Məhkəmə qərarları › İş №2(060)-1778/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1778/2023

05.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1778/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli işdən azad olumağı haqqında əmrin əsasının dəyişdirilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndilə (öz xahişi ilə) rəsmiləşdirilməsi, eyni zamanda həmin əsasın əmək müqaviləsinin xitam edilməsi haqqında bildirişin elektron sistemə daxil edilməsi və əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə 5000 manat pul vəsaitinin və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli əmrinin ləğv edilməsi, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndilə (öz xahişi ilə) xitam verilməsi, eyni zamanda əmək müqaviləsinin xitam edilməsi haqqında bildirişin elektron sistemə daxil edilməsi və əmək kitabçasında müvafiq qeydin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə 5064 manat pul vəsaitinin və 50 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixindən cavabdeh olan MMC-də satış təmsilçisi kimi işə başlamışdır. Əmək müqaviləsi bildirişi isə xx.xx.2019-cu il tarixdən sistemə daxil edilmişdir. Bununla belə həmin vaxt onunla əmək müqaviləsi bağlanılmamış, hər hansı müqaviləyə imza atmamışdır. Aralarındakı razılığa əsasən isə vəzifəsi tabeliyində olan marketlərə sifariş götürmək, sifarişin gəlməsinə nəzarət etmək, müştəridə olan pulu müştəridən götürüb firmanın kassasına təhvil vermək olmuşdur. xx.xx.2020-ci il tarixdə guya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsas götürülərək AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə olmayan əmək müqaviləsinə xitam verilmişdir. Halbuki onların aralarında ümumiyyətlə əmək müqaviləsi bağlanmamışdır. "xxxx" MMC sonradan ona qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan vurulmuş ziyana görə 15,312,49 manat məbləğində pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası kimi ona məcburi şəkildə imzalatdıqları “15.312,49 manat pul vəsaitini mən şəxsi ehtiyaclarım üçün istifadə etməyim" barədə yazılı ərizəsini istifadə etmişlər. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6050/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin olunaraq 15.312,49 manat pul vəsaitinin ondan tutulması qərara alınmışdır. Həmin firmada işlədiyi zaman əmək haqqısı xx.xx.2019-cu il tarixdən 185 manat olmuş, sonradan xx.xx.2019-cu il tarixdə əmək haqqısı artırılaraq 400 manat olmuş, xx.xx.2019-cu il tarixdən isə 350 manata salınmışdır. 3 dəfə əmək müqaviləsinə dəyişiklik olsa da, heç birindən məlumatı olmamışdır. xx.xx.2020-ci ilədək həmin əmək haqqı ilə həmin firmada işləmişdir. Əmək haqqısını isə hər dəfəsində bu gün, sabah ödəyəcəklərini bildirmişlər. Bununla belə sonradan bankdan öyrənmişdir ki (digər kartından çıxarış almaq üçün banka yaxınlaşan zaman hansı kartdan çıxarış almaq istədiyini əməkdaşlar soruşduqda həmin kart barəsində məlumatı olmuşdur), işlədiyim zaman ərzində əmək haqqı kartı sifariş olunaraq firmaya təqdim edilməsinə baxmayaraq firma ona əmək haqqı kartını verməmiş, əmək haqqı olaraq toplanmış vəsait firma tərəfindən çıxarılmışdır. Həmin D Firmasının əməkdaşları tərəfindən birbaşa ona təzyiq nəticəsində ərizə yazdırılmış. Şirkətdə 5-6 əməkdaş üzərinə hücum çəkərək qeyd edilən ərizəni yazmayacağı təqdirdə ona xəsarət yeridəcəyi ilə hədələyərək həmin ərizənin yazılmasına nail olmuşlar. Onun firmaya 7000 min manat borcu olmasını etiraf etmiş, həmin borcun da 3500 manat hissəsini ödəmiş, yerdə qalan hissə isə son ayın əmək haqqısı, son haqq hesabı, kartdan adına çıxarılmış, ona təqdir edilməyən pullarla əvəzləşdirmişdir. Sadəcə cavabdeh tərəfindən təzyiq nəticəsində adı çəkilmiş ərizə ona yazdırılmış, o, 15.312,49 manat pulu məcbur qalaraq etiraf etmişdir. Qarşı tərəflə borcları qarşılıqlı əvəzləşdirmək barədə razılığı gəlsələr də, onlar vədlərinə əməl etməmiş, onu məhkəməyə vermişlər. "xxxx" MMC onun adına olan maaş kartını sifariş versə də, tərəfindən həmin kart istifadə olunmamış, ümumiyyətlə ona təqdim edilməmiş, çünki maaş kartı cavabdeh tərəfindən öz mülahizələri istiqamətində istifadə olunmuşdur. İşdən azad olunarkən, eyni zamanda istifadə edilməmiş məzuniyyətə görə son haqq hesab edilməmişdir. Nəticədə cavabdeh firmanın ona əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə ümumilikdə 5000 manatadək borcu yaranmışdır. Həmid D Firmasının səlahiyytli şəxsləri vədlərinə əməl etməmiş, qalan borcu isə əvəzləşdirməmişlər. Nəticədə məhkəmə prosesləri ərəfəsində o Əmək müfəttişliyinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli Sumqayıt Regional Ərazi Şöbəsinin verdiyi cavab məktubundan da görünür ki, firma barəsində əmək haqqı və son haqq hesabı ödəmədiyi üçün protokol tərtib edilərək 1500 manat cərimə edilmişdir. Həmçinin əmək haqqı kartından çıxarışı almaq üçün banka müraciət etmiş, həmin sənəddən də görünür ki, 2664 manat pul əmək haqqı kartından çıxarılmışdır. 2019-cu ilin oktyabr ayından sonra isə ümumiyyətlə əmək haqqı kartına pul vurulmamışdır. Bu məsələ ilə bağlı Binəqədi Rayon Prokurorluğuna müraciət etmiş, iş Abşeron Prokurorluğuna yönləndirilmişdir və hal-hazırda araşdırma davam edir. Eyni zamanda onun işdən azad olunmasının AR-sı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə rəsmiləşdirilməsi hesab edir ki, onun gələcək karyerasına vurulmuş ən ciddi ləkədir. Onun bu maddə ilə işdən azad oluması gələcəkdə heç bir yerdə işlə təmin olumamağına səbəb ola bilər. Hal hazırda işləyir, amma ki, gələcəkdə hansısa bir yerdə işləməyinə mane olan haldır. Nəticədə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" MMC məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi təmin olunmamalıdır. İddiaçı dedikləri həqiqətə uyğun deyildir, belə ki, onunla əmək müqaviləsi bağlanmış, işçi kimi sistemə daxil olunmuşdur. İddiaçıya maaş kartı verilmiş və maaşını almışdır. Ona görə də onun dedikləri həqiqətə uyğun deyil və rədd olunmalıdır. İddiaçı iddia ərizəsində guya ona təzyiq göstərilib işdən oğurluq etdiyinə görə öz ərizəsilə çıxarılmasını barədə xahişi təkzib edir və MMC-yə guya 7000 manat borcu olmasını etiraf etməsini qeyd edir. Qeyd olunanlar həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı MMC-yə məxsus pulun mənimsəməsi müəyyən olunduqda ona təzyiq olunmamış və özü ərizə verib 15315 manat borclu olmasını etiraf etmişdir. Bu fakt həm də onun özünün qeyd edildiyi kimi Binəqədi Rayon Məhkəməsinin məlum qətnaməsi tam təsdiqini tapmışdır. İddia ərizəsində qeyd olunur ki, "xxxx" MMC Ə .Kərimovu işdən azad edərək istifadə etmədiyi məzuniyyət pulunu ona ödəməmişdir. Qeyd olunan halın, yəni iddiaşı İddiaçı məzuniyyət pulunu tələb etməsinin hüquqi əsası yoxdur, çünki işçi ilk dəfə ən azı 1 il əmək fəaliyyəti göstərdiyi halda məzuniyyət hüququ yaranır, sonrakı illərdə isə istədiyi vaxt iş qrafıkinə uyğun olaraq məzuniyyət hüququ əldə edir. Cavabdeh əmək müqaviləsi üzrə yalnız 10 ay işləmiş, ona görə də məzuniyyət hüququ əldə etməmişdir. Bu tələb təmin oluna bilməz. İddiaçı işdən çıxma əsasının dəyişdirilib öz xahişilə işdən çıxma kimi rəsmiləşdirilməsini xahiş edir. İddiaçı özü firmaya məxsus satış pulunun mənimsənilməsini etiraf etmiş və işdən qanuni şəkildə azad olunmuşdur. Belə olan halda onun tələbi əsassızdır və təmin oluna bilməz. İşçi İddiaçı hələ xx.xx.2020-ci ilə qədər işdə oğurluq etdiyini etiraf edib könüllü ərizə verib və işdən azad olunmuşdur. Artıq 3 ildir ki, bununla bağlı məhkəmə baxışları davam edir. Belə olan halda iddia müddəti keçirilib, işə qəbul oluna bilməz. Qeyd olunanlardan görünür ki, İddiaçı iddia tələbləri iddia müddəti keçdiyindən təmin oluna bilməz. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, xx.xx.2019-cü il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdə guya əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi əsas götürülərək əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, cavabdeh ilə aralarında heç bir əmək müqaviləsi bağlanmamışdır. İşlədiyi dövr ərzində əmək haqqı 185-400 manat aralığında dəyişmişdir. İşlədiyi dövr ərzində adıına kart açılsa da kart ona verilməmiş və kartından pul çıxarılmışdır. Cavabdeh nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxışının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, iddiaçı "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən satış təmsilçisi vəzifəsində çalışmışdır. Audit yoxlamaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı işlədiyi müddət ərzində marketlərdən aldığı pul vəsaitini MMC-nin kassasına təhvil verməmiş, nəticədə MMC-yə 16000 manatdan çox ziyan vurmuşdur. İddiaçı ilə razılaşdırılaraq ona son haqq-hesab olaraq ödəniləcək 981 manat pul borcundan çıxılmış və 15.312,49 manat borcu qalmışdır. İddiaçı pulu qaytaracağına söz versə də bugünədək sözünə əməl etməmişdir. Tərəflər arasında olan məhkəmə mübahisəsi zamanı da onun cavabdehə vurduğu ziyan məhkəmə qətnaməsilə müəyyən edilmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Firmasının xx.xx.2020-ci il tarixli, 03 №-li əmrindən görünür ki, anbarın ekspeditoru İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsi və işçi ilə əmək qanunvericiliyinə uyğun olaraq son haqq-hesabın aparılması əmr edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2020-ci il tarixli, 03 №-li əmr əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. - e-sosialdan çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin müddəti xx.xx.2019-cu ildən qüvvədən düşmüşdür. Vəzifəsi satış təmsilçisi, aylıq əmək haqqı 185 manat olmuşdur. - e-sosialdan çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin müddəti xx.xx.2019-cu ildən qüvvədən düşmüşdür. Vəzifəsi satış təmsilçisi, aylıq əmək haqqı 400 manat olmuşdur. - e-sosialdan çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin müddəti xx.xx.2020-ci ildən qüvvədən düşmüşdür. Vəzifəsi satış təmsilçisi, aylıq əmək haqqı 350 manat olmuşdur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdehin nümayəndəsi iştirak etməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Sumqayıt regional ərazi şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" firmasının Abşeron Xızı regional şöbəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli rəsmi məlumatına və təsdiqedici sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı işə qəbul olunmağı ilə bağlı firmanın direktoruna (işəgötürən) etdiyi xx.xx.2019-cu il tarixli rəsmi müraciətinə əsasən firmanın işəgötürəni ilə 08.04 2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanaraq firmaya satış təmsilçisi işinə qəbul edilmiş və bu tarixdən də işə başlamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 03 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “c” bəndində göstərilən halda təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) “Həmıd-D” firmasının işəgötürəni tərəfindən xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. Eyni zamanda bildirilmişdir ki, əmək müqaviləsinə xitam venlərkən işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbi pozularaq işdən çıxdığı sonuncu iş günü son-haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilmədiyi üçün Şöbə tərəfindən işəgötürən barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı inzibatı xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı son haqq hesabının hesablanıb ödənilməsinin təmin edilməsi üçün Şöbə tərəfindən "xxxx" firmasının rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********9 saylı göstəriş xarakterli məktub ünvanlanmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5205/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(001)-6050/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(001)- 6050/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı 15.312,49 manat (on beş min üç yüz on iki manat qırx doqquz qəpik) məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. - Həmin qətnamədən görünür ki, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək müddəti müqavilə ilə "xxxx" firmasında satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. xx.xx.2020-ci il tarixli 03 saylı əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, marketlərdən aldığı məbləği kassaya təhvil verməməklə MMC-yə 15.312,49 manat ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı xx.xx.2020-ci il tarixədək tam olaraq qaytarmağı öz öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək müddəti müqavilə ilə "xxxx" firmasında satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. xx.xx.2020-ci il tarixli 03 saylı əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən verilmiş marketlərdən aldığı məbləği kassaya təhvil verməməklə MMC-yə 15.312,49 manat ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı xx.xx.2020-ci il tarixədək tam olaraq qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu faktlar həm də məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizəyə etiraz edərək iddia müddəti ötürüldüyündən tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqdaişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Bu maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi və uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın əmrin ləğvi və pul ödənilməsi hissələri qanunvericilikdə bu növ tələblərin irəli sürülməsi üçün müəyyən edilmiş iddia müddəti keçdiyindən təmin olunmamalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, eləcə də işin faktiki hallarından və sübutlardan görünür ki, iddiaçı sözügedən tələblər üzrə Əmək Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətləri ötürmüşdür. Məhkəmə, iddiaçının məhkəmədə baxılan digər işdə son haqq məsələsinə münasibət bildirəcəyini düşündüyündən iddia müddətini üzrlü ötürməsi dəlili ilə razılaşmır. Belə ki, göstərilən səbəb həmin prosessual müddətin keçməsinin üzrlü hesab edilməsinə əsas vermir. Məhkəmə hesab edir ki, iddianın əmək müqaviləsinə başqa əsasla xitam verilərək bu barədə bildirişin elektron sistemə daxil olunması tələbi öz-özlüyündə əsassızlığına görə təmin edilməməlidir. Belə ki, əmək müqaviləsinə bir əsasla xitam veriləcəyi təqdirdə müvafiq bildiriş başqa əsas göstərilərək aidiyyəti elektron sistemə daxil edilə bilməz. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi mövcud qüvvədə olan əmrdə dəyişdirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək kitabçasında müvafiq dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar