya məxsus abonent kartından da görünür ki, ona istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının dəyərinin hesablanması üçün əvvəllər 4 nəfər ailə tərkibinə görə hesabat aparılmış, 01 iyul 2015-ci ildən isə 2 nəfər ailə üzvünə görə hesabat aparılmışdır.

10. Həmin Qaydalara görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

11. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan 285 manat məbləğində borcun 2007-ci il tarixinə aid olunması iddia edilsə də, İddiaçı həmin tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin abonenti olmamışdır. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya hesablanmış borcun silinməsi üçün heç bir əsas yoxdur.

13. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2007-ci il yanvar ayı tarixindən 2007-ci ilin iyun ayı tarixinədək hesablanmış 285 manat əsassız borcun silinməsi barədə iddiası təmin edilməməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2007-ci il yanvar ayı tarixindən 2007-ci ilin iyun ayı tarixinədək hesablanmış 285 manat əsassız borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar