Məhkəmə qərarları › İş №2(060)-1774/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1774/2024

05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1774/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızı, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan ümumi əmlakdan payın naturada ayrılması tələbinə dairiddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 25-də yerləşən 2 otaqlı sahəsi 49.80 kv.m olan 63 saylı mənzilin 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı ərizənin forma və məzmun tələblərinə əməl etməyərək, miras qalmış əmlakdan naturada ayrılmasını tələb etməsinə baxmayaraq cavabdehlə mübahisənin məhkəmədən kənar həllinə dair müraciət ünvanlamamış, həmçinin bunu təsdiq edən dəlilləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iddia tələbində cavabdehlə paylı mülkiyyətdə olan ümumi əmlakdan payının naturada ayrılmasını tələb edir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öz payının naturada ayrılması şərtləri və üsulu barədə təklif ilə cavabdehə bildiriş göndərilməsinə və həmin bildirişin cavabdeh tərəfindən alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı xx.xx.2024-cü il tarixdə **********73 nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı xx.xx.2024-cü il tarixdə **********73 nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar